- Bu vəziyyət cəmiyyətin müəllimə və bu peşəyə qarşı münasibətinin təzahürüdür
Builki qəbul imtahanları, nəticələr, ixtisas seçimi, bəzi abituryentlərin yüksək bal toplamasına rəğmən qəbuldan kənarda qalması ilə səciyyələndi. Subbakalavların da ixtisas seçimi artıq başa çatdığı üçün mənzərə daha da aydın görünür.
Məlumatlara görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı ilkin müsabiqədən sonra 76 yer kimya müəllimliyi, 57 yer biologiya müəllimliyi, 57 yer kimya və biologiya müəllimliyi, 31 yer fizika müəllimliyi, 32 yer riyaziyyat müəllimliyi, 10 yer coğrafiya müəllimliyi, 3 yer isə tarix və coğrafiya müəllimliyi üzrə boş qalıb. Deməli, gənclər MİQ, sertifikasiya, ixtisar dalğası, il boyu kağız-kuğuzla əlləşmək... müəllimin üzləşdiyi min cür çətinlikləri, əzab-əziyyəti görür, müəllim peşəsinə yiyələnməkdən imtina edirlər?
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında belə bir vəziyyətin yaranmasından təəssüf hissi keçirdiyini dedi:
- Mən çox təəssüf edirəm ki, müəllimlik ixtisası üzrə bu qədər boş yer qalıb. Fikrimcə, bu vəziyyət cəmiyyətin müəllimə və bu peşəyə qarşı münasibətinin təzahürüdür. Əmək haqqı azlığı, vakansiyaların çox olmaması, imtahanlar, peşə nüfuzunun aşağı olması və s. kimi amillər müqəddəs peşəyə biganəlik gətirdi.