TAP-ın reallaşdırılması ilə bağlı problemlər yaranıb, lakin..."

Vüqar Bayramov: "Layihənin gerçəkləşməsinə qarşı olan qüvvələr heç də Avropa Birliyi deyil"


"Cənub Qaz Dəhlizi və TAP layihələri yalnız Azərbaycan üçün deyil, eyni zamanda Avropa birliyi üçün də əhəmiyyətli hadisədir”.

Bunu Sherg.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, bu layihələr Avropanın enerji təchizatının gücləndirilməsi baxımından vacibdir:

"Hazırda Avropanın enerji təchizatı demək olar ki, bir şirkətdən asılıdır. Bu baxımdan Avropa üçün də Cəbub Qaz Dəhlizi və TAP əhəmiyyətli layihələrdir. TAP layihəsinin reallaşdırılması ilə bağlı problemlər yaranıb. Lakin layihənin reallaşmasına qarşı olan qüvvələr heç də Avropa Birliyi deyil. Ölkə başçısı İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi ilə bağlı tədbirdə də qeyd etdi ki, bu gün Avropada bir sıra qüvvələr böyük maliyyə dəstəyi alırlar. Həmin qüvvələr praktik olaraq TAP-ın ekoloji problemlər adı ilə reallaşmasına qarşıdırlar. Bu baxımdan təbii ki, nəticə etibarilə birmənalı şəkildə reallaşmasında müəyyən problemlər yaransa da, kəskin yavaşlamalar yoxdur. Layihənin təxminən 40 faizə yaxını həyata keçirilib. Bu da əsas plana nisbətən yaxşıdır.

Bu gün də TAP və Cənub Qaz Dəhlizi layihələri Avropa üçün çox aktualdır. Avropanın enerji təhlükəsizliyinin formalaşmasında növbəti dövrdə birmənalı şəkildə TAP əsas layihələrdən biri kimi çıxış edəcək”.

Qeyd edək ki, Avropa İttifaqının (Aİ) vitse-prezidenti Maroş Şevçoviç 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılışına videomüraciətində bildirib ki, biz 2020-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropanın Azərbaycan qazını alacağını gözləyirik. M. Şevçoviç onu da əlavə edib ki, Cənub Qaz Dəhlizi gələcəkdə Orta Asiyanın qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynaya bilər: "Bizim birgə görülə biləcək işlərimiz hələ çoxdur. Ekologiya və iqlim məsələləri ilə bağlı xeyli işlər görə bilərik. Enerji mənbələrinin artırılması istehlakçılarının mənafelərinə xidmət edir. Təmiz enerji keçidi iqtisadi artım, iş yerlərinin artırılması üçün önəmlidir".

M. Şevçoviç sonda 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinə uğurlar arzulayıb.

Ayyət Əhməd