Azərbaycan-Türkiyə strateji müttəfiqliyi təkcə bəyanat xarakterli deyil - RƏY

  • Hakan Fidanın səfərində enerji təhlükəsizliyi, logistika və strateji müttəfiqlik məsələləri geniş şəkildə müzakirə olunub

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana səfəri iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirilən görüşlərdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, enerji və logistika sahəsində əməkdaşlıq, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu səfər həmçinin Cənubi Qafqazda gedən geosiyasi proseslər fonunda Bakı və Ankaranın mövqelərinin əlaqələndirilməsi baxımından diqqət çəkir.

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev Sherg.az-a bildirib ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda yüksək səviyyəli görüşlər keçirib. Səfər həm formatı, həm də müzakirə olunan mövzuların əhatə dairəsi baxımından iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə davam etdiyini bir daha nümayiş etdirir:

“Prezident İlham Əliyev bu gün Hakan Fidanı qəbul edib. Görüşdə türkiyəli qonaq Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb, İlham Əliyev də öz növbəsində minnətdarlığını bildirərək qarşılıqlı salamlarını göndərib. Söhbət zamanı tərəflər Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini vurğulayıblar. Xüsusi qeyd olunub ki, əməkdaşlıq "bir millət, iki dövlət" prinsipi əsasında ilbəil daha da möhkəmlənir. Görüşdə həmçinin enerji sahəsindəki əməkdaşlığın strateji əhəmiyyətinə toxunulub və alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Səfərin əvvəlində Xarici İşlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanı qarşılayıb. Nazirlik tərəfindən yayılan məlumatda vurğulanıb ki, bu səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir. Qarşılamadan sonra iki nazir arasında təkbətək görüş keçirilib. Görüşdə enerji təhlükəsizliyi, logistika və strateji müttəfiqlik məsələləri geniş şəkildə müzakirə olunub. Bu mövzular hazırkı beynəlxalq və regional şəraitdə hər iki ölkə üçün prioritet xarakter daşıyır”.

N. Həmzəyev qeyd edib ki, Hakan Fidanın səfəri Azərbaycan-Türkiyə əlaqələrinin təkcə simvolik deyil, institusional səviyyədə də davamlı və çoxqatlı xarakter daşıdığını göstərir:

“Energetika, logistika və təhlükəsizlik məsələlərinin paralel müzakirə olunması iki ölkənin regional layihələrdə əlaqələndirilmiş mövqe nümayiş etdirməyə davam etdiyinə işarədir. Bu cür tez-tez təkrarlanan yüksək səviyyəli təmaslar Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təkcə bəyanat xarakterli deyil, praktiki əməkdaşlıq mexanizmləri ilə də dəstəkləndiyinin göstəricisidir. Səfər bir daha təsdiqlədi ki, iki qardaş dövlət arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələr ardıcıl və planlı şəkildə dərinləşməkdə davam edir”.