Test üsulu ləğv edilmədi
Sadəcə, TQDK-nın səlahiyyətləri azaldıldı
Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasını nəzərdə tutur. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılıb.
Qeyd edək ki, TQDK-nın ləğv olunması ilə bir sıra suallar meydana çıxarıb. Bu suallardan ən əsası qəbul imtahanının keçirilməsi ilə bağlıdır. Görəsən, TQDK-nın ləğvi ilə test üsulu da ləğv olunacaqmı? Və yaxud qəbul imtahanları hansı qaydada keçiriləcək?
Keçmiş təhsil naziri, professor Firudin Cəlilovun dediyinə görə, TQDK ilə DQMK-nin ləğv edilməsi və onların bazasında Dövlət İmtahan Mərkəzinin yaradılmasını yüksək və dərin islahatların başlanğıcı saymaq olar. Sabiq nazir deyib ki, TQDK-nı yaradarkən ona əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdu: "20 ildir bunu deyirəm: TQDK-nı yaradanda məqsədimiz bu olub ki, qurum təkcə tələbə qəbulu ilə məşğul olmasın, həm də hansı sahədə seçim varsa, tədricən orada sifarişlə işləyən bir quruma çevrilsin. Belə ki, dövlət qurumlarında işə qəbul olunmaq üçün testdən keçmək lazımdır. Qəbul imtahanları da tədricən ləğv olunmalıdır. Bunun da örnəkləri var. Bu dəyişikliklər aparılmalıdır”.
TQDK-nın sabiq sədri, filologiya elmləri namizədi Vurğun Əyyub isə deyib ki, TQDK-nın ləğv edilməsi və Dövlət İmtahan Mərkəzinin yaradılması ilə elə də böyük dəyişiklik olmayacaq. Onun sözlərinə görə, yeni qurumun hansı dəyişikliklərə səbəb olacağı haqqında indidən danışmaq tezdir: "Bunun üçün əlimizdə yeni yaradılmış qurumun əsasnaməsi olmalıdır. Ümumən bunu yeni qurum da hesab etmirəm. Çünki TQDK adından bəlli olduğu kimi, tələbə qəbulu ilə məşğul olurdu. Amma sonrakı illərdə bu komissiya dövlət qulluğuna qəbul olunmaq istəyənlərin də imtahanlarını keçirdi və digər işlərlə də məşğul oldu. Ona görə də hesab edirəm ki, sadəcə ad dəyişikliyi olub. Yəni Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının gördüyü işlərin məzmununa uyğun olaraq adı dəyişilib. Gələcəkdə nə fəaliyyət göstərəcək, necə edəcək, bu artıq Əsasnamədən irəli gələcək. Bu da hələki bəlli deyil. Test imtahanları necə keçiriləcək və ya ümumiyyətlə, keçiriləcəkmi, bilinmir. Əsasnamə ortada olsa, daha dəqiq bir söz deyə bilərik. Fikrimcə, çox da böyük dəyişiklik olmayacaq”.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə TQDK-nın ləğvi ilə bağlı şəxsi feysbuk hesabında yazıb: "TQDK-nın ləğv edilməsi haqqında Prezidentin Fərmanı müəyyən ajiotaj və anlaşılmazlıq yaradıb. Bəziləri artıq mövcud test sisteminin ləğvini düşünür, qəbulda rüşvət və korrupsiyanın olacağını proqnozlaşdırmağa başlayıblar.
Əslində yeni Fərman mövcud sistemin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Düşünürəm ki, idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə effektivliyin təmin olunması və paralelçiliyin aradan qaldırılması baxımından adı çəkilən fərmanı müsbət dəyərləndirmək olar. Fərman əslində mövcud iki dövlət qurumunun bazasında daha geniş səlahiyyətlərə malik olan yeni bir qurumun - Dövlət İmtahan Mərkəzinin yaradılmasını nəzərdə tutur. Əvvəl TQDK vardısa, indi DİM var. Qaranlıq qalan isə yalnız bir məqamdır. İndiki halda yeni formalaşan quruma kimin rəhbərlik edəcəyi, yeni idarəetmə orqanı olan direktorlar şurasının üzvlərinin kim olacağı hələlik müəyyənləşməyib. Bununla bağlı Prezidentin ayrıca Sərəncamı olmalıdır. Güman ki, bu təyinatlar indiki qəbul imtahanlarından sonra mümkün ola bilər. Çünki artıq imtahan kampaniyası başlanıb və indiki məqamda Prezidentin ciddi kadr dəyişiklikləri edəcəyi o qədər də inandırıcı görsənmir”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk olaraq ali məktəblərin bakalavriat səviyyəsinə qəbul imtahanlarının keçirilməsi üçün yaradıldığını vurğulayan "Xəzər” Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı deyib ki, sonradan bu quruma digər vəzifələr də həvalə edilib: "TQDK-nın əsas vəzifəsi müraciət edən tələbələri imtahan eləməkdən ibarət olmalı idi. Amma bu Komissiya imtahandan əlavə tələbələrin ixtisas seçimi və müxtəlif ali məktəblərə yerləşdirilməsi funksiyasını da yerinə yetirirdi. Hansı ki, bu işlərlə Təhsil Nazirliyi məşğul olmalıdır. Avropa ölkələrində və Amerikada da mərkəzi imtahan sistemini həyata keçirən təşkilatlar var. İmtahandan sonra abituriyentlərə nəticəni özündə əks etdirən bir kağız verirlər və bununla da həmin mərkəzin işi bitmiş hesab olunur. Yerdə qalan məsələrlə Təhsil Nazirliyi və tələbə qəbul edən universitetlər məşğul olur. Uzun müddətdir Azərbaycanda da bu sistemə keçidlə bağlı müzakirələr aparılırdı. Görünür, Dövlət İmtahan Mərkəzinin yaradılması məhz bu sistemə keçidlə bağlıdır”.
H.İsaxanlının sözlərinə görə, TQDK-nın ləğvi heç də test imtahanlarının ləğvi demək deyil. Ümumiyyətlə, bütün səlahiyyətlərin universitetlərə verilməsini də özündə əks etdirmir: "TQDK-nın ləğvi onun funksiyalarının daraldılması ilə bağlıdır. Artıq hər kəs öz işi ilə məşğul olacaq. Qurumun funksiyalarının mühüm bir hissəsini nazirlik götürəcək. Bir az da ali məktəblərin öz sözlərini demək imkanları olacaq”.
Baş verən islahatların texniki dəyişikliklərdən ibarət olduğunu vurğulayan professor deyib ki, bunun keyfiyyətə hansı formada təsir edəcəyini zaman göstərəcək: "İndidən keyfiyyət barəsində danışmaq üçün çox tezdir. Amma təhsil siyasətində universitetlərin rolu yaxşı mənada artırılsa, təhsilin keyfiyyətinə nail olmaq olar. Tələbənin seçim haqqı önəmli məsələdir. Psixologiyanı istəyən uşağı müəllimliyə salmaq düzgün siyasət deyil. Məncə, bu seçim ali məktəblər və nazirliyin qarşılıqlı əməkdaşlığı şəraitində seçilməlidir.
Millət vəkili, akademik Nizami Cəfərovun sözlərinə görə, yeni fərmanda tam olaraq TQDK-nın ləğvindən söhbə getmir. Sadəcə, ölkə başçısının fərmanı ilə TQDK-nın fəaliyyətini özündə əks etdirən Dövlət İmtahan Mərkəzi yaradılıb və bu qurumun səlahiyyətləri genişləndirilib. "Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, mərkəzləşdirilmiş qaydada vətəndaşların dövlət qulluğuna qəbulu müsabiqə əsasında həyata keçiriləcək. Eyni zamanda, orta məktəb şagirdlərinin yekun qiymətləndirilməsi, ali və orta təhsil müəssisələri və digər sahələrdə olan qəbulu həmin qurum həyata keçirəcək: "Əsas funksiyası universitetlərə tələbələrin qəbulu prosesini həyata keçirtmək olan TQDK-nın funksiyaları sonradan genişləndirilib. Bu sahədə təcrübəli olduğu üçün hətta dövlət qulluğuna qəbul prosesi də bu quruma həvalə olunub. Mənə elə gəlir ki, Dövlət İmtahan Mərkəzi TQDK-nın bilavasitə vəzifəsi olan işləri həyata keçirəcək”.
Prezidentin sərəncamının kifayət qədər əsaslandırılmış addım olduğunu vurğulayan N.Cəfərov deyib ki, test imtahanlarının ləğv olunması gündəmdə deyil: "Tələbələrin təşvişə düşməsinə heç
bir əsas yoxdur və onlar əvvəlki illərdə olduğu kimi, prosedurlara uyğun olaraq imtahan verəcəklər. Test sistemi dünya təcrübəsinə uyğunlaşdırılıb. Testdən imtina asan məsələ deyil və əks effektləri çox ola bilər. Hələlik testin ləğvinə inanmıram. Amma ola bilsin ki, gələcəkdə qəbulu ali məktəblər özləri keçirsinlər. Təbii ki, formadan asılı olmayaraq bizim üçün prioritet tələbə seçiminin obyektiv olmasıdır”.
Şəymən