Tarixçi-alim iranlı azarkeşlərə etiraz etdi

"Biz fanatların bu cür şüarlarını pisləyir, onlara tarixdən nəticə çıxarmağı tövsiyə edirik"



İranın Tehran şəhərində keçirilən futbol çempionatında "İstiqlal” və "Piruzi” komandalarının tərəfdarları "ölüm olsun türkə” şüarı qışqırıblar. Şüarlar İran televiziyasında da yayılıb. Məlumata görə, Tehran komandalarının görüşlərində belə faktlara tez-tez rast gəlinir. Futbol Federasiyasının İnzibati Komitəsi isə paytaxt komandalarını, fars tərəfdarları irqçi hərəkətlərinə görə cəzalandırmır.

Məsələyə sərt reaksiya verənlərdən bir də tarixçi-alim Dilavər Əzimli olub. Alim deyib ki, fars-molla rejimi özünün irqçi siyasətinə sadiq qalaraq mənəviyyata sığmayan hərəkətlərə yol verir. Tarixçinin fikrincə, bu cür şüarlar fars rejiminin sifarişidir: "Fars rejimi "Haray, haray, mən türkəm” hayqırtısından qorxuya düşürlər. Oturduqları kreslolar silkələnir. 

Məhz bu şüarın qabağında deyingən arvadlar kimi "Ölüm olsun türkə” qışqırırlar. Farslar düşünməlidir ki, 35 milyondan artıq bir millətin səsini boğmaq olmaz. Onlara dil azadlığı verməlidir. İranın konstitusiyasında bu haqlar əks olunub. İslam dinindən istifadə etdiyini iddia edən rejim dinin qaydalarına əməl etmir. Daha doğrusu, dindən ancaq öz məqsədləri üçün faydalanırlar. İslam dinində bütün xalqların haqları müdafiə olunur.

 Fars rejiminə məsləhət görərdik ki, özünün keçdiyi tarixə nəzər salsın. Əslində, bu gün farslar öz dillərinin qorunub saxlanmasında birbaşa türklərə minnətdar olmalıdırlar. Çünki onların dili də, mədəniyyyəti də türk imperiyaları dövründə təşəkkül tapıb. Fars dilinin qorunub saxlanması türklərin sayəsində olub. 

Əminik ki, mütərəqqi fars nümayəndələri molla rejiminin bu addımlarını bölüşmürlər. Biz fanatların bu cür şüarlarını pisləyir, onlara tarixdən nəticə çıxarmağı tövsiyə edirik. İran adlı məmləkətin son 1500 illik idarəçiliyini türklər yönədib. Bu idarəçilikdə qurdla-qoyun yanaşı yaşayıb, hamı azad nəfəs alıb”.

İsmayıl