TANAP və TAP Rusiyanı niyə narahat edir? - İTİRƏCƏK

Natiq Cəfərli: "TANAP və TAP layihələri təqribən 35 milyard kub/metr həcmə malikdir. Layihəyə İsrail, İran, İraq qazının qoşulması ehtimalları müzakirə olunur. Bu da Rusiya üçün ciddi təhlükəyə çevrilə bilər”

"Rusiya keçmiş Nabukko layihəsinə də ciddi təzyiqlər göstərirdi və sonda istəyinə nail oldu". 

Bunu Sherg.az-a Rusiyanın TAP və TANAP layihələrinin reallaşdırılmasına maneə törətməsinin səbəblərini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, Rusiyanın qısqanclığına baxmayaraq, yeni layihə TAP Azərbaycanın ciddi səyləri nəticəsində reallaşmağa başlayıb:

"Artıq işin böyük hissəsi görülüb. Rusiyanın narahat edən odur ki, Avropa qaz bazarında hegemon dövlətlərdən biridir. Avropanın 30-35 faiz qazla təminatı Rusiyanın üzərindədir. Bununla Rusiya büdcəsinin 30 faizə yaxın gəlirini məhz qazdan gələn valyuta təşkil edir. Ona görə də bazarda alternativ mənbələrin olması Rusiyanı həmişə narahat edir. Azərbaycanın həyata keçirdiyi müxtəlif enerji layihələrinə həmişə qısqanclıqla yanaşır. TAP layihəsinə qarşı da bu qısqanclığı nümayiş etdirir və həcmlərlə bağlı müxtəlif rəqəmlər göstərir. Rusiyanı narahat edən yalnız Azərbaycan qazı deyil. Azərbaycan çox az miqdarda, cəmi 10 milyard kub/metr Avropaya qaz çıxaracaq, amma TANAP və TAP layihələri təqribən 35 milyard kub/metr həcmə malikdir. Gələcəkdə bu layihəyə İsrail, İran, İraq qazının qoşulması ehtimalları müzakirə olunur və bununla bağlı ciddi danışıqlar aparılır. Bu zaman artıq həmin layihə Rusiya üçün ciddi təhlükəyə çevrilə bilər”.

Gələcəkdə bu layihə sayəsində Cənubi Avropa ölkələrinə, Yunanıstana, Albaniyaya və s. qaz verilə biləcəyini diqqətə çatdıran ekspertin sözlərinə görə, bu da Rusiyanın marağına toxuna biləcək məqamdır:

"Layihə Rusiyanın həmin ölkələrdə gələcək planlarına mane ola bilər. Ona görə, Rusiya maneə yaradır. Amma hələlik müxtəlif ölkələrdə xırda anlaşmazlıqlar olsa da ciddi problemlər yoxdur. Məsələn, Albaniya və İtaliyada ekologiya bəhanəsi ilə bu layihələrə etiraz olunurdu. Amma dərindən araşdırıldıqda həmin etirazların arxasında Rusiya kapitalının durduğunu görə bilərik. Bütün bunlara baxmayaraq layihələr reallaşdırılmaq üzrədir və yaxın 2 ildə TANAP və TAP layihəsi Avropanın qazla təminatında rol oynamağa başlayacaq. Həcmi kiçik olsa da Rusiya bazarı həmin bölgədə Rusiyanın maraqlarına və qazın satılmasına maneçilik törətməyə başlayacaq.

Bu nöqteyi-nəzərdən düşünürəm ki, Rusiya bundan sonra da maneələr yaratmağa çalışacaq”.

Aysel Aslan