Təkcə qızlar deyil, oğlanların da dərsdən yayındırılması problemi var
"Şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır"
Məktəblilərin təhsildən yayındırılmasına qarşı atılan addımlara, keçirilən maarifləndirici tədbirlərə rəğmən, hələ də bu problem öz aktuallığını qoruyur. Xüsusən də qız uşaqlarının təhsildən yayındırılma halları çoxalıb. Araşdırmalara görə, təhsildən yayındırılan bir çox qız uşaqları ailələri tərəfindən məcburi ərə verilir və yaxud da işləməyə vadar edilir.
Qeyd edək ki, Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə dərs ilinin əvvəlindən VII sinif şagirdinin dərsə davamiyyəti ilə bağlı problem yaranıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilib ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.
Şagirdin nənəsi isə yolun uzaq olduğunu, anasının müalicə aldığını, atasının isə Rusiyada işlədiyini səbəb gətirərək onun dərsə gəlməsinin mümkün olmadığını söyləyib.
Məktəbə buraxılmayan VII sinif şagirdinin atası dünən polis bölməsində izahat yazıb və bu həftədən qızının məktəbə gələcəyini bildirib.
Bakı şəhəri 216 nömrəli orta məktəbin direktoru Elnur Bayramovun sözlərinə görə, həmin şəxs qızının müalicə aldığı üçün dərslərdə iştirak etmədiyini deyib: "Qızın atası Rusiyadan gəlib. Məktəblinin dərsə buraxılmaması ilə bağlı polisdə iş aparılır. Atası yazılı izahat verib ki, onun dərsə gəlməsi təmin olunacaq. Qızın ərə getməsi barədə deyilənlər isə yalandır. Yetkinlik yaşına çatmayan qızın ərə verilməsindən söhbət gedə bilməz”.
Ailə hər nə qədər inkar etsə də, Bakıətrafı kəndlərdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi faktlarına dair tez-tez məlumatlar alırıq. Belə faktlar gizlədildiyindən vaxtında tədbir görmək də mümkün olmur.
Maraqlıdır, məktəbyaşlı uşaqların tədris prosesindən yayınmasına görə əsas məsuliyyəti kim daşıyır?
Təhsil üzrə ekspert Nadir İsrafilov Azadinform-a bildirib ki, təkcə qızların deyil, habelə oğlanların da təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən biri olaraq qalmaqdadır.
Ekspertin sözlərinə görə, təhsildən yayınma faktları sıradan bir adi məsələ olmadığından məsələnin daim gündəmdə saxlanılması və bu istiqamətdə lazımi tədbirlərin həyata keçirilməsi zəruridir:
"Üstəlik, məktəb yaşına çatmış uşaqların da məktəbə gec getməsi, rəsmi statistikaya görə, belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etməsi, bu uşaqlar arasında qızların çoxluq təşkil etməsi problemin ciddiliyini bir qədər də artırır”.
N.İsrafilovun dediyinə görə, məktəbli uşaqların ailələri tərəfindən təhsildən yayındırılması kimi hallar əsasən miqrasiya, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə cəlb olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla izah olunur: "Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Bizim nazirliyin mövqeyi isə belədir ki, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa, "şüur”un üzərində çalışmaq lazımdır”.
Təhsil eksperti hesab edir ki, bu problem sadəcə təhsil məsələsi deyil, bir sıra mədəni və mənəvi aspektlərlə də sıx bağlı olan bir məsələdir. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır.
Hər halda bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır:
"Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Ən başlıcası, məktəblərdə tədrisin səviyyəsi qaldırılmalı, nəticələrə görə məsuliyyət və cavabdehlik möhkəmləndirilməlidir. Başlıca olaraq da qanunvericilikdə təhsildən yayınmaya görə valideynin məsuliyyəti barədə də hər hansı bir maddə daxil edilməlidir. Çünki bu kimi hallara qarşı mübarizədə aidiyyəti qurum elə də güclü təsir mexanizminə malik deyil”.
Şəymən