Tarixi layihənin təməli qoyuldu

Prezident İlham Əliyev: “Bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır”
Prezident İlham Əliyev martın 17-də Türkiyə Respublikasının Qars şəhərinə işgüzar səfərə gəlib. Əvvəlcə Prezident Qarsda Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər. Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri geniş nitqlə çıxış ediblər.
Martın 17-də Qars vilayətində Transanadolu qaz kəməri (TANAP) layihəsinin rəsmi təməlqoyma mərasimi keçirilib. Trend-in "TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.
Dövlət başçıları layihənin təməlinin qoyulması ilə əlaqədar rəmzi düyməni basıblar.
Qeyd edək ki, TANAP layihəsi qazın Azərbaycanın "Şahdəniz” yatağından Gürcüstan-Türkiyə sərhədi ilə Türkiyənin qərb sərhədlərinədək tədarükünü nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılışının ildə 16 milyard kubmetr təşkil edəcəyi gözlənilir. Təqribən 6 milyard kubmetr Türkiyəyə, qalanı isə Avropaya tədarük ediləcək. Qaz Türkiyəyə 2018-ci ildə çatacaq, Transanadolu qaz kəmərinin tikintisindən sonra qaz təxminən 2020-ci ilin əvvəlində Avropaya tədarük olunacaq. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev "Qardaş Türkiyədə olmağımdan məmnunam. Bu ilin əvvəlində Türkiyədə dövlət səfərində idim. Gələn ayın 24-də isə Çanaqqala zəfərini qeyd edəcəyik” söyləyib.
Prezident deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: "Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək”.
Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: "Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir”.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: "Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, "Şahdəniz” qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında, axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq”.
APA-nın məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, Türkiyənin şərq sərhədindən başlayıb, qərb sərhədlərini keçməklə, Avropaya qaz daşıyacaq TANAP layihəsi sülh və əmin-amanlıq da daşıyacaq.
Onun sözlərinə görə, dünyada neft-qaz layihələrinin çoxu müharibə, münaqişələrlə xatırlanır: "Biz TANAP layihəsinin barışla, sülhlə anılacağına ümid edirik. Biz heç zaman başqasının problemləri üzərində rifah qurmağı düşünməmişik. Bu layihə ilə dünyaya yeni yanaşma nümayiş etdirə biləcəyimizi düşünürük. Layihənin hər zaman tədarükçüsü, tranzit ölkə və istehlakçısı olur. Burada Azərbaycan tədarükçü rolunda çıxış edir. Gürcüstanla Türkiyə isə həm tranzit, həm də istehlakçı ölkələrdir. Avropa da istehlakçı olacaq”.
Türkiyənin son bir neçə ildə əldə etdiyi uğurlardan danışan prezident Ərdoğan ölkəsinin enerji paylanması mərkəzinə çevrilməsinin planlaşdırıldığını qeyd edib: "Bizim digər təbii qaz-neft layihələrimiz davam edir, TANAP bunların içərisində fərqli əhəmiyyətə malikdir. TANAP-a alternativ layihə yoxdur. Cənub Qaz Dəhlizinin bütün mərhələlərini həyata keçirdikdən sonra Avropa ilə Xəzər dənizi arasında vacib bağlantı formalaşdıracağıq. Buna bütün Asiya regionunun ehtiyacı var”.
Georgi Marqvelaşvili isə deyib ki, Gürcüstan tranzit ölkə olaraq məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək: "TANAP-ın təməlqoyma mərasimi bizim üçün çox önəmlidir. Bu gün biz ölkələrimizin gələcək rifahı baxımından önəmli addım atırıq. Enerji məsələsindən başqa ölkələr bəzən təhdid kimi istifadə edir. Biz bu sahədə üzərimizə düşən işi həyata keçirəcəyik. Layihənin turizmə və ticarətə müsbət təsirləri olacaq. Problemlər ola bilər, amma bu xətt açılacaq. Çindən və Asiyadan malların gəlişi artır, bunun üçün daha böyük logistik infrastruktura ehtiyac var. Bu səbəbdən üç ölkənin əməkdaşlıq önəmlidir. Biz ortaqlıqlarımızı artırmalıyıq. Enerji potensiallarımızı sonuna kimi istifadə etməliyik”.