Tarixçi-alim “Şərq”də gördüklərindən heyrətləndi: "Gərək hamımız bu işə kömək edək" - Foto

"Şərq” qəzetinin nəzdində yaradılmış Mətbuat Muzeyinin budəfəki qonağı AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi oldu. Günün axşam saatlarında redaksiyamıza təşrif buyuran tanınmış tarixçi-alimi girişdə qəzetimizin baş redaktoru Akif Aşırlı məmnunluqla qarşıladı. Baş redaktor ilk olaraq muzeyin ərsəyə gəlməsi haqda hörmətli tarixçiyə qısa məlumat verib. Muzeyin yaranması ideyasından danışan A.Aşırlı bildirib ki, burada Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən eksponatlar toplanıb: "Şərq” qəzetinin nəzdində yaratdığımız Mətbuat Muzeyi 6 otaqdan ibarətdir. Burada əksər qəzetlərin nümunələri var. Bəziləri orijinaldır. O cümlədən ayrı-ayrı tanınmış jurnalistlərə aid sənədlər, əşyalar da Muzeydə sərgilənir”. Daha sonra baş redaktor vaxt itirmədən muzeyin tarixi eksponatlarını Solmaz xanıma təqdim etməyə başladı. Baş redaktor qonağı ilk olaraq girişdəki Həsən bəy Zərdabi güşəsi ilə tanış etdi. Nadir mətbuat eksponatlarının təqdimatı zamanı mətbuat üzrə araşdırmaçı olan Akif Aşırlı ilə Solmaz Tohidi arasında maraqlı dialoqlar da yaşandı.
Solmaz Tohidi: "Evdə mətbuat dövrünə aid xüsusi kitabxanam var. Dedim əvvəlcə, baxım görüm, nəyiniz var, nəyiniz yoxdur, sonra çatışmayanları sizə verəcəm. Çox dəyərli materialları vermişəm, vallah heç bilmirəm kimə vermişəm”.
Akif Aşırlı: "Sizdə olanları muzeyimizə hədiyyə etsəniz çox yaxşı olar. Bura çoxlu ziyarətçilər, xüsusən jurnalistika fakültəsinin tələbələri gəlirlər. Onlar burada olan xeyli vəsaitdən yararlanırlar”.
Solmaz Tohidi: "Bilirsiz, hamı evində olan mətbuatla bağlı qəzetləri və ya digər əşyaları muzeyə verməlidir. Çünki muzey kiminsə şəxsi istifadəsi üçün deyil, bütün ziyarətçilərindir”.
Muzeyin bütün otaqlarını gəzən tarixçi-alim Solmaz Tohidi sonda öz təəssüratlarını da bölüşüb və belə gözəl təşəbbüsdən dolayı minnətdarlığını bildirib: 
"Mətbaut tariximiz çox geniş dövrü əhatə edir. Ona görə də belə bir muzeyə böyük ehtiyac var idi. Ümumiyyətlə, Azərbaycan fərqli tarixə malik ölkədir. Çünki burada ictimai və siyasi fikrimiz ayrıca ədəbiyyatda yox, ümumi mətbuatda ortalığa çıxır. Yəni mətbuatımızın tarixi sadəcə mətbuatla deyil, bütövlükdə Azərbaycan tarixşünaslığı ilə bağlıdır. Bu baxımdan Akif müəllimin şəxsi təşəbbüsü son dərəcə qiymətlidir. Gərək hamımız bu işdə ona kömək edək, şərait yaradaq. Təəssüf ki, hadisələr elə gətirir ki, böyük işlər sistemli şəkildə yox, hər kəsin şəxsi təşəbbüsü sayəsində ortaya çıxır.
Akif müəllimin təşəbbüsü göstərir ki, Azərbaycan tarixini həmişə ayrı-ayrı şəxslər yaradıblar, saxlayıblar, inkişaf etdiriblər və gələcək nəsillərə çatdırıblar. Çox böyük və zəhmət tələb edən işdir. Sadəcə bir adamın bunu etməsi onun öz işinə məhəbbətindən, Vətən eşqindən, peşəsinə son dərəcə ciddi münasibətindən irəli gəlir”.
Tarixçi-alim gördüklərindən heyrətləndiyini də etiraf edib: "Yaxşı mənada heyrətləndim və sarsıldım. Sözün açığı, mənə deyirdilər, amma bu cür təsəvvür etmirdim. Siz əməlli-başlı muzey yaratmısınız. İndi hər kəsin borcudur ki, bacardığı qədər bu muzeyə köməklik göstərsin. Burada söhbət təkcə mətbuatdan deyil, Azərbaycan tarixinin səhifələrində əks olunan mətbuatdan gedir. Bir var mətbuatın tarixi, bir də var tarixin mətbuat səhifələrində əks olunması. Bu, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin mətbuatda əksi deməkdir və çox mühüm işdir”.
Professor Solmaz Tohidi ilk dəfə ziyarət etdiyi Mətbuat Muzeyinə əliboş gəlməmişdi.
Professor özü ilə dəyərli kitabları baş redaktorumuza təqdim etdi və növbəti hədiyyələrinin olacağını söylədi. Solmaz xanımın muzeyə ərməğan etdiyi mühüm nəşrlər içində Qulam Məmmədlinin "Ömür dəftərindən səhifələr”, Əlimərdan bəy Topçubaşovun "İstanbulda diplomatik nəşrlər” (1918-1919), Nəsib Göyüşovun "Kəşkül” kitabı və özünün müəllifi olduğu "Cümhuriyyətin "Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” adlı əsəri də var idi. Akif Aşırlı da hədiyyə ilə ziyarətə gələn Solmaz xanımı boş göndərmədi və mətbuat tarixi ilə bağlı yazdığı kitabları tarixçi-alimə təqdim etdi.
İsmayıl