Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən?! Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, “çips”, müxtəlif şirniyyat, kekslər
Təhsildə uğurlar qidalanmadan başlayır
Amma bizim məktəblərdə uşaqların 90 faizi peçenye-biskvit və kolbasa-sosiskaların ümidinə qalıb
Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən?! Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, “çips”, müxtəlif şirniyyat, kekslər
Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən?! Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, “çips”, müxtəlif şirniyyat, kekslər
Bizim məktəblilərin tənəffüsdə qəbul etdiyi qidalar şirin kekslər, "çips”, "çubuqlar”, "suxariki”, qazlı içkilərdən ibarətdir.
Dəfələrlə şahidi olmuşam ki, dərsdən çıxıb evə gedən şagirdlər avtobusda əllərində tezhazırlanan şorbalarda istifadə olunan vermişel (əriştə) yeyirlər. Nə üçünsə şagirdlərə bu, dadlı gəlir. Məktəbin yaxınlığındakı köşkdən, bəlkə də məktəbin bufetindən aldıqları "qalina blanka” vermişellərini dişlərinin altında xırçıldada-xırçıldada evə gedirlər. Hətta bir-iki dəfə uşaqları "dilə tutmağa” da çalışmışam ki, bunlar ziyandır, yeməyin. Bəs alternativ varmı? Dərsarası acmış uşaq nə yeyə bilər? Məktəb bufetlərinin halı onsuz da məlumdur. Kolbasa, sosiska çörək, ya da şirin kekslər, biskvit. Üstündən də "fanta”, "kola”, "sprayt”. Halbuki, məktəblinin menyusuna ciddi diqqət edilən ölkələr var.
Modern.az saytı xarici KİV-ə istinadən 10 ölkənin məktəblərində yer alan şagird menyularını təqdim edib. Maraqlıdır;
İran:
Ölkədəki qanunlara görə, 14 yaşına qədər uşaqlar günorta yeməyində bir fincan süd içə, püstə, təzə meyvə yeyə bilərlər. Ancaq anaların hazırlayaraq çantalarına qoyduqları nahar yeməyi üçün düyü plovu, pomidor və quzu kababı olar.
Cənubi Koreya:
Cənubi Koreya məktəb yeməklərini planlaşdırma sahəsində dünyada ən yaxşı ölkələrdən biridir. Nimçədəki ən böyük iki hissə şorba və düyü üçün ayrılır. Kiçik hissələr salat, dəniz məhsulları, tərəvəz və meyvələr üçündür. Uşaqlara xüsusi ölçü qaşığı içində balıq yağı da verilir.
Yaponiya:
Yapon uşaqlarının yemək menyusu adətən isti şorba, düyü, ev heyvanlarının əti və ya balıq, salat və süddən ibarət olur. Menyuları Cənubi koreyalı şagirdlərin yeməkləri kimidir. Yaponiyada şagirdlərin öz yeməklərini evdən gətirmələri qadağandır.
İngiltərə:
İngilis şagirdlərin menyusunda qızarmış kartof, kök, düyü püresi, salat, meyvə və şokoladı ehtiva edən vafli olur. İngiltərədəki məktəblərdə yeməklər büdcəylə məhduddur, bu səbəblə uşaqlara tez hazırlanan yemək (fast food) təklif edilir.
ABŞ:
Yuta ştatında səhər yeməyinin menyusu: şaftalı, qarğıdalı, toyuq və şorba. Yeməklər Amerika məktəblərində fərqli olur. Çox vaxt, uşaqların sevdiyi fast food-lara üstünlük verilir. Bundan başqa, ailələr də uşaqlara məktəbə aparmaları üçün səhər yeməyi hazırlayırlar.
Tailand:
Nümunəvi bir nahar yeməyində şirin və turş sous, düyü və banan yarpaqları ilə sarılı ət və pudinq var.
Fransa:
Fransada tələbələrin günorta fasiləsi 1-2 saatdır. Bu fasilədə əsasən tələbələr evlərinə gedə bilər. Nümunəvi məktəb menyusunda isə, balıq, ispanaq, kartof, pendir və çörək olur.
Finlandiya:
Finlandiyada şagirdlərin məktəb yeməkləri son dərəcə diqqətə alınır. Hər tələbəyə səhər yeməyi ilə yanaşı, səhər və axşam siniflərində qəlyanaltılar da verilir. Finlandiyada uşaqlar çox çeşidli yeməklər seçəcəkləri bir menyuya malikdirlər. Hər məktəb sağlamlıq problemləri və ya dini üstünlüklərinə görə uşaqlara ayrı-ayrı menyular hazırlayır. Məsələn, günorta yeməyində souslu kartof, kartof, salat və müsli kotletlər var.
Rusiya:
Rusiyada tələbələr 9-12 arasında pulsuz nahar edə bilərlər. 12-dən sonra günorta yeməyinə keçirlər. Fotodakı boşqabda bir günorta yeməyi menyusudur: Kolbasa, qarabaşaq və çaydan ibarətdir.
Macarıstan:
Macarıstanda uşaqlar səhər yeməklərində əriştə şorbası, toyuqlu lobya və fındıqlı şirniyyat yeyirlər. Ən populyar menyu budur.
Hər bir ölkənin məktəb yeməkləri sahəsində öz standartları var. Bu menyularda adətən uşaqların asan həzm edəcəyi yeməklərə üstünlük verilir. Əksər məktəblərdə meyvə suyu əvəzinə süd verir. Ən populyar yeməklər kimi kartof, düyü və kələm salatı görünür.
Göründüyü kimi məktəblilərin qida rasionu yaş həddi və qavrama qabiliyyətinin artırılmasına əsaslanır. Məktəbli elə qidalar qəbul etməlidir ki, sağlamlığına ziyan deyil, əksinə, müsbət təsir etsin, həzm sistemini yaxşı çalışdırsın, vitaminlərlə zəngin olsun və nəticə etibarilə uşağın sağlam fiziki inkişafını, eyni zamanda biliyi mənimsəmə qabiliyyətini artırmağa yönəlsin.
Bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi də ölkə məktəblilərinin hansı qidaya üstünlük verdiyini araşdırmışdı. Teleqraf.com.da yer alan məlumatda bu barədə bildirilir ki, mərkəzin keçirdiyi sorğu 25 məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında keçirilmişdi.
Monitorinqin keçirildiyi paytaxt və digər yeddi regionda məktəb yeməkxanalarının şəraiti və imkanları, yeməkxanaların xidmət sahələri, yeməkxanalardakı qida çeşidi, qida məhsullarının satışı və bu qidaların saxlanma qaydaları öyrənilib.
İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, sorğuda 7-17 yaş arasında olan 2004 məktəbli iştirak edib: "Araşdırmanı aparmaqda məqsəd şagirdlərin sağlam qidalanmaya dair biliklərini müəyyən etmək olub. Sorğu nəticəsində şagirdlərin peçenye-biskvit (501 nəfər) və kolbasa-sosiska çörəyə (450 nəfər) daha çox üstünlük verdikləri məlum olub.
"Biz hesab edirik ki, bulka ilə 1 stəkan süd daha sağlam qida sayılır. Sevindirici haldır ki, uşaqlardan 512 nəfər özü ilə su gətirdiyini bildirib. Bu yaşda uşaqların su qəbul etməsi vacibdir. Sorğuda meyvə cavabını verən uşaqların sayı isə 4,3 faiz olub. Bu, çox aşağı göstəricidir”.
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında bildirib ki, məktəblinin təhsildəki uğurları qidalanmadan birbaşa asılıdır:
- Təəssüf ki, nə məktəbli qidası, nə də məktəb bufetləri problemi həllini tapmır. Bizim orta məktəblərin bufetlərində uşaq orqanizmi üçün ən təhlükəli qidalar, tərkibi müəmmalı şirniyyatlar, konservantlı və süni rəngləndiricili "meyvə şirələri”, çörək arasında mənşəyi məlum olmayan kolbasa, sosislər hələ də satılır. Məktəblilər bu cür zərərli qidalarla qidalanır. Bu qidalar da məktəblinin sağlam inkişafını heç bir halda təmin edə bilməz. Qida sağlam olmalıdır ki, orqanizm də sağlam olsun. Yalnız sağlam orqanizmə malik şagird bilikləri yaxşı mənimsəyə bilər. Məktəb bufetlərinə nəzarət hələ də öz həllini tapa bilməyib. Çünki bizdə vətəndaş cəmiyyəti inkişaf etməyib. Vətəndaş cəmiyyəti güclü olduqda nəzarət qurumları da yaranır və bu qurumlar vacib məsələlərin həllində öz sözünü deyə bilir. Gərək normal vətəndaş cəmiyyəti formalaşmış olsun ki, orta məktəblərə də, məktəblinin qidalanmasına da nəzarət funksiyası icra edilsin.
Üzümü valideynlərə tutub deyirəm ki, övladlarınızın sağlamlığını qoruyun. Niyə valideyn uşağın cibinə pul qoyub məktəbə göndərməlidir ki, get, orada bir şey alıb yeyərsən?! Nə alacaq uşaq? Əlbəttə, hazır qidalar, "çips”, müxtəlif şirniyyat, kekslər. Bununla uşaq orqanizmi necə güclənə bilər? Mən indiyədək bir dəfə də övladımı məktəbə əliboş göndərməmişəm. Həmişə çalışıram özüm ev şəraitində nəsə hazırlayım. Burada çətin bir iş də yoxdu. Məktəb bufetində, ya da küçədə dönərxanada satılan dönəri, peraşkini, hər bir ana evdə özü hazırlaya bilər. Çörəyin arasına bişmiş ət, toyuq qoysunlar, müxtəlif şirniyyat, biskvit bişirsinlər, versinlər uşaq aparsın məktəbə. Əgər valideyn şagirdin məktəbə məhz pul aparmaq istəməsində israr etdiyini deyirsə, yenə də valideyn günahkardır. Məktəbliyə pulu o zaman verərlər ki, ona yol pulu lazım gəlir. Şagird məktəbə getmək üçün nəqliyyatdan istifadə edir. Başqa heç bir halda şagirdə pul verilməməlidir. Amma çox şahidi oluruq ki, təhsil aldığı məktəb evinin yaxınlığında olan şagirdlərə də valideynləri pul verib yola salır. "Nə istəyirsən, al, ye” deyirlər. Uşaqları yanlış yola belə yönəltmiş olurlar. Uşaq da dərsdən çıxır, qaça-qaça mağazaya gedir, oradan əlinə nə keçdi, gözünə nə xoş göründü, alır, yeyir. Mağazalarda nə qədər vaxtı ötmüş, istifadə müddəti bitmiş qidalar satışdadır. Məktəb bufetlərində də çox vaxt yararsız qidalar satılır. Hesab edirəm ki, məktəb bufetləri ciddi yoxlanmalıdır. Məktəb bufetlərinə gətirilən ərzaqların haradan gətirildiyini, necə istifadə olunduğu, bufetlərin sanitar-gigiyenik durumu daim nəzarətdə saxlanmalıdır. Valideynlər də diqqətli olmalıdırlar.
Məlahət Rzayeva