Teatrlarımız yaşayacaq
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Hər bir xalqın mədəniyyətinin inkişafında, tərəqqisində teatrların rolu danılmazdır. Ədəbiyyatla sıx bağlılığı olan teatr sənəti Azərbaycanda da təşəkkül tapıb, bu gün inkişaf mərhələsindədir. Ölkəmizdə teatrın yaranması yüzilliklər öncəyə təsadüf edir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynayıb. Hələ profecsional teatrın formalaşmasından əvvəl Azərbaycan xalq teatrı realist özəllik daşıyıb və əməkçi təbəqələrlə bağlı olub. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edib. Təbii ki, professional teatrın təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynayıb.
Teatrımızın tarixi...
Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi böyük mütəfəkkir Mirzə Fətəli Axundovun 1873-cü ildə Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri” və "Hacı Qara” tamaşalarından başlanır. Bununla professional milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının bünövrəsi qoyulub.
Əvvəllər müxtəlif truppalar şəklində "Nicat”, "Səfa”, "Həmiyyət” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı”, "Hacıbəyov qardaşları müdiriyyəti” şəklində tamaşalar verən teatr, 1919-cu ildən bugünədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor” kimi çıxış edirdilər. 1890-cı illərdən başlayaraq böyük ziyalı Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olub. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı. 1896-cı ildə görkəmli ideya adamı, mütəfəkkir Həsən bəy Zərdabi Bakıda "Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı” yaradılıb. 1916-cı ildə böyük dramaturq Cəlil Məmmədquluzadənin "Ölülər” komediyasının tamaşaya qoyulması isə Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazanıb. Mürəkkəb inkişaf yolu keçən Azərbaycan teatrının reperturı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə Teatrında, Pantomim Teatrında, Gənc Tamaşaçılar Teatrında və digər teatrlarda seyr etmək mümkündür.
Avropa tipli teatra doğru...
Azərbaycan teatrının inkişafı ilə bağlı dövlət tərəfindən də addımlar atılıb. Ölkə başçısı cənab İlham Əliyevin teatrın inkişafı ilə əlaqədar müxtəlif fərman və sərəncamları var. O sərəncamlardan irəli gələn məsələlər həllini tapır və teatr sənəti yaşadılır. Teatr sahəsində müəyyən problemlər olsa da, bu sənətin yaşadılmasının, inkişaf etdirilməsinin şahidiyik.
"Yuğ” Teatrının rejissoru Mirsahib Ağayev Azərbaycan teatrının səmərəli yol keçdiyi qənaətindədir. Azərbaycanın peşəkar teatr tarixinin Axundovdan başladığını deyən M.Ağayev, ölkə teatrının Avropa əsasları üzərində təməl atdığını bildirir: "Lakin Azərbaycanın teatr ənənələri daha qədimlərə gedir. Qədim tarixə malik "Sayaçı”, "Novruz”, "Gəvsəç” kimi mərasimlərdə, toy mərasimlərində ifa olunan "Xan-xan”, "Mütriblərin rəqsi”, "Gəlinlə qayınananın deyişməsi” və sair epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, qədimdə el arasında geniş yayılan "Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olub. Səfəvilər dövründən "Şəbih” dini tamaşası geniş yayılıb. "Şəbih”lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı, bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaradıb. Bütün bu ənənələri nəzərə alsaq, bugünkü Azərbaycan teatrının çoxşaxəli qolları var”. M.Ağayev onu da qeyd edib ki, hazırda Azərbaycanda əsasən Avropa tipli teatr inkişaf edir: "Amma buna alternativ teatrlar da olub, indi də var”. Rejissor deyir ki, problemlərdən biri teatr sahəsində məvaciblərin azlığıdır. Rejissor inkişafa nail olmaq üçün yaradıcılığa stimulun verilməli olduğunu söyləyir”. Regionlardakı teatrlarla, paytaxtda fəaliyyət göstərən teatrların arasında ciddi fərq olmadığını deyən M.Ağayev bildirib ki, ümumilikdə Azərbaycan teatrının tamaşaçı problemi var: "Bu problem əyalətlərdə də var, Bakıda da. Lakin insanların teatra gəlmələri üçün asudə vaxtları Bakıda daha çoxdur. Əyalətlərdə isə bu məsələ o qədər də əlverişli deyil. Yaradıcılıq baxımından müəyyən fərqlər var. Ümumi götürəndə isə, elə bir köklü fərq yoxdur. Onu da deyim ki, son illərdə gənclər arasında incəsənətə maraq artıb. Bu meyillər təkcə İncəsənət Universitetiylə məhdudlaşmır. Müxtəlif təbəqələrdən olan insanlar, digər ixtisas sahələrini bitirən tələbələr teatra üz tuturlar. Peşəkar təhsil almayan insanlar var ki, teatrda peşəkar fəaliyyətlə məşğul olurlar. Xüsusən teatra meyl gənclər arasında daha böyükdür. Bu amillər Azərbaycan teatrının yaşayacağı, daha da inkişaf edəcəyinə ümidləri artırır”.
MDB məkanında ilk teatr qanunu...
Teatrın bugünkü vəziyyətindən danışan teatrşünas Elçin Cəfərov deyir ki, Azərbaycan teatrı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: "Təkcə onu demək kifayətdir ki, MDB ölkələri arasında "Teatr və teatr fəaliyyəti haqqında” Qanun ilk dəfə məhz Azərbaycanda qəbul olunub. Teatr binalarının əsaslı təmiri, beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi, yeni islahatların tətbiq olunması milli teatr sənətinin inkişafı üçün münbit zəmin yaradıb. Təbii ki, bütün bu sadalananlar teatr-tamaşaçı münasibətlərinə də təsir etməlidir. Çünki Azərbaycan teatrında ilk növbədə aradan qaldırılmalı ciddi problemlər arasında tamaşaçı problemi də mövcuddur. Tamaşaçı problemindən danışarkən bir və ya neçə səbəbi deyil, səbəblər kompleksini axtarmaq lazımdır. Bununla yanaşı, Azərbaycanda teatrın və teatr sənətçilərinin maddi rifah halı da, yumşaq desək, ürəkaçan səviyyədə deyil”. E.Cəfərov vurğulayır ki, bu gün müasir milli dramaturgiyamızda problemlərimiz var: "Kadr problemi mövcuddur, yüksək səviyyəli rejissorlarımız çox azdır, aktyorlar maddiyyat ucbatından ən yaxşı halda günlərini serial və reklam çəkilişlərində, dublyajda keçirirlər. Əksər teatrlarımızın maddi-texniki bazası aşınmış vəziyyətdədir. Baxmayaraq ki, son vaxtlar bir çox teatrımız əsaslı təmir edilib”.
Yeni texnologiyalar tamaşaçı kütləsinə təsir edir
Teatrşünasın sözlərinə görə, tamaşaçı problemini yaradan səbəblərdən biri də texniki inqilabdır: "Bu gün qloballaşan dünya vahid informasiya məkanında yaşayır. Ölkəmizdə 11 radiostansiya, 13 telekanal fəaliyyət göstərir. Son 10-15 il ərzində kompyuter texnologiyalarının yüksək inkişafı və onların ayrı-ayrı sənət növlərinə tətbiqi nəticəsində kompyuter qrafikası, kompyuter musiqisi, kompyuter filmləri, internet-tamaşalar, fonoqrafiya kimi yeni texnogen sənət sahələri meydana gəlib. Cəmiyyətdə artıq geniş mövqe qazanıb. Şübhəsiz ki, canlı ünsiyyət mədəniyyətinin virtual ünsiyyət vərdişləri ilə əvəzlənməsi canlı sənət olan teatra təsirsiz ötüşmür”.
E.Cəfərovun qənaətincə, teatrın inkişafında, səhnəyə qoyulan tamaşaların da rolu var: "Tamaşaçı həmişə məzmun baxımından aktual, yüksək bədii dəyərə malik tamaşa istəyir. Son zamanlar müxtəlif audiovizual effektlərdən, yeni texnologiyalardan istifadə də dövrün mühüm tələbi kimi meydana çıxıb. Teatr tamaşaçını qaytarmaq istəyirsə, mütləq onu heyrətləndirə, təsirləndirə bilməli, öz arxasınca aparmağı bacarmalıdır. Bu gün sənət adamları teatrların tamaşaçı kontingentinin rəngarəngliyi repertuar seçimində nəzərə alınır. Geniş tamaşaçı auditoriyasının günbəgün artan tələblərini ödəyə bilmək üçün teatrlar dövrə həssas olmağa, repertuarında həm klassik, həm də müasir əsərlərə yer verməyə çalışırlar. Amma bu o demək deyil ki, teatrlar konyuktur şərtlərinə görə öz inkişaf proqramından imtina etməlidirlər. Bu, qarşılıqlı prosesdir. Tamaşaçı tələbi teatra təsir etdiyi kimi, teatr da tamaşaçılarını öz arxasınca aparır. Müəyyən mənada demək olar ki, bu gün Azərbaycanda yeni tamaşaçı auditoriyası formalaşır”.
İslahatlar öz təsirini göstərir
Teatrşünas deyir ki, önəmli məqamlardan biri də Azərbaycanda kütləvi şəkildə teatr sənətinin təbliği, teatr industriyasının formalaşması, bu sahədə dövlət səviyyəsində dəstəklənən mütəşəkkil reklam və təbliğat siyasətinin qurulmasıdır: "Belə demək olar ki, Azərbaycan teatrı bu günə qədər heç zaman tamaşaçı ilə işləməyib. Dünyanın ayrı-ayrı böyük teatrlarında tədqiqat şöbələri var ki, onlar tamaşaçı rəyini öyrənirlər. Bir məsələni də qeyd etmək lazımdır ki, artıq on ilə yaxındır ki, Təhsil Nazirliyi məktəblərdə, texnikum və ali təhsil müəssisələrində teatrlara biletlərin, həmçinin uşaq mətbuatının satışını ləğv edib. Bu isə gənc nəslin teatrallaşmasına böyük zərbə vurur. Bütün hallarda isə bu gün teatrın özünün yeni inkişaf mərhələsində olması faktdır. Bu mərhələ nə ilə nəticələnəcək, hansı məqsədlərə nail ola bilinəcək, bunu zaman göstərəcək. Ölkədə teatr sənəti sahəsində güclü bir inkişaf meyli duyulmaqdadır. Sadəcə, çağdaş dövrün tələblərinə cavab vermək ehtiyacından doğan yeni teatr islahatları lazımdır ki, bunu da teatrlarımız tətbiq edir. Əminliklə deyə bilərik ki, artıq bu islahatlar öz təsirini göstərir.
Ekspertlərin dediklərindən belə qənaətə gəlmək olar ki, qədim tarixə dayanan Azərbaycan teatrı yaşayır, inkişaf edir. Görünən odur ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, teatrımız qarşıdakı illərdə biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı alqışı qazanacaq və mədəniyyətimizin inkişafına, tərəqqisinə böyük töhfələr verəcək.
Anar Bayramoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür