- “Putinin sülh mesajları Rusiyanın ağır vəziyyətindən xəbər verir”
Ukrayna münaqişəsinin həlli üçün şans var. Bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda çıxışında bildirib. Onun sözlərinə görə, əvvəlcə Rusiya və Ukrayna razılığa gəlməlidir, digər ölkələr yalnız kömək edə bilər. Rusiya lideri bu prosesə kömək etməyə çalışan bütün ölkələrə təşəkkür edib.
Bununla belə, Putinin fikrincə, Ukraynanın mülki aviasiyaya qarşı təhdidləri ikitərəfli sülh danışıqlarının aparılma ehtimalını çətinləşdirir. Rusiya prezidenti mülki təyyarələrə hücumları "dövlət terrorizminin" təzahürü adlandırıb.
"Mülki təyyarələrə hücumlar, əlbəttə ki, dövlət terrorizminin təzahürüdür. Və bu, ikitərəfli sülh danışıqlarının aparılma ehtimalını şübhəsiz ki, çətinləşdirir”.
Putin Ukrayna ilə xüsusi xidmət orqanları xətti ilə təmasların davam etdiyini də söyləyib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Vladimir Putinin açıqlamaları Ukrayna savaşının həll olunma imkanlarından daha çox Rusiyanın düşdüyü ağır vəziyyəti ifadə edir:
“Putin adətən bu mövzuda çox nadir hallarda açıqlama verir, ancaq son vaxtlar intensiv xarakter daşıyır. Digər tərəfdən, həm Vladimir Putin, həm də Kreml təmsilçiləri adətən Ukraynanın siyasi rəhbərliyi ilə ikitərəfli danışıqlara o qədər də həvəs göstərmirdilər və belə bir danışıqlara ehtiyac olmadığını bildirirdilər. Danışıqları daha çox ABŞ-da aparmağa üstünlük verirdilər, ancaq indi Rusiyanın düşdüyü bu ağır situasiyada belə anlaşılır ki, Putin və onun yaxın ətrafı artıq Ukrayna ilə ikitərəfli danışıqların mümkünlüyünü də ön plana çəkməyə başlayıblar, buna məcbur qalıblar. Digər tərəfdən, önəmli olan məqam ondan ibarətdir ki, Kreml təmsilçiləri, o cümlədən də Vladimir Putin Ukrayna münaqişəsinin nizamlanmasından danışarkən Rusiyanın öz hədəflərinə çatana qədər savaşın davam etdiriləcəyini bildirirdilər. Ancaq indi artıq sülh danışıqlarından və problemin həllinin mümkünlüyündən danışmaq məcburiyyətində qalıblar”.
Analitik qeyd edib ki, bunlar Rusiya üçün paradoksal situasiyadır:
“Rusiyanın dərinliklərinə endirilən zərbələr artıq Kremldə təşviş doğurur, narahatlıq yaradır. Hətta Rusiyanın mövqeyinin zəifləməsinə, geri çəkilmək məcburiyyətində qala biləcəyinə işarə edir. Təbii ki, Vladimir Putinin hansısa nizamlama imkanlarından danışmasının özü də absurddur. Çünki reallıq bundan ibarətdir ki, Ukrayna savaşının başlanmasının yeganə günahkarı məhz Rusiyanın özüdür. Sülhə nail olmaq və müharibənin dayandırılmasına çalışmaq niyyətləri mövcuddursa, o zaman Rusiya birmənalı şəkildə Ukraynanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmalıdır. Savaşa qədər olan sərhədlər içərisinə çəkilməlidir və Ukraynanın həm suverenliyini, həm müstəqilliyini, həm də ərazi bütövlüyünü birmənalı şəkildə tanımalıdır. Və məhz bu halda Ukrayna savaşının dayandırılması ən qısa zamanda reallaşa bilər. Əks halda, bu savaşın hələ uzun müddət davam edəcəyi qətiyyən şübhə doğurmur. Çünki rəsmi Kiyev Ukraynanın bir qarış belə torpağını, ərazisini Rusiyaya güzəştə getmək niyyətində olmadığını artıq dəfələrlə bəyan edib. Bu da o deməkdir ki, savaşın dayandırılma imkanları yalnız və yalnız Ukrayna ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün təmin olunması çərçivəsində mümkün ola bilər. Kreml bu reallığı nə qədər tez qəbul eləsə, Ukrayna savaşı da bir o qədər tez sona çatar. Əks halda, xüsusi xidmət orqanları xətti ilə aparılan təmasların elə bir nəticə verəcəyi o qədər də inandırıcı görünmür. Bu da o deməkdir ki, Kreml artıq müasir dövrə qayıtmalıdır, neoimperialist hədəflərdən imtina etməlidir və müasir dünyanın tələbləri, şərtləri çərçivəsində qarşılıqlı münasibətlər qurmağa, öz zorakı işğalçı siyasətindən imtina etməyə hazır olmalıdır. Əks halda, bu savaşın hələ uzun müddət davam etmək ehtimalı kifayət qədər yüksəkdir və belə bir şəraitdə də Rusiya və Ukrayna arasındakı ikitərəfli danışıqların pozitiv nəticələr verə biləcəyi qətiyyən inandırıcı görünmür. Çünki rəsmi Kiyev istənilən halda Ukraynanın ərazi bütövlüyü məsələsini Rusiyanın qarşısına gətirəcək və Rusiya bununla razılaşmayacağı təqdirdə də ikitərəfli danışıqlara paralel olaraq savaş davam etmiş olacaq”.