Həkimin sözlərinə görə, siqaret çəkən insanların da ağciyər xərçənginə tutulma riski böyükdür
Ölkəmizdə onkoloji xəstələrin sayı artıb. Nəinki ölkəmizdə, demək olar ki, dünyada onkoloji xəstələr getdikcə çoxalır. Mütəxəssislərin proqnozuna görə isə yaxın gələcəkdə ölənlərin 70 faizi xərçəngdən dünyasını dəyişəcək...
Bütün dünyada onkoloji xəstəliklərin artmaqda olduğunu vurğulayan "Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazovun "Şərq”ə açıqlamasına görə, buna rəğmən heç bir səlahiyyətli qurum, beynəlxalq təşkilat birmənalı olaraq bu cür bəyanat yaya bilməz. O, bu kimi proqnozların sadəcə hansısa mütəxəssislər tərəfindən proqnozlaşdırıla biləcəyini deyib:
"Azərbaycanda ölümə ən çox səbəb olan xəstəliklər arasında şəkərli diabet, piylənmə və onun ağırlaşmalarıdır. Amma o fikirlə razıyam ki, son illər xərçəngin arealı həddindən artıq genişlənib. Bunun birinci və ən ciddi səbəbi ekoloji amillərdir. Yəni insanların ekoloji ətraf mühitin çirklənməsi, qidalanma rejiminin dəyişməsi bu məsələnin əsasında dayanan əsas faktorlardır. Ətraf mühitin, içməli suyun, havanın çirklənməsi, məişətdə, gündəlik həyatımızda həddindən artıq kontragenlərin olması insan orqanizminə mənfi təsir edir. Bundan başqa, qidalanma rejimi də mühümdür; bu gün bütün dünyada süni, konserv olunmuş qidaların və onların tərkibinə daxil edilən qida əlavələrinin çeşidlərinin, genetik modifikasiya olunmuş qidaların artması da insan orqanizmi üçün şiş təhlükəsi yaradır.
Qida olaraq qəbul etdiyimiz bütün məhsullar sellofan torbalar, plastik qabların içində saxlanılır. Geyim olaraq neçə faiz pambıq və yun parçalardan istifadə edirik? Çirkli hava da üstəlik, ağciyər xərçəngi xəstələrinin sayının sürətlə artmasına yol açır. Televizor və telefonlar da xərçəng riskini artırır”.
Həkimin sözlərinə görə, siqaret çəkən insanların da ağciyər xərçənginə tutulma riski çox böyükdür. Qəbizlik və mədə- bağırsaq problemi isə yoğun bağırsaq xərçənginə səbəb olur. Qadınlarda isə harmonal pozuntular və stress süd vəzi xərçəngi ilə özünü göstərir”.
S.Arazov deyib ki, xərçənglə mübarizədə ən əhəmiyyətli üsul olaraq, xəstəlikdən qorunma yollarının tanınması və erkən diaqnoz qoyulması ön plana çıxır. Onun sözlərinə görə, idmanla məşğul olmaq, qidalanmaya fikir vermək, çox hərəkət etmək, az yemək, bir sözlə, sağlam həyat tərzinə keçmək onkoloji xəstələrin sayının azalmasına səbəb ola bilər:
"Xərçəngdən qorunmaq üçün zəruri hallardan biri meyvə, tərəvəz və süd məhsulları ilə qidalanmaya üstünlük verilməsidir. Gündəlik fiziki fəallıq artırılmalı və gün ərzində ən azı yarım saat gəzmək lazımdır. Bir də insanı ölümə aparan 3 ağ qida - un, duz və şəkərdən uzaq durmaq lazımdır”.
Şəymən