Təm-təraqa son qoyulur

Qəbiristanlıqlar müəyyən formaya düşəcək



"Azərbaycanda məzarlıqlarla bağlı yeni qanun layihəsinə Nazirlər Kabineti tərəfindən baxılıb, hazırda yekun müzakirələr gedir, növbəti mərhələdə qanun layihəsi Milli Məclisə təqdim olunacaq”.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, sənədlə bağlı heç bir problem yoxdur. Komitə sədri qanun layihəsinin məğzi barədə də məlumat verib: "Qanun layihəsində məzarlıqlar, dəfn mərasimləri, qəbiristanlıqların yerləşməsi, qəbirlərin ölçüsü, müvafiq dinlərə uyğun qəbirlərin hazırlanması və digər məsələlər müəyyən edilib”.

Məzarlıqla bağlı hazırlanan qanun layihəsinə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri qeyd edib ki, bir sıra dini məsələlərə başdansovdu yanaşmaqdansa, konkret qanun layihələri hazırlamaq daha məqsədəuyğundur: "Yas mərasimlərində açılan israfçı ehsan süfrələri ilə bağlı aparılan təbliğat işi, edilən tövsiyələr müsbət nəticə vermədi və birbaşa Qafqaz Müsəlmanları İdarəsinin lehinə həll olundu. Çünki burda könüllülük prinsipi var idi. Ancaq məzarlıqlarla bağlı qanun layihəsi qəbul olunarsa, məsələyə heç kim qarışa, yəni "mən belə istəyirəm” deyə bilməyəcək. Bu baxımdan məzarlarla bağlı müəyyən standartların olması müsbət haldır. Amma bir şeyi qeyd edim ki, ümumiyyətlə, islam dinində sinədaşı anlayışı yoxdur. Sadəcə məzarın baş tərəfinə müəyyən ölçülü bir daş qoyulur və bununla da həmin yerin məzar olduğu bilinir, vəssalam, əlavə şeylərə ehtiyac görülmür. Yəni hündür başdaşı qoymaq və onun üzərinə ad-soyad yazmaq islam dininə sonradan daxil edilib. Fikrimcə, məzarlıqlar haqqında hazırlanan qanun bəzi problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Ən azından qəbiristanlıqlar müəyyən formaya düşəcək. Peyğəmbərimiz də vurğulayıb ki, qəbiristanlıqlar insanlara axirəti xatırladacaq şəkildə olmalıdır. Çünki bu halda məzarları ziyarət edib geri qayıdanlar digər insanlara qarşı xoş münasibət sərgiləyirlər”.

Ayyət Əhməd