Zəngəzur dəhlizinin regional nəqliyyat bağlantılarının inkişafında mühüm rol oynayacağı gözlənilir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Türkiyə ərazisində, xüsusilə Qars-Naxçıvan istiqamətində dəmir yolu bağlantısının yaradılması ilə bağlı işlər davam etdirilir:
“Azərbaycan istiqamətində dəmir yolu infrastrukturu ilə bağlı layihələrin tamamlanması nəzərdə tutulur”.
Nazirin sözlərinə görə, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində də infrastrukturun qurulması ilə bağlı məsələlər diqqətdə saxlanılır.
O, Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar çərçivəsində bu istiqamətdə müəyyən irəliləyişlərin olduğunu qeyd edib:
“Nəqliyyat bağlantılarının inkişafı Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən Orta Dəhlizin yeni və mühüm istiqamətinin formalaşmasına imkan verəcək”.