Tanışlıq saytları, yoxsa qadın alverçiləri... ? ! - Porno yuvalar

Ələsgər Məmmədli: "Həmin saytlarda əxlaqsız hərəkətlərin təşviqi, qadın alveri, düzgün olmayan əməllər varsa, bu, hüquq-mühafizə orqanlarının da diqqətini çəkə bilər"
"Ayrı-ayrı şəxslər "Chat"lar yaradıb onu reklam edirsə, bu, o demək deyil ki, həmin tanışlıq saytları "əxlaqsızlıq yuvası" adlandırılmalıdır".
 
Bunu "Sherg.az”a cəmiyyətdə və sosial şəbəkələrdə gənclər tərəfindən yaradılan tanışlıq saytlarının əxlaqsızlıq yuvası” adlandırılmasına münasibət bildirərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 
O bildirib ki, nəzarət mexanizmini təmin etmək üçün vətəndaşları şikayətlərini hüquq-mühafizə orqanlarına bildirməlidir:
"Bunu müvafiq dövlət orqanları araşdırmalı, hüquq-mühafizə orqanları ittihamları dəqiqləşdirməlidir. Bütün bunlar olmadan hansısa kateqoriyada gəncləri günahlandırmaq olmaz. Həmin saytlarda əxlaqsız hərəkətlərin təşviqi, qadın alveri, düzgün olmayan əməllər varsa, bu hüquq-mühafizə orqanlarının da diqqətini çəkə bilər. Həmin resursları yaradanlar, qanunsuz fəaliyyətlə məşğul olanlar müəyyən oluna bilər. Hüquqi müstəvidə qiymət verilmədən həmin internet resurslarını "əxlaqsızlıq yuvası” adlandıra bilmərik”.
Ə.Məmmədli deyib, vətəndaşlar bu "Chat"ların fəaliyyətindən narazıdırsa, şikayət etməlidir:
"Çünki ola bilər, bu ittihamlar zərər görən tərəfin, yaxud başqasının mənafeyinə xidmət edən formada yayılsın. Ona görə, konkret bu cür faktlar varsa, vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edə bilər və bunun üzərində araşdırılma aparılar.
Eyni zamanda media bu məsələni araşdırır, dərc olunan, mətbuatda yayılan informasiyalar ictimai rəydə fərqli fikirlər yaradırsa, hüquq-mühafizə orqanları üçün başlanğıc olar. Bu problem narahatlıq yaradırsa və içərisində cinayət məsuliyyətinə oxşar hadisə varsa, o zaman prokurorluq da problemi araşdıra bilər”.
Aysel Aslan