Televiziyalarda surdo-tərcümələrin olması mütləqdir

Bütün kateqoriyadan olan insanların xəbər almaq hüququ var
“Jest dili təkcə eşitməsində problemi olan insanlar üçün yox, sağlam olanlar üçün də faydalıdır”


(Əvvəli ötən saylarımızda)

Televiziyalarda mövcud olan problemlərdən danışarkən gündəmə gətirilən çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayan insanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Azərbaycan telekanallarında lal və karlar üçün informasiya verilməməsi həmin təbəqəni məlumat blokadasında yaşamağa məhkum edir. Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edirlər.

Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar. Bu isə bir qrup vətəndaşın dünyadan xəbərsiz qalmasına gətirib çıxarır. Bir vaxtlar xəbərlər proqramını surdo-tərcüməçi ilə yayımlayan Azərbaycan Dövlət Televiziyası (AZTV) artıq uzun müddətdir ki, bu ənənəyə son verib. Bu prosesin nə vaxta qədər sürəcəyi, problemin nə vaxt öz həllini tapacağı isə hələ ki, sual altındadır. Xatırladaq ki, əvvəllər AzTV-də saat 17-də efirə çıxan "Xəbərlər” proqramında surdo-tərcüməçilər çalışıb. Lakin xəbərlərin titrlərlə verilməsindən sonra bu tərçüməçilərə ehtiyac qalmayıb. Yəni fiziki qüsurlu şəxslərin həmin titrləri oxuması ilə televiziyada surdo-tərcüməçi ştatlarına ehtiyac qalmayıb. Ancaq problem ondadır ki, Azərbaycan telekanallarında proqramların böyük əksəriyyəti titrlərlə verilmir. Məlumat üçün bildirək ki, Türkiyə telekanallarında nəinki bu ölkənin ictimai-siyasi həyatında ciddi rol oynayan informasiya məlumatları, hətta bəzi seriallar və digər böyük həcmli proqramlar da surdo-tərcümələrlə təqdim edilir. Bu baxımdan surdo-tərcümələrin Azərbaycan televiziyalarından birdəfəlik yığışdırılması heç də yaxşı hal kimi dəyərləndirilmir. Əksəriyyət bunu lal və karların hüquq pozuntusu kimi görür. Ekspertlərə görə, bu məsələdə iki amilə diqqət yetirmək - lal və karların sayı və hansı coğrafiyanı əhatə etməsi məsələlərini dəqiqləşdirmək lazımdır. Ancaq istənilən halda dövlət büdcəsindən maliyyələşən Az TV və İTV surdo-tərcümələr verməyə borcludur. Ümumiyyətlə, TV-lər Azərbaycan vətəndaşları arasında fərq qoymamalıdır. Fiziki qüsurlu insanların da informasiya almaq haqqı var. Surdo-tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salır, onların zəruri məlumatları əldə etməsinə şərait yaradır. Hətta bəzi mütəxəssislərin fikrincə, surdo-tərcümə xəbərlərlə yanaşı, tok-şou xarakterli verilişlərdə də mütləq olmalıdır. Qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya telekanallarında da surdo-tərcümə geniş yayılıb. Əlbəttə, bu cür tərcümənin efirdə gedən bütün verilişləri əhatə etməsi bəlkə də mümkünsüzdür. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Məlumdur ki, bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul ayrılır. Əgər telekanallar istəyərsə, serialların içərisində lal və kar şəxslər üçün tərcümələr tətbiq edə bilərlər. Ekspertlərə görə, subtitrlər, məhdud alt yazılar surdo-tərcümələri tam əvəz edə bilməz. Hansısa xəbərdə bir cümləlik subtitr verməklə bütöv xəbəri anlatmaq mümkün deyil. Ona görə də Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunsa da, surdo-tərcümələr də qalmaqdadır. Təəssüflər olsun ki, əksər kanallar maliyyə məsələsində simiclik edirlər. Əlavə vəsait tələb olunduğuna görə, surdo-tərcüməçi tutmurlar. Anlamırlar ki, televiziya kanalları biznes fəaliyyəti ilə yanaşı, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar. Hazırda surdo-tərcüməçilər azdır, çünki onların işinə tələbat yoxdur, əgər tələbat artarsa, tərcüməçilərin də sayı çoxalar. Aydındır ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələrə yer verməməsi heç də hüquq pozuntusu deyil. Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır.
Mövzu ilə bağlı "Şərq”ə danışan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, hər bir vətəndaşın televiziyaya baxmaq, əylənmək, o cümlədən, gündəlik yeniliklərlə tanış olmaq hüququ var: "Sözsüz ki, fiziki imkanları məhdud olan şəxslər də bu hüquqdan yararlanmalıdır. Türkiyə televiziyalarının məlum təcrübəsini alqışlayıram. Təəssüf ki, Azərbaycan teleməkanında surdo-tərcümədən istifadə olunmur. Bunun səbəbi mənə məlum deyil. Bəlkə də kadr çatışmazlığı var. Ya da bu fəaliyyət rentabelli sayılmır. Amma ölkəmizdə kifayət qədər fiziki imkanları məhdud olan tamaşaçı var. Telekanallar özlərinin yayım siyasətində bu amili nəzərə almalıdır. Demirəm ki, 24 saat surdo-tərcümə xidmətindən istifadə olunsun. Amma əsas xəbər proqramında, maarifləndirici verilişlərin bəzilərində surdo-tərcümə xidmətini tətbiq etmək olar”. JAM sədri bildirib ki, fiziki imkanları məhdud olan insanlar, xüsusilə lal və karlar üçün avadanlıq satışını həyata keçirən şirkətlər var: "Həmin şirkətlər surdo-tərcümə xidmətinin reallaşmasına maddi dəstək verə bilərlər. Bu, həm də onların reklamına xidmət etmiş olar. Müxtəlif dövlət qurumları sosial layihələr icra edirlər. Hesab edirəm ki, həmin layihələr üçün nəzərdə tutulan vəsait çərçivəsində surdo-tərcümə xidməti də təşkil oluna bilər. Xüsusilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu problemə həssas yanaşması vacibdir”.
"Həftə içi” qəzetinin əməkdaşı, tanınmış jurnalist Naibə Qurbanova da bildirib ki, əlillərin hüquqları haqqında Konvensiyada qeyd olunub ki, onların digərləri ilə bərabər səviyyədə informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq hüququ var: "Konvensiyaya qoşulan dövlətlər, o cümlədən Azərbaycanda görmə-eşitmə və nitq qabiliyyəti zəif olan şəxslər üçün müxtəlif növ tərcümə xidmətləri təmin edilməlidir. Həmin təbəqənin informasiyadan istifadə imkanını təmin etmək üçün onlara kömək və dəstək göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək vacibdir. Bura həmçinin eşitmə və danışma qüsuru olan insanlar üçün surdo-tərcümələr də daxildir. Bununla təkcə televiziyalar yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məşğul olmalıdır. Telekanallar ayrıca ştat açmamaq üçün, əlavə maaş məsələsinə görə, surdo-tərcüməni ləğv edə bilər. Amma nəzərə almaq lazımdır ki, televiziyalara eşitmə və danışma qüsuru olan insanlar da baxır. Surdo-tərcümənin olmaması onların tamaşaçı hüququnun pozulması deməkdir”.
N.Qurbanova bildirib ki, bu sahədə mütəxəssis sarıdan problem ola bilməz: "Çünki pedaqoji təmayüllü ali məktəblərdə müvafiq ixtisaslar var. Kadr da kifayət qədərdir, çünki son illər açılan uşaq-inkişaf mərkəzlərində məhz həmin kadrlar çalışır. Bu, telekanallar üçün əlavə yük ola bilər, amma aidiyyəti qurumlar surdo-tərcümələrlə bağlı mütləq hər hansı addımlar atmalıdır. Milli Teleradio Şurası da bununla bağlı telekanallara göstəriş verə bilər. Yeri gəlmişkən, jest dili təkcə eşitməsində problemi olan insanlar üçün yox, sağlam olanlar üçün də faydalıdır. Artıq sübut olunub ki, işarə dili beyin və dil bacarığının inkişafı məsələsində olduqca təsirlidir”.
"Müsavat.com” saytının baş redaktoru Xalid Kazımlı özəl telekanalların belə bir öhdəlik daşımasından xəbərsiz olduğunu deyib: "Televiziyalarda surdo-tərcümələrin ləğv olunmasının səbəbi maliyyə ilə bağlıdır. Ümumiyyətlə isə bizdə bütün kateqoriyalardan olan insanlara qarşı qəribə bir etinasızlıq var. O səbəbdən lal-karlara qarşı laqeydliyin olması mənə təəccüblü deyil”.
Baş redaktorun fikrincə, lal-karlar üçün sadəcə xəbərlər proqramının tərcüməsi kifayət etmir: "Əslində əyləncə proqramlarına da surdo-tərcümələrin tətbiq olunması çox müsbət olar”.
"Pia.az” saytının baş redaktoru, tanınmış jurnalist Azər Qaramanlı isə bəyan edib ki, özəl telekanallarda surdo-tərcümələrin hansı səbəbdən olmamasını telekanal rəhbərlərindən soruşmaq lazımdır: "Dövlət televiziyalarında surdo-tərcümələrin olması vacibdir. Hesab edirəm ki, bu, məcburi olmalıdır. Söhbət burda tam olaraq eşitmə və danışma qüsuru olan insanların informasiya almaq üçün zəruri ehtiyacından gedir və dövlət də bu ehtiyacı ödəməlidir. Yaxud dövlət eşitmə və danışma qüsuru olan insanlar üçün ayrıca kanal açmalıdır ki, bu insanlar həm zəruri informasiya ilə təmin olunsunlar, həm də özlərinin digər əyləncə və istirahətlərini digər insanlar kimi təmin etsinlər. Özəl telekanallara gəlincə, məncə bu, könüllü olmalıdır. Lakin özəl kanalların da bir sıra verilişlərdə, xüsusən, informasiya və elmi-araşdırma verilişlərində surdo-tərcümələrin olması yaxşı olardı. Hesab edirəm ki, eşitmə və danışma qüsuru olan insanların pozulan bu hüquqları qanunla tənzimlənməli və dövlət televiziyalarında surdo-tərcümələrin olması məcburi hala gətirilməlidir”.
"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov da məsələnin çox aktual olduğunu deyib: "Fiziki qüsurlu şəxslər də bu ölkənin vətəndaşlarıdır. Onlar da informasiya əldə etmək, məlumat toplamaq hüququna malikdirlər. Bu baxımdan düşünürəm ki, ən azından dövlət televiziyasında, xüsusən də İctimai Televiziyada surdo-tərcümələrin olması vacibdir. Özəl telekanallara isə bununla bağlı tövsiyyələr verilə bilər. Yaxşı olar ki, MTRŞ özəl televiziyalarda da surdo-tərcümələrin olması üçün təşəbbüslər irəli sürsün”.
İsmayıl



Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb