Təmizlik işçisini zoralayan müəllimin dərs dediyi uşaqlara da..."

"Cinayət Məcəlləsinə görə, insana hədə-qorxu gəlib, onun haqqında hər hansı rişxəndedici məlumatı yaymaqla şantaj etmək, 3 ildən 8 ilə qədər həbs cəzasıdır”.
Bu barədə "Sherg.az”a Cəlilabad rayonunda müəllimin məktəbin təmizlik işçisini zorlayıb, şantaj etməsi barədə danışarkən "Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova bildirib. 
Onun sözlərinə görə, əslində pozğunluğun orta məktəbdə baş verməsi, şantaj edən tərəfin müəllim olması daha da ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir:
"Düzdür, qanunvericilikdə bu nəzərdə tutulmur, amma təhsil ocağında belə hadisənin baş verməsi yolverilməzdir. Çox zaman şantajla üzləşən qadınlar və kişilər polisə müraciət etməyə çəkinir. Halbuki, vaxtında polisə müraciət edilsə, bəlkə də videogörüntülərin, şantaj materiallarının yayılmasının qarşısı alınardı. Ona görə, insanları məlumatlandırmaq lazımdır ki, şantaj vasitəsindən asılı olmayaraq, dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır”.
Qadını zorlayan və onu şantaj edən şəxsin təhsil işçisi olmasına da toxunan G. Səfərova bu məsələyə ciddi yanaşılmasının tərəfdarıdır:
"Həmin orta məktəbdə müxtəlif yaş qruplarında uşaqlar təhsil alır. Oxşar hadisə həmin məktəbdəki uşaqlara qarşı da törədilə bilər. Biz zorakılıq dedikdə yalnız cinsi zorakılıq tərəfini izah edirik. Lakin toxunma, seksual xarakterli hərəkətlər də zorakılığa aiddir. Bütün bunları tam çatdırmadığımıza görə, uşaqlar özlərinə qarşı yönələn hərəkətləri tam dərk etməyə bilər. Həmin müəllimin dərs dediyi uşaqlara qarşı da hansısa uyğunsuz hərəkətlər etməsi istisna deyil”.
G. Səfərova onu da əlavə edib ki, təmsil etdiyi birliyin adından Azərbaycan Dövlət Pedaqoji Universitetinə yazılı müraciət ünvanlayaraq, müəllimlik ixtisasında təhsil alanlar üçün "Uşaq müdafiəsi” fənninin keçirilməsini təklif edib:
"Uşaqları necə müdafiə etməliyik və müəllim uşaqlara qarşı zorakılıq törətdikdə onu nələr gözləyir – istiqamətində maarifləndirmə həyata keçiriləcək. Orta məktəblərdəki psixoloqlar da bu problemlərlə bağlı ciddi məşğul olmalıdırlar”.
Qeyd edək ki, Cəlilabadın Muğan kənd tam orta məktəbin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək, onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsi ilə videoqeydiyyata alıb. Bundan sonra müəllim yenidən həmin qadına cinsi əlaqəyə girmək məqsədilə onu şantaj edib. Qadın etiraz etdiyinə görə, müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.
Aysel Aslan