“Telekanalların hərəsinə bir Etibar Babayev lazımdır”

Qulu Məhərrəmli: “İstənilən sahədə peşəkarı öz yerində görmək, əlbəttə çox xoşdur”



Xəbər verdiyimiz kimi, tanınmış telejurnalist Etibar Babayevə yeni vəzifə verilib. Məlumata görə, o, "Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. E.Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək. Məlumat ATV-dən təsdiqlənib.
Qeyd edək ki, E.Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.
Təyinatı dəyərləndirən tanınmış televiziya mütəxəssisi, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli hesab edir ki, E.Babayev kimi peşəkar televiziyaçının ATV - də Bədii Şuranın rəhbərliyinə gətirilməsi son illər televiziya sahəsində ən layiqli addımdır: "E.Babayev kimi layiqli bir kadrı AzTV-dəki yalançı akademiyanın qaranlıq pərdələri arxasından gün işığına çıxaran insanlara minnətdarlıq düşür. Məncə, bu addım Etibar bəyin yox, daha çox ATV-nin uduşudur... Əslində bu gün yaradıcılıq böhranı yaşayan ölkə telekanallarının hərəsinə bir Etibar Babayev lazımdır. İstənilən sahədə peşəkarı öz yerində görmək, əlbəttə çox xoşdur”.

Ayyət Əhməd