Tarixçi alim də deputata etiraz etdi: "Tarixi yaxşı bilən şəxs bunu deməz ! "

Dilavər Əzimli: "Ümumi götürdükdə hazırkı Rusiya mədəniyyəti türk mədəniyyətinin təsiri altında böyüyüb"


"Əslində ruslar türk mədəniyyətinə borclu olmalıdırlar ki, bizim mədəniyyətin hesabına adam olublar”.

Bu barədə "Sherg.az”a millət vəkili Fazil Mustafanın Rusiyada "Moskva-Bakı oxu” konfransında çıxışı zamanı "Biz həm də slavyan mədəniyyətinin daşıyıcılarıyıq” ifadəsinə münasibət bildirərkən tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli bildirib.  

O qeyd edib ki, Rus dövlətinin yaradıcıları norman tayfalarıdır:

"Bu tayfaların yaratdığı dövlət sonradan rus dövləti adlandırılır. Slavyanların ümumiyyətlə, tarixi kökləri türklərə bağlanır. Onların kültürü birbaşa türk kültürü əsasında qurulub. Ola bilər, hansısa slavyan elementləri türk mədəniyyətinə keçə bilər. Amma qlobal səviyyədə slavyan mədəniyyətinin türklərə təsir etməsindən söhbət gedə bilməz.

 Heç slavyan dövlətləri Rusiyanı o qədər də sevmirlər. Çünki rusları slavyan kimi qəbul etmirlər. Rusların türk mədəniyyətindən təsirləndiyini sübut edən şifahi xalq ədəbiyyatı və s. –dir. Rus mədəniyyəti türk kültürünün altında olan mədəniyyətdir. Türk mədəniyyətini slavyan mədəniyyətinə bağlı olması absurddur. Tarixi yaxşı bilən şəxs bunu deməz. İlk öncə düşünmək lazımdır ki, slavyanlar bu ərazilərə sonradan gəlib.

Tarixə nəzər salsaq, Xəzər, Bulqar imperiyaları bu ərazilərdə hökmranlıq edib. Hətta Kiyev dövlətini qədim türklər qurublar. Sonradan normanlar gəlib, sahib çıxıblar. Slavyanların bura dəxili yoxdur.

Ümumi götürdükdə hazırkı Rusiya mədəniyyəti türk mədəniyyətinin təsiri altında böyüyüb. Bütün bunlar tarixi faktdır”.

Qeyd edək ki, F.Mustafanın məlum fikirləri xalq şairi Sabir Rüstəmxanlı və tarixçi alim Kərəm Məmmədovun etirazına səbəb olub. K.Məmmədov F.Mustafanı faktla danışmağa çağırıb.

Aysel Aslan