Təkrar cinayətə yol uzaqda deyil

Məhkum azadlığa çıxanda ilk növbədə qohum-əqrəba ondan üz döndərir
Xüsusilə də bu qadındırsa, onun üzərindən xətt çəkilir

Azərbaycanda keçmiş məhkumların təkrar cinayət törətməsində artım müşahidə olunur. Sanki bir dəfə həbsxana həyatı yaşayan insanlar təkrar cinayət törədib, cəzaçəkmə müəssisəsinə qayıtmağa can atırlar.

Qeyd edək ki, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur. Bu tədbirlər həmin şəxslərin qeydiyyata alınması, onlar üçün sosial adaptasiya mərkəzlərinin yaradılmasını, onlardan daimi yaşayış sahəsi olmayanların Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsini, həmçinin bu insanların peşə hazırlığı işinin təşkilini, onların işlə, tibbi və sosial yardımla təmin olunmasını əhatə edir.

Bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən 26 oktyabr 2011-ci il tarixli 11/7-197 nömrəli Əmrlə Tədbirlər Planı təsdiq olunub. Amma hələ ki, ölkədə məhkumların sosial adaptasiyası yoxdur.
Bəs görəsən, məhkumluq həyatı yaşayan insanların təkrar cinayət əməli törədərək dəmir barmaqlıqlar arasına düşməsinə səbəb nədir?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, ölkədə məhkum olunmuş şəxslərə münasibət birmənalı deyil. "Cəmiyyətimizdə məhkum olunmuş şəxslərə münasibət qeyri-adekvatdır. Onları cəmiyyətin itirilmiş üzvləri kimi qiymətləndirirlər. Məhkum azadlığa çıxandan sonra birinci növbədə qohum-əqrəba ondan üz döndərir. Xüsusilə də bu qadındırsa, onun üzərindən xətt çəkilir. İkincisi, sosial maneələrdir. Azadlığa çıxan şəxs iş tapmaqla bağlı xeyli çətinliklər çəkir. Bir çox hallarda yenidən iş tapmamaq onları cinayət etməyə təhrik edir. Çünki məhkum olunmuş şəxslərin işə götürülməsindən hər kəs imtina edir. Çox az, təsadüfi hallarda keçmiş məhkumu işə götürürlər. Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq idarəsi bununla bağlı müəyyən işlər görməyə cəhd edir. Hətta ötən illərə nisbətən bu il daha çox məhkumun işə götürülməsi ilə bağlı fikirlər səsləndirilir. Amma bir qayda olaraq onları işə götürmürlər. Özəl sektor ümumiyyətlə məhkum olunmuş şəxslərlə əlaqədə olmağı xoşlamır. Bu da həmin şəxslərin yenidən cinayət etməsi imkanlarını daha da genişləndirir. Çünki onlar nə cürsə yaşamalıdır. Əgər yaşamaq imkanları məhduddursa, yaşamaq üçün zəruri olan imkanlar yoxdursa, həmin şəxs nə etməlidir?”.

Ə.Nuriyev qeyd edir ki, məhkumların yenidən həbsxanalara qayıtmasını zəruri edən şərtlərdən biri də həbsxanalardakı təminat sistemidir. "Çünki həbsxanada qida ilə, yaşayış yeri ilə təmin etmə kimi imkanlar var”.

Komissiya üzvünün sözlərinə görə, daha bir problem cəza çəkdikləri dönəmdə zəruri ixtisaslara yiyələnmək imkanlarının yetərli olmamasıdır. Cəmiyyət daim dəyişir. İndi daha çox tələb olunan ixtisaslar var: "Ancaq bu gün cəzaçəkmə müəssisələrində bununla bağlı geniş tədbirlər həyata keçirmək mümkün deyil. Bu gün onlara ənənəvi ixtisaslar öyrədilir: çilingər, xarrat, elektrik quraşdırıcısı və s. Bu məsələ Penitensiar Xidmətin səlahiyyətində deyil. Ancaq Xidmətdə məhkumların yeni peşələrə yiyələnməsinə çalışılır. Biz həmişə deyirdik ki, Nazirliyin cəzaçəkmə müəssisələrində məşğulluğun artırılması ilə bağlı vahid proqramı olsa, yaxşı olar. Əgər bu mümkün olsa, həm məhkumların işlə təmin olunaması, həm də yeni peşələrə yiyələnməsi baş verəcək. Belə olan halda məhkumlar daha tez islah olunurlar. Məhkumların əsas problemlərindən biri yaşayış yerləri ilə bağlıdır. Bilirsiniz ki, 2007-ci ildə azadlığa çıxan şəxslərin cəmiyyətə adaptasiyası ilə bağlı qanun qəbul edilib. Bugünə qədər həmin sığınacaqlar fəaliyyət göstərmir. Nəhayət, həmin sığınacaqlardan biri tikilir, ancaq tikintisi başa çatmayıb. Bu özü də məhkumlar üçün əlavə problem yaradır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, bu istiqamətdə əsas yük Penitensiar Xidmətin üzərinə düşür və qurum bu sahəyə diqqət ayırmalıdır: 

"Düzdür, son vaxtlar cəzaçəkmə müəssisələrində müəyyən məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür, müasir, beynəlxalq standartlara uyğunlaşdırılıb. Amma məsələnin həssas tərəfi diqqətdən yayınıb. Azadlıqdan məhrum olunan şəxslər islah olmaq əvəzinə daha da kriminallaşırlar. Bu isə onların düşdüyü mühitlə bağlıdır. Daha yaxşı olar ki, ayrı-ayrı cinayətlər üzrə təqsirləndirilən məhbuslar eyni yerdə olmasınlar. Yaş fərqinə də fikir vermək lazımdır. 18 yaşlı bir gənclə 50 yaşlı cinayətkarın eyni mühitdə olması təhlükəli bir haldır. Elə adamlar var ki, 60 yaşı var və fasilələrlə ömrünün 20 ilini həbxsanada keçirib. 20 yaşlı gənc onun yanında necə islah olacaq. Təbii ki, onun tökdüklərini yığacaq və o da təkrar cinayətə meyilli olacaq. Hətta bəzi hallarda belə adamlar gəncləri qisas hissi ilə doldurur və azadlığa çıxan kimi yenidən cinayət törətməsinə rəvac verir. Bu baxımdan hesab edirəm ki, Penitensiar xidmət məhkumlara qarşı differensial yanaşma ortaya qoymalıdır. Digər tərəfdən də maarifləndirmə işi olduqca yüksək səviyyədə aparılmalıdır. Formal xarakterdə yox, ciddi psixoloji xidmət işi olmalıdır”.

Şəymən