Tarix müəllimi kənd-kənd gəzib kitab paylayır

-Bunun nə dərəcədə effektli olduğunu öyrənmək üçün bir müddət müşahidə etmək və nəticəyə baxmaq lazımdır...
Təhsil eksperti isə deyir ki, belə kitaba sevgi yaranmaz, olsa-olsa ötəri maraq yaranar

Lənkəranın Gəgirən kəndində tarix müəllimi işləyən 26 yaşlı Həbib Əlizadə maraqlı davranışı ilə sosial şəbəkə izləyicilərini cəlb edə bilib. Bir neçə ay öncə Həbib Əlizadənin rep musiqisi ilə tarix dərsi keçməsinin video görüntüləri yayılmışdı. Bu dəfə isə gənc müəllim velosipedlə kəndbəkənd gəzərək məktəblilərə test kitabçaları paylayır.

Və bunu məktəblilər tədris ili ərzində keçdikləri dərsləri yay tətili boyunca təkrarlasınlar deyə etdiyini bildirir. Həbib müəllim artıq 6 kənddə olub. Tarix müəllimi başqa rayonlardakı müəllimləri və gəncləri də kitab veloturuna qatılmağa çağırır.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında təlim üsullarının müxtəlif olduğunu dedi:

- Təlim üsulları arasında əyləndirmək də var. Bəzən müəllimlər bu üsuldan da istifadə edirlər. Bəzi mütəxəssislər belə düşünür ki, əyləndirərək öyrətmək uşağın dərsi qavramasına müsbət təsir edir. Bunun da əsasında psixoloji faktorlar dayanır. Ciddiyyət azaldığı üçün uşaqlar özlərini daha sərbəst hiss edir, heç bir basqı duymurlar və belədə beyin daha rahat çalışır, keçilən dərs də asan qavranılır. Müasir tədrisdə təlim üsulları müxtəlifdir. Hər bir üsuldan istifadə etmək olar, ancaq peşəkarlıqla. Gərək müəllim tədris prosesini elə formalaşdırsın ki, dərs lağ-lağıya, gülüş obyektinə çevrilməsin. Məsələn, bundan əvvəl mən bir dəfə sosial şəbəkədə ingilis dili tədris edən bir müəllimin dərs prosesini izləmişəm. Müəllim elə sözlər işlədirdi ki, uşaqlar onun nə dediyini anlamırdılar. Belə təəssürat yaranırdı ki, bu müəllim sadəcə, özünü nümayiş etdirmək, izləyici toplamaq məqsədi daşıyır. Hər şey nəticəyə bağlıdır. Ola bilər ki, 26 yaşlı tarix müəllimi şagirdlərdə dərsə maraq oyatmaq istəyib və belə bir üsul seçib. Bunun nə dərəcədə effektli olduğunu öyrənmək üçün bir müddət müşahidə etmək və nəticəyə baxmaq lazımdır.

Gənc müəllimin kəndbəkənd gəzib kitab paylamasına gəlincə, N.Qulamoğlu bunun müsbət addım olduğunu bildirdi:

- Əlbəttə, uşaqlara kitab, test kitabçaları paylamaq yaxşıdır. Mən Lerikdə müəllim işləyəndə məktəb kitabxanasının müdiri də eyni işi görürdü. Kitabxana müdirinin bir ayağı kəsilmişdi. Heybəsini kitabla doldurur, tək ayağıyla yaxın kəndlərə gedir və uşaqlara kitab paylayırdı. Belə fədakar təhsil, mədəniyyət işçilərimiz olub.

Lakin N.Qulamoğlu kitab paylamaqla kitaba sevgi, maraq yaranacağını düşünmür və hesab edir ki, olsa-olsa, ötəri maraq yaranacaq:

- Bu məsələyə kompleks yanaşılmalıdır. Müəllimin uşaqlara kitab paylamasıyla iş bitmir. Birincisi, hər bir müəllim şəxsi nümunə olmalıdır. Uşaq evdə də kitaba maraq olduğunu görməlidir. Biz həmişə demişik ki, tədrisdə 3 halqa - ailə-məktəb-cəmiyyət biri-biri ilə sıx bağlıdır. Bunların 3-ü də bir təbilə vursalar, o zaman biz təhsildə müsbət irəliləyişlərə nail olacağıq. Ailələrdə kitaba, oxumağa həvəs olmalıdır və uşaqlar valideynləri tərəfindən həvəsləndirilməlidir. Məktəbdə də eyni vəziyyət olmalıdır, cəmiyyətdə də. Ancaq indi ailələr kitaba pul vermir. Məktəblərdə vəziyyət acınacaqlıdır, cəmiyyətdə isə lap bərbaddır.

Məlahət Rzayeva