- "Rejim ABŞ-nin tələblərini qəbul etməyə məcbur olacaq”
- "Yaranmış şəraitdə, İran rejimi “təslim olmaq” imicindən qaçmaq üçün ABŞ-nin tələblərini vasitəçi ölkələr üzərindən yeni sazişlə qəbul etməyə məcbur olacaq"
Yaxın Şərqsə nisbi sabitliyin ömrü qısa çəkdi. ABŞ ordusunun Larak adasında İrana məxsus raket qurğularına endirdiyi zərbə, gərginliyi müharibə vəziyyətinə qaytarıb. Vaşinqton qəfil hücuma səbəb kimi SEPAH-ın Hörmüz boğazını minalamağa çalışdığını göstərib.
İran ordusu hücuma cavab olaraq "Qisas əməliyyatı" adı altında, Vaşinqtonun pilotsuz uçuş aparatını və İordaniyadakı hərbi bazalarına zərbələr endirib. Sentyabrın 1-də qarşılıqlı hücumlar daha geniş mərhələyə keçdi. ABŞ İranın cənub sahilindəki obyektlərini, radar və raket qurğularını vurarkən, SEPAH İordaniya, Bəhreyn, Küveyt və İraqdakı ABŞ hərbi kontingentini hədəf alıb. Bu toqquşmanı əvvəlki gərginliklərdən ayıran başlıca fərq İranın birbaşa ABŞ-yə zərbə vurmağı gündəmə gətirməsidir. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əmir Həyat-Müqəddəm Vaşinqton və Nyu-Yorku hədəf ala bilən texnologiyalara sahib olmağın vacibliyindən danışıb. ABŞ-nin maliyyə naziri Skott Bessent isə bütün ölkələri İran və Rusiyaya dəstək verməkdən çəkinməyə çağırıb.
Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə mütəxəssis İsmail Cingöz Sherg.az-a bildirib ki, bu dəfə tərəflər arasında “qisasa qisas” zərbələri fasiləsiz olaraq artır:
"Tehran ABŞ ərazisinə birbaşa zərbə endirmək imkanından daha çox, Vaşinqtonun regional bazalarını və hərbi qüvvələrini hədəfə almağa üstünlük verir. Yaranmış situasiya Bəhreyn, Küveyt, İordaniya və İraq daxil olmaqla Körfəz ölkələrini istəmədikləri münaqişənin daxilinə çəkmək riski yaradır. Lakin Vaşinqtonun İrana qarşı strategiyası yalnız hərbi xarakter daşımır. ABŞ İrana iqtisadi və maliyyə baxımından da müharibə elan edib. Bank sistemindən dəniz daşımalarına, aviasiyadan rəqəmsal aktivlərə qədər İranın xarici aləmlə iqtisadi əlaqələrini təmin edən bütün kanallar yeni sanksiyaların hədəfindədir. Ağ Ev İranın dövlət büdcəsini sarsıtmaqla yanaşı, SEPAH-ın maliyyə imkanlarını və xarici ticarət şəbəkələrini də sıxışdırmağa çalışır”.
Müsahibin fikrincə, İran iqtisadiyyatı çöksə də, molla rejimi təslim olan deyil:
“Molla rejimi qırx ildən çoxdur ki, sanksiyalardan yan keçmək üçün gizli ticarət şəbəkələri qurmağı və bütün iqtisadi yükü vətəndaşların çiyninə yıxmağı bacarır. Lakin yüksək inflyasiya və milli valyutanın kəskin dəyərsizləşməsi rejimin manevr imkanlarını getdikcə daraldır. Vaşinqtonun hədəfi sıravi iranlıları səfalətə sürükləmək deyil. İqtisadi rıçaqları sıxaraq, Tehranı müharibə büdcəsindən, təhlükəsizlik strukturunu maliyyədən məhrum etmək və daxili narazılığı idarəolunmaz həddə çatdırmaqdır”.
Eskpertin sözlərinə görə, ABŞ molla rejimini xalqın əli ilə devirməyə çalışır:
"Tehran üçün əsl qırılma nöqtəsi də məhz bu məqamda ortaya çıxacaq. İqtisadi çətinliklər rejimi təkbaşına sarsıtmaya bilər. Amma maliyyə böhranı kütləvi etirazlar, elita daxilindəki parçalanma təhlükəsizlik strukturunun zəifləməsi ilə eyni vaxta düşərsə, rejimin müqavimət divarları çökəcək. Yaranmış şəraitdə, İran rejimi “təslim olmaq” imicindən qaçmaq üçün ABŞ-nin tələblərini vasitəçi ölkələr üzərindən yeni sazişlə qəbul etməyə məcbur olacaq. Önümüzdəki mərhələdə əsas düyün İran iqtisadiyyatının iflasa uğramasından daha çox, iqtisadi rıçaqların Tehranın siyasi və hərbi dözümlülük limitini nə dərəcədə sarsıdacağında gizlənir. Hazırda Vaşinqtonun həyata keçirdiyi strategiya hərbi təzyiq, iqtisadi mühasirə və diplomatik təcridi eyni vaxtda tətbiq etməklə, Tehrana müqaviməti davam etdirməyin razılaşmaya getməkdən daha ağır başa gələcəyini qəbul etdirməkdir”.
İ.Cingöz onu da qeyd edib ki, İranın əlindəki ən kəsərli rıçaq Hörmüz boğazıdır:
“Müharibənin bundan sonrakı gedişatını da Hörmüz müəyyən edəcək. Boğazda yaranacaq istənilən gərginlik təkcə neft qiymətlərinə deyil, Körfəzdən tutmuş Cənubi Qafqaza qədər bütün ölkələrə təsir göstərəcək. Çin kimi əsas tərəfdaşların Tehranla iqtisadi bağları qoruyub saxlaması molla rejimi üçün həyati əhəmiyyət kəsb edir. ABŞ-nin qələbəsi isə Tehranın Çin kimi müttəfiqlərinin köməyi ilə bu səddi aşıb-aşmayacağından asılı olacaq".