Elçin Əlibəyli: "Sosial çarxlar televiziyalar deyil, müvafiq qurumlar, QHT-lər, dövlət müəssisələri və s. tərəfindən hazırlanıb, televiziyalara təqdim edilməlidir"
Telekanallarda sosial çarxlar niyə azdır? - FİKİRLƏR HAÇALANDI
Ələsgər Məmmədli: "Özəl telekanallara xeyli vəsait ayrılır. Kanallar isə bu vəsaitləri sosial yönümlü layihələrə, videoçarxlara deyil, hər hansı kommersiya seriallarının çəkilməsinə ayırır"
Elçin Əlibəyli: "Sosial çarxlar televiziyalar deyil, müvafiq qurumlar, QHT-lər, dövlət müəssisələri və s. tərəfindən hazırlanıb, televiziyalara təqdim edilməlidir"
Elçin Əlibəyli: "Sosial çarxlar televiziyalar deyil, müvafiq qurumlar, QHT-lər, dövlət müəssisələri və s. tərəfindən hazırlanıb, televiziyalara təqdim edilməlidir"
Xarici telekanallarda yayımlanan sosial yönümlü videoçarxlar, başqa cür desək "kamu spotu” yəqin ki, bir çoxlarımızın diqqətini çəkib.
Müxtəlif mövzularda çəkilən bu videoçarxlar əhalinin mövcud məsələlər üzrə maarifləndirilməsinə, sağlamlıq, həyat tərzi və s. sahədə fərqli şəkildə çağırışlar edilməsinə yönləndirilir. Təəssüf ki, Azərbaycan kanallarında bu mövzularda videoçarxların nümayiş olunmasına çox az hallarda rast gəlirik.
Bunun səbəbini Sherg.az-a izah edən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib ki, qanunvericilikdə sosial yönümlü videoçarxların məcburi yayımlanması ilə bağlı müddəalar yer alıb. Hətta müəyyən olunan faiz həcmi də aydın şəkildə qanunda öz əksini tapıb. Bu prosesləri tənzimləyən dövlət orqanının Milli Televiziya və Radio Şurası (MTRŞ) olduğunu diqqətə çatdıran Ə. Məmmədlinin sözlərinə görə, o həm də sifarişçi qismində çıxış edə bilər:
"Məsələnin narahat edici tərəfi odur ki, MTRŞ özəl telekanallara xeyli vəsait ayırır. Kanallar isə bu vəsaitləri sosial yönümlü layihələrə, videoçarxlara deyil, hər hansı kommersiya seriallarının çəkilməsinə ayırır. Əslində isə həmin dövlət qurumu vəsaiti sosial yönümlü videoların çəkilməsinə yönəltməli idi.
Əgər bu hətta serial olsa belə elə tərzdə çəkilməlidir ki, sosial-ictimai problemlərin müxtəlif yollarla həllinə yönəlsin. Amma MTRŞ sadəcə pulu bölüşdürməyi nəzərə alır.
Əslində dövlət televiziya kanallarına kommersiya məqsədləri üçün pul verməməlidir. Əgər veribsə, bunu hökmən sosial məqsədlərə yönəltmək lazımdır. Məsələn, əlillərin müdafiəsi, QİÇS xəstəliyi, narkomaniya kimi problemlərlə mübarizə, bir sosial təbəqənin qorunması, uşaq hüquqlarının təbliği kimi məsələlərə istiqamətlənmək olar. Təəssüf ki, bizə dövlət pul ayırmasına baxmayaraq "kamu spotu” deyilən, ictimai faydalı qısa roliklər efirə yol tapmır. Səbəb isə qeyd etdiyim kimi, tənzimləyici qurumun bu haqda düşünməməyidir”.
Tanınmış teleaparıcı, media eksperti Elçin Əlibəyli isə sosial çarxların müvafiq qurumlar, QHT-lər, dövlət müəssisələri və s. tərəfindən hazırlanıb, televiziyalara təqdim edilməli olduğunu vurğulayıb. E.Əlibəyli iddia edir ki, televiziyalar sosial çarxların yayımlanmasına qarşı deyillər, amma qurumlar bu rolikləri hazırlamır:
"Videoçarxlar televiziyalar təqdim olunarsa, onlar qeyd - şərtsiz qəbul edib, yayımlayırlar. Aidiyyatı qurumlar tərəfindən belə layihələrin hazırlanmamasının səbəbi isə odur ki, sosial çarxların çəkilməsinə vəsait lazımdır. Ortalama bir çarxın ərsəyə gəlməsi qiyməti 5 min manatdan çox başa gəlir. Bu pulu isə ödəyəcək qurum yoxdur.
Məsələn, Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi hazırlayır və onların çarxları pulsuz efirlərdə yerləşdirilir. Lakin mövcud mövzularla kifayətlənmək lazım deyil. Sosial çarxlarda təkcə "gəl vergini ödə”, "pensiyanı belə al” tipli çağırışlar olması kifayət deyil. Sosial çarx tarixi, mədəni ictimai fikrin yayılmasına yönəlməlidir. Təkcə bir nazirliyin marağı çərçivəsində olmamalıdır”.
Nümunələrlə fikrini izah edən ekspert deyib ki, ölkədaxili turizmlə bağlı çarxlar sosial maarifləndirici hesab olunur. Amma bununla bağlı videolar çəkilsə belə, efirlərə təqdim olunmur:
"Bu münasibət sistemi müəyyənləşməlidir. Televiziyalar sosial çarxları yayımlamağa borcludurlar. Onlar heç vaxt bundan imtina etmirlər. Heç bir qurum iddia edə bilməz ki, biz sosial çarx çəkdik bunu televiziyalar yayımlamadı.
QHT-lərə isə müvafiq layihələrlə bağlı pullar ayrılır. Onlar müəyyən iclaslar keçirməklə kifayətlənməməlidirlər. Bu qurumlar maarifləndirici təbliğat üçün elə vasitələrə pul xərcləyirlər ki, bunlar marağını və əhəmiyyətini itirmiş olur. Düşünün, feysbuk dövründə kim kağızda yazılan hər hansı çağırışa qulaq asacaq? Sosial yönümlü videoçarxlar hazırlamaqla isə həm efirdən yayımlamaq, həm "YouTube” kanalında, həm də sosial şəbəkələrdə yerləşdirib, təbliğ etmək haqqında düşünə bilərlər. Amma adıçəkilən qurumlar bununla bağlı layihələr həyata keçirmir.
Belə qənaətə gəlmək olar ki, sosial çarxların azlığının, yaxud ümumiyyətlə, olmamağının günahkarı televiziya deyil, sifarişçilərdir. Bu məsələdə Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin üzərinə daha çox məsuliyyət düşür.
Məsələn, iyulun 1-dən etibarən hərbi xidmətə çağırış başlayır. Qərarla bağlı müvafiq qurum olmazmı ki, əsgərlik, hərbi xidmətin əhəmiyyəti, vətən üçün qulluq etməyə çağırış ruhlu sosial çarx çəkib, televiziyalarda yayımlasın? Belə əhatəli layihələrə onların maddi vəziyyəti imkan versə belə, etmirlər. Təbliğat məsələsinə büdcədən pul ayrılır, amma bunlar lazımlı şəkildə xərclənmir”.
Aysel Aslan