Təxribatçı saytlar...

Onlar məkrli xarici qüvvələrin təlimatını alaraq dövlətçiliyimizə zidd təbliğat aparırlar
“Həmin saytlar Gəncə və Mingəçevir hadisələri zamanı qızışdırıcı xarakterli materiallar dərc edərək iğtişaşa çağırış etdilər, olayların Azərbaycan dövlətinin maraqlarına zidd şəkildə təqdim olunmasına çalışdı


İnternet resurslarından istifadənin müsbət tərəfləri ilə yanaşı, mənfi, hətta bəzən olduqca təhlükəli yönləri də vardır. Təəssüflər olsun ki, bir çox güc mərkəzləri cəmiyyəti yönləndirmək məqsədilə məhz sosial medianın imkanlarından istifadə edirlər. Son illərdə dünyanın bir çox bölgələrində baş verən böyük ictimai-siyasi hadisələr zamanı bəzi qüvvələrin ondan necə "məharətlə” istifadə etdiyi göz önündədir.

Azərbaycan əhalisinin də təqribən 80 faizi internet istifadəçisidir. Bu o deməkdir ki, bizim cəmiyyətimizdə də internet resurslarının böyük təsiri var. Lakin bu təsirdən bəzi qüvvələr bir sıra hallarda öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu özünü ölkəmizdə baş verən əlamətdar hadisələr zamanı daha çox büruzə verir.

Son günlər Gəncədə baş verən hadisələrlə əlaqədar dövlətçilik əleyhinə fəaliyyət göstərən internet resursları yenidən fəallaşıb, təxribat xarakterli informasiyalar yaymağa başlayıblar. Çaşdırıcı xəbərlər yaymağa, təxribatçı çağırışlar səsləndirməklə onlar ölkədəki sabitliyi pozmağa cəhd göstərən qüvvələrin maraqlarına xidmət edirlər. Haradan və kimlər tərəfindən idarə olunduğu bilinməyən belə saytlar xüsusilə Gəncə hadisələri zamanı guya Azərbaycanda böyük

etiraz dalğasının yarandığı, insanlara qarşı zor tətbiqi haqqında saxta məlumatlar yayır, videoçarxlar nümayiş etdirirdilər.

Bəs, bu saytların məqsədi nədir, onlar haradan idarə olunur və belə halların qarşısnı necə almaq mümkündür?

Azərbaycanı hədəf alan saytlar

Xarici ölkələrdən idarə olunan bir sıra saytların Azərbaycan əleyhinə fəaliyyəti haqda danışan millət vəkili Fazil Mustafanın fikrincə, Azərbaycan əleyhinə fəaliyyət göstərən "Nuraz.com”, "Abna.com”, "Aran.news”, "Qafqaz.ir”, "Rasthaber.com”, "Ru-clip.ru” və digər bir sıra saytların böyük əksəriyyəti İran və Rusiya yönümlüdür və onların domenləri də elə həmin ölkələrə məxsusdur.

Millət vəkili bildirib ki, sözügedən saytlar açıq-aşkar Azərbaycan dövlətini və ölkənin ayrı-ayrı siyasətçilərini hədəfə alıblar:

"Bu məsələni dəfələrlə qaldırmışıq. Diqqət etsəz, "Nuraz.com”, "Abna.com”, "Aran.news”, "Qafqaz.ir”, "Rasthaber.com”, "Ru-clip.ru” və digər bir sıra saytlar birbaşa ölkədəki siyasətçilərin əleyhinə fəaliyyət göstərir, müxtəlif təxribat xarakterli materiallar dərc edirlər. "Nuraz.com” saytında şəxsən mənim əleyhimə də təxribat xarakterli yazılar dərc olunub. Təbii ki, bunların hamısı məqsədyönlü şəkildə edilir. Məqsəd isə son məsələlərlə bağlı prinsipial mövqeyimizi önləməkdir. Bu da bizim dövlət və milli maraqlarımıza ziddir. Sadalanan saytlardan əlavə, "İslamınsəsi”, yaxud da islam adı ilə təqdim olunan saytlar loqolarına zahirən Azərbaycanın gerbini vursalar da, onlar birbaşa xarici ölkələrdən alınan təlimatlar əsasında fəaliyyət göstərirlər. Bu saytlarda dərc olunan yazılar daha çox Azərbaycanda dini qarşıdurmanın gücləndirilməsinə xidmət edir, hansısa bir cinahın, xüsusilə də qonşu ölkələrin maraqlarını təmsil edir”.

Millət vəkili vurğulayıb ki, həmin saytlara qarşı müəyyən addımların atılması və tədbirlərin görülməsi çox vacibdir:

"Əslində, bu saytlara qarşı tədbir görməkdə bir qədər gecikmişik. Çünki onlar Azərbaycanda kifayət qədər təxribat xarakterli fəaliyyət göstəriblər, kök salıblar. Ona görə də hesab edirəm ki, bu istiqamətdə daha prinsipial çalışmalara ehtiyac var. Təəssüf ki, bizdə buna ikinci dərəcəli məsələ kimi baxılır. Zənnimcə, daha sonrasında bunun ağır nəticələrini görməmək üçün bu istiqamətdə ciddi düşünmək lazımdır”.

F.Mustafanın sözlərinə görə, sözügedən saytların apardığı anti-Azərbaycan təbliğatı Azərbaycan ictimai rəyinə təsirsiz ötüşmür:

"Bunu adi bir məsələ kimi qiymətləndirmək doğru deyil. Çünki həmin təbliğat bilavasitə ictimai rəyə təsir göstərmək üçün düşünülüb və o saytların əsas xidməti də məhz buna yönəlib”.

Həmin saytların Azərbaycandakı radikal dindarlarla birbaşa əlaqələrinin olduğunu deyən deputat onların açıq şəkildə ölkəmiz əleyhinə fəaliyyət göstərdiklərini qeyd edib: "Həmin qüvvələrin qapalı şəkildə fəaliyyət göstərənləri də var. Məsələn, "İslamınsəsi” və islam adı ilə fəaliyyət göstərən saytları buna nümunə göstərmək olar. Onlar guya bu təbliğatı Azərbaycan məkanından aparırlar. Ancaq bütün təxribatçı materiallar birbaşa başqa ölkələrdən Azərbaycana ötürülür və burada dərc olunur. Həmin saytlar Gəncə və Mingəçevir hadisələri zamanı qızışdırıcı xarakterli materiallar dərc edərək iğtişaşa çağırış etdilər, olayların Azərbaycan dövlətinin maraqlarına zidd şəkildə təqdim olunmasına çalışdılar. Onlar həmişə bu məqsədlə fəaliyyət göstəriblər. Bu baxımdan da çox vaxt itirmədən onların təxribat xarakterli fəaliyyətinin qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”.

"APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə son dövrlər baş verən hadisələr, yəni həm yaranmış enerji fasiləsi, daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsd və polis zabitlərinin qətlə yetirilməsi zamanı ümumilikdə Azərbaycan mediasının özünü kifayət qədər təmkinli aparıb, yaxşı informasiya təminatı ilə məşğul olduğunu deyib: "Bu hadisələri törədənlər daha çox hadisələrin əhali arasında ciddi təşvişə səbəb olmasını gözləyirdilər. Amma medianın bu dövrdə çox təmkinli şəkildə informasiya təminatını həyata keçirməsi buna imkan vermədi. Burada mühüm məqamlardan biri odur ki, son hər 3 hadisədə rəsmilər açıqlamalar verdilər, media ilə əlaqəli işləndi və nəticədə informasiya təminatı oldu. Xəbərin nədən ibarət olduğunu, həqiqəti biləndə medianın onu yayması da daha asan olur. Xüsusən son hadisə zamanı iki polis əməkdaşının qətlə yetirilməsindən sonra sosial şəbəkələr həm də ictimai rəyin bir göstəricisi oldu. Sosial şəbəkələrdə siyasi baxışından, hakimiyyətə, dinə münasibətindən asılı olmayaraq hər kəs hadisəni lənətlədi, pislədi. Bu hadisəni törədənlər, bu hadisələr nəticəsində ölkəni qarışdırmaq istəyən xaricdəki müəyyən qruplar da başa düşdü ki, Azərbaycanda belə bir mühit yoxdur. Başqa sözlə, sosial şəbəkələr həm də Azərbaycanda belə bir mühitin olmadığını ortaya qoydu. Bu baxımdan sosial şəbəkələr yaxşı bir vasitə oldu. Lakin həm enerji böhranı, xüsusilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı sui-qəsddən sonra xüsusi mərkəzləşmiş və əvvəlcədən hazırlanmış bəzi sosial şəbəkə istifadəçiləri və saytlar diqqət çəkdi. Bu saytlar daha çox bizim qonşu ölkələrin təsir dairəsində olan media qurumlarıdır. Onların apardığı xəbər siyasətinə baxanda bunu demək olur. Həm bu media qurumlarında, həm də həmin media orqanlarının əməkdaşlarının sosial şəbəkələrdəki səhifələrində xüsusən Elmar Vəliyevə qarşı sui-qəsd edən şəxsi qəhrəmanlaşdırmaq, ondan qəhrəman düzəltmək cəhdi aydın görünürdü. Eyni zamanda İcra Hakimiyyətinin başçısının çox mənfi, dinə qarşı, mental dəyərlərə zidd obrazını formalaşdırmaq üçün bir prosesə başladılar”.

V.Mahirqızı deyib ki, həmin proses o qədər sistemli aparılırdı ki, bunun əvvəlcədən hazırlandığına heç bir şübhə yox idi: "Məsələn, adi bir detalı nəzərə çatdırmaq istəyirəm. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına sui-qəsd edən Yunis Səfərovun adı hələ yeni açıqlanmışdı, onun bioqrafiyası ilə bağlı ətraflı heç bir məlumat yox idi. Lakin artıq həmin səhifələri və profilləri Yunis Səfərovun üzərinə "milli qəhrəman” yazılaraq hazırlanmış şəkilləri bəzəyirdi. Şəkilləri artıq bu media orqanlarında idi. Yaxud səhər Yunis Səfərovun təcridxanadan olan şəklinin yayılmasını da qeyd etmək olar. Bu hadisələrin hamısı onu göstərdi ki, bu proses sistemləşdirilib. Əlbəttə, xüsusən polis zabitlərinin qətlə yetirilməsindən sonra sosial şəbəkələrdə və mediada buna qarşı ciddi bir qınaq oldu. Bundan sonra biz aparılan monitorinqdə görürük ki, sosial şəbəkələrdəki o profillərin çoxu qapadıldı, saytlardan da o xəbərlərin çoxu silindi. Amma "Google”-də axtarış zamanı həmin xəbərləri tapmaq olur, lakin onların linklərinə daxil olanda saytda xəbər tapılmır”.

"APA-Holdinq”in prezidenti hesab edir ki, bu kimi hallara qarşı mübarizədə ictimai qınaq öz işini görməlidir və bu işi gördü: "Amma ölkə daxilində iğtişaş, panika yaratmaq, ölkə əhalisini təşvişə salmaq, bilərəkdən ictimai sabitliyə zərər vurulması məsələləri hüquq, qanun müstəvisində araşdırılmalıdır. Hüquq-mühafizə orqanları bununla bağlı mütləq ölçü götürməli, cinayət işi açılmalıdır. Eyni zamanda media və sosial şəbəkələr vasitəsi ilə mütləq maarifləndirmə işi aparılmalıdır. Maarifləndirmə işi necə olmalıdır? Sosial şəbəkələrdən istifadənin öz qaydaları var. Sosial şəbəkələrdən istifadə edən insanlar anlamalıdırlar ki, onlar artıq virutal bir cəmiyyətdədirlər. İnsanlar anlamalıdırlar ki, real həyatda küçədə iğtişaşa çağırış, xuliqanlıq edən, söyüş söyən, təhqir edən, böhtan atan zaman necə məsuliyyətdən yaxa qurtara bilmirlərsə, qanun qarşısında cavab verirlərsə, eynilə virutal cəmiyyət arasında da elədikləri hərəkə görə məsuliyyət daşıyırlar. O cəmiyyətə münasibətdə söyüş, təhqir, yalan informasiya vermək, çaşqınlıq yaratmaq, Azərbaycan Konstitusiyası və qanunlarının qadağan etdiyi əməllər etmək olmaz. Bu əməlləri edərkən bunun qarşılıqlı qanuni məsuliyyəti var. Yəni "bu, internetdir” deyərək hər şey edə bilməzsən. Siz kompüterə yazmırsınız, kompüterdən o tərəfdəki cəmiyyət üçün yazırsınız. Bax bu istiqamətdə maarifləndirmə işi aparmaq lazımdır. Sosial şəbəkələrdə ictimai qınaq da bu istiqamətdə olmalıdır. Eyni zamanda cəmiyyətdə həm QHT-lərin, həm medianın, həm ziyalıların aparacağı maarifləndirmə bu istiqamətdə olmalıdır”.

"Təxribatçı saytların, internet portallarının yürütdüyü xətt hər zaman anti-Azərbaycan xarakterli olub, indi də elədir”. Bu sözləri Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət söyləyib. O, diqqətə çatdırıb ki, həmin internet resurslarının məqsədi xalqla və hakimiyyət arasında uçurum yaratmaqdır:

"Vətəndaşlar arasında dövlətə inamsızlıq aşılayan informasiyaları yayıb, təxribatla məşğul olurlar. Cəmiyyət və iqtidar arasında uçurum yaranacağı təqdirdə məlum qüvvələr Azərbaycanda öz istəklərini daha rahat həyata keçirə bilərlər. Bu isə Azərbaycan dövlətçiliyinin çökməsi deməkdir.

Bu cür qanunsuz hərəkətlərə yol verən saytlar diqqətimizi hər zaman cəlb edib. Onlara qarşı tədbir görülməsi barədə fikirləri hər zaman müzakirə etmişik. Azərbaycan hüquqi dövlətdir. Hər bir addım da hüquq çərçivəsində atılmalıdır. Bəzi saytlar açıq-aşkar Azərbaycan dövlətçiliyinin təməllərini sarsıdan fəaliyyətlə məşğuldursa, dindarları, gəncləri təxribatlara cəlb etməyə çalışırlarsa, bunlar konkret qanun pozuntusudur. Ona görə, adıçəkilən saytlar xüsusi nəzarətə götürülməli, onların fəaliyyəti təhlil edilməli, qanun pozuntuları varsa, birdəfəlik qadağa qoyulmalıdır”.

A.Həsrət təklif edir ki, onlayn media və sosial şəbəkələri monitorinq edən struktur yaradılsın: "Bu bölməyə peşəkarları cəlb edərək müşahidələr aparıb, təhlillər irəli sürərək proqnozlar hazırlansın. Bu, dövlətin özü üçün lazımdır ki, hansı saytlar, sosial media fəalları necə davranırlar, aşkar etsinlər. Məsələn, Gəncə hadisələri zamanı vaxtında təhlil aparılsa, proqnozlaşdırma irəli sürülsəydi, ən azından polislərin öldürülməsi baş verməyə bilərdi”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb