“Zəhmət çəkib, ədəbi dilin qayda-qanunlarına cavab verən lüğət hazırlasınlar, sonra da aparıcılardan düzgün danışıq tələb etsinlər”
Telekanalları ittiham etmək çox asandır
“Dilçilik İnstitutu yaxşı olar ki, ortaya bir nəticə qoysun”
“Zəhmət çəkib, ədəbi dilin qayda-qanunlarına cavab verən lüğət hazırlasınlar, sonra da aparıcılardan düzgün danışıq tələb etsinlər”
“Zəhmət çəkib, ədəbi dilin qayda-qanunlarına cavab verən lüğət hazırlasınlar, sonra da aparıcılardan düzgün danışıq tələb etsinlər”
Televiziya və radioda dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Qeyd edilən sahələrdəki qüsurlar qrammatik və leksik pozuntularla müəyyənləşir. Terminlər, dialekt, şivə, neologizmlər düzgün qiymətləndirilmir. Mövcud qüsurların ən başlıcası morfoloji və sintaktik pozuntulardır.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Telekanalların dil mənzərəsi” mövzusunda "dəyirmi masa” keçirilib.
Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, yerli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, institutda monitorinq şöbəsi, "qaynar xətt” fəaliyyət göstərir.
Onun sözlərinə görə, Dilçilik İnstitutunun monitorinq şöbəsi tərəfindən dərman vasitələrinin içlik vərəqələrinin, reklam və afişaların dili ilə bağlı mütəmadi monitorinqlər aparılır: "Dil xalqın varlığıdır, xalqın mənəvi sərvətidir. Sərvəti də qoruyarlar. Xətaların qarşısını almaq üçün ana dilini gözəl bilmək və sevmək lazımdır. Təəssüf ki, şifahi danışıqda sözlərin sırası pozulur. Eyni zamanda ədəbi dilin normalarının, istər fonetik, istər morfoloji səviyyədə pozulması hallarına rast gəlinir. Azərbaycan dilində "narahatçılıq” sözü yoxdur. Lakin bu sözdən istifadə halları qalmaqdadır. Bunların qarşısını almaq üçün ilk növbədə məsuliyyətli və peşəkar olmaq lazımdır”.
Akademik qeyd edib ki, Dilçilik İnstitutu dil pozuntularının qarşısını almaq üçün inzibati cəza tədbirləri ilə bağlı təkliflər hazırlayacaq.
İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva isə dil pozuntularının qarşısını almaq üçün yaxın vaxtlarda cəza mexanizminin hazırlanmasına başlanacağını deyib. Şöbə müdirinin sözlərinə görə, telekanallarda ədəbi dil qaydalarının pozulması halları ilə bağlı vəziyyət getdikcə yaxşılaşır. S.Əliyeva bildirib ki, televiziya aparıcılarının dilində ən çox narahat edən məsələ televiziya efirlərində türk sözləri və intonasiyasıdır. Televiziyaların dil monitorinqini aparan zaman aparıcıların dilində qüsurların aradan qaldırılmasını müşahidə edirik. Bu məsələdə Dilçilik İnstitutunun monitorinq şöbəsi əməkdaşlarının rolu danılmazdır:
"Məni bu gün ən çox türk intonasiyasının, türk sözlərinin telekanallara axını narahat edir. Eyni zamanda, başqa dillərdəki sözlərdən yerli-yersiz istifadə hallarına da rast gəlinir. Azərbaycan dilində hər hansı xəbəri ifadə edəcək qədər sözlər var. Bunun üçün başqa dillərdən söz əlavə etməyə ehtiyac yoxdur. Bu dəfə monitorinqimizdə təkcə xəbər yox, digər verilişlərin də monitorinqi aparılıb. Bu həm də həmin aparıcıların öz üzərində işləməsi üçün vacibdir. Monitorinqlərin nəticəsində tələblərə əməl edən aparıcılar da var. Məsələn, Xəzər Televiziyasında Xoşqədəm Hidayətqızını nümunə göstərə bilərəm. Bu yaxınlarda onun verilişində oldum, Xoşqədəm xanım bir dəfə də olsun, türk sözlərindən istifadə etmədi. Baxmayaraq ki, o, illərdir Türkiyə vətəndaşı ilə evlidir. ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin dilində əvvəl türk dilinə xas ifadələr yer alırdı. Lakin bizim tövsiyələrimizdən sonra ciddi şəkildə aradan qaldırdığı hiss olunur. Televiziya aparıcıları Dilçilik İnstitutu əməkdaşlarının monitorinqindən nəticə çıxarırlar, bu nəzarəti öz üzərində hiss edirlər. Bizim əsas işimiz Azərbaycan dilinin qorunmasıdır, bunun üçün əlbir olmalıyıq. İnstitutumuzda həmçinin treninqlər də təşkil olunur. Dil problemlərini aradan qaldırmaq istəyənlər treninqlərdə iştirak edə bilərlər”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Nəzakət Qazıyeva isə qeyd edib ki, telekanallarda aparılan monitorinqlər zamanı həm fonetik, həm leksik, həm morfoloji, həm də üslubi səviyyədə normadan kənara çıxma halları aşkarlanıb.
Onun sözlərinə görə, monitorinqlərə AzTV, İTV, ATV, "Xəzər”, "Space”, "Lider” telekanallarında yayımlanan xəbər, xəbərdən törəmə və əyləncə tipli verilişlər cəlb olunub. N.Qazıyeva deyib ki, ingilis dilindən alınan sözlərdə tələffüz zamanı olduğu kimi saxlanılır, bu da fonetik normanın pozulmasına gətirib çıxarır: "Telekanallarda fonetik səviyyədə üstünlük təşkil edən norma pozuntularından biri də samitlərin tələffüzü ilə bağlıdır. "Qida” - "gida”, "qeyd” - "geyd” və s. nümunələri göstərə bilərik. Bundan başqa, vurğu düzgün qoyulmur. Vurğunun düzgün qoyulmamağı mənanın düzgün başa düşülməməyinə, hətta tamaşaçının yorulmasına gətirib çıxarır. Monitorinqlər zamanı dialekt faktlarına da rast gəlinib”.
İnstitut əməkdaşı əlavə edib ki, telekanalların dil monitorinqi zamanı yersiz alınmaların dilə gətirilməsi, dil normalarına əməl edilməməsi, şifahi nitqin yazıya təsiri, tələsik nitq normasından istifadə kimi pozuntulara rast gəlinib”.
Dövlət televiziyası da daxil olmaqla 6 telekanalın monitorinqə cəlb edildiyini xatırladan N.Qazıyeva deyib ki, fonetik səviyyədə ən çox pozuntu interferensiya halları ilə bağlıdır: "Məsələn, sentyabr, tibbi, texnika kimi sözlərdə "te” səsi "ç” kimi səsləndirilir. Fonetik səviyyədə ən çox diqqət çəkən qüsur samitlərin tələffüzü ilə bağlıdır. Məsələn, sözün əvvəlində "g” səsi, sözün sonunda "y” səsi ilə bağlı pozuntuları müşahidə edirik. Həmçinin, sözlərdə vurğunun doğru seçilmədiyi kimi hallar da müşahidə edilir. Məsələn, İstanbul, Ankara, Dehli, transfer, relyef sözlərində bu problemlər qeydə alınır. Yazının dilə təsiri, dialektdən irəli gələn tələffüz normalarının pozuntuları da qeydə alınıb”.
N.Qazıyeva bildirib ki, Azərbaycan Dövlət Televiziyasının efirində də pozuntu halları müşahidə edilir: "Dövlət telekanalının efirində də aparıcıların dilində kifayət qədər pozuntulara rast gəlirik. Dövlət televiziyasında daha çox interferensiya hadisəsini müşahidə edirik. Məsələn, İctimai Televiziyada aparıcı Saleh Bağırov qələbə sözünü gələbə kimi, Xəzər Televiziyasının efirində səhər verilişinin aparıcısı Xanım Yadigarlı "yeməklər” sözünü "yeməylər” kimi tələffüz edib. Bəzi xəbər verilişlərində aparıcıların emosionallığı, leksik səviyyədə norma pozuntuları, xarici terminlərdən yersiz istifadə olunması qeydə alınan qüsurlardır”.
Sözügedən monitorinqlə bağlı fikirlərini "Şərq”lə bölüşən tanınmış aparıcı, teletənqidçi Elçin Əlibəyli aşkar olunan nöqsanların həddindən artıq xırda detallar olduğunu deyib:
"Dilçilik İnstitutu vaxtı ilə mənim haqqımda da nitq qüsurludur açıqlamasını vermişdi. Halbuki nitq qüsuru fiziki qüsur deməkdir. Danışığında ciddi problem olan, şikəstliyi olan adamlara niqt qüsurlu deyirlər. Hansısa bir səsi və ya sözü düzgün tələffüz eləmirsənsə, bu, qramatik səhv hesab olunur və bu da çox kiçik bir problemdir. Ən maraqlısı isə odur ki, bütün bu problemlərin kökü Dilçilik İnstitutundan qaynaqlanır. İnstitut əməkdaşı natiqlik sənəti ilə məşğul olan insanlar üçün xüsusi bir lüğət hazırlamalıdır. 2016-cı ilin sonunda orfoepiya lüğəti çap olundu, hansı ki bu lüğətin özündə kifayət qədər ziddiyyətlər var. Məncə, Dilçilik İnstitutunun ortaya bir nəticə qoymadan telekanalları ittiham etməsi absurd yanaşmadır. Televiziya aparıcılarının dilində ciddi qüsurların olmasını hamı bilir. Amma problem, "ç”, "y” səsləri ilə bitmir. Aparıcı var ki, cümləni başlayır, lakin tamamlaya bilmir. Aparıcı var, 10 ildən artıqdır veriliş aparır, hələ də "k” səsini düzgün tələffüs edə bilmir. Bu problemlərdən danışmaq, ölçü götürmək lazımdır. Hansısa aparıcı bir dəfə "amma” əvəzinə, "ama” deyibsə, onu nitq qüsurlu adlandırmaq doğru deyil”.
E.Əlibəylinin sözlərinə görə, monitorinqlərin obyektivliyini şübhə altına alan bir məqam da ancaq özəl telekanalların hədəf kimi seçilməsidir. AzTV ilə İctimai Televiziyanın sadəcə adını çəkməklə kifayətləniblər, çünki dövlət televiziyalarının qüsurlarını aşkarlamaqdan qorxurlar. Regional televiziyaların vəziyyəti acınacaqlı haldadır, amma bir cümlədə belə adlarını qeyd edən olmadı. Prinsip etibarı ilə danışmayan, özünü müdafiə etməyən telekanalları ittiham edirlər. Bu isə onu deməyə əsas verir ki, monitorinqlərin nəticələri evdə oturub, tutulan təsadüfi qeydlərin toplusudur. Zəhmət çəkib, ədəbi dilin qayda-qanunlarına cavab verən lüğət hazırlasınlar, sonra da aparıcılardan düzgün danışıq tələb etsinlər. Dilçilik İnstitutu hələ də Orfoqrafiya lüğətindəki səhvlərini düzəldib qurtara bilmirlər. "Bloq” sözünü "q”, "blogger” sözünü "g” ilə yazırlar. Bu necə olur? Əvvəla, öz yanlışlıqlarını görsünlər. Alınma sözlərin yazılış qaydaları ilə bağlı hələ də yekun nəticə əldə edə bilmirlər ki, bu söz necə yazılmalıdır, necə deyilməlidir? Bu qədər problemlər fonunda kimsə "te”nin əvəzinə "ç” kimi səsləndirilir demək çox gülməli görünür”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb