Təbiətin şıltaqlığı ağır fəsadlara yola aça bilər - 36-38 dərəcə isti anormaldır

Adil Qeybulla: "Xəstə adamlar öz həkimləri ilə məsləhətləşməlidirlər. İsti havalarda - saat 12:00 -17: 00 arasında günəş altında olmaq məsləhət deyil"


"Hava şəraitini, təbiətin şıltaqlığını, qlobal istiləşmə ilə bağlı problemləri dəyişmək mümkün deyil. İnsanları buna uyğunlaşdırmaq lazımdır”.

Bunu "Sherg.az”a sentyabrın sonuna yaxınlaşsaq da, havaların isti keçməsinə münaisbət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib. 

O bildirib ki, belə havalarda xəstələrin, yaşlıların, uşaqların, istiyə tab gətirə bilməyənlərin orqanizmində qısamüddətli dəyişiklik ola bilər:

"Ona görə, bu qrup insanlar üzərində xüsusi nəzarət olmalıdır. Xəstə adamlar öz həkimləri ilə məsləhətləşməlidirlər. İsti havalarda - saat 12:00 -17: 00 arasında günəş altında olmaq məsləhət deyil. Bu təbiətin şıltaqlığıdır və insanlar özlərini qorumaq, bu şəraitə adaptasiya haqqında düşünməlidirlər.

Xəstə adamlar, müxtəlif mövsümi xəstəlikləri olan şəxslərin özləri ilə su götürmələri vacibdir. Bu, xüsusilə uşaqlara aiddir. Onların uzun müddət məcburi vəziyyətdə günəş altında qalmalı olurlarsa, su qəbuluna diqqət etmək lazımdır. Mümkün qədər çalışmalıyıq ki, çox isti havada gəzməyək, çünki bədəndə istilik tənzimi mexanizmləri yalnız müəyyən vaxta qədər orqanizmi qoruya bilir. Bundan sonra artıq dikompensasiya başlayır və istivurma, günvurma baş verir. Bu isə ağır nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, payız fəslinin gəlməsinə baxmayaraq isti hava şəraiti davam edir. Bu anomal hava insanların sağlamlığına müxtəlif formada təsir göstərir”.

Aysel Aslan