Artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində durumu dəyişməyi diktə edir
Təzyiq artır, Paşinyan güzəştə yaxınlaşır
Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib
Artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində durumu dəyişməyi diktə edir
Artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində durumu dəyişməyi diktə edir
Nikol Paşinyan Rusiyanın "RBK” telekanalına müsahibəsində Ermənistan ərazisindən tranzit kəmərlərinin keçməsində maraqlı olduğunu deyib. Paşinyan Ermənistanın "Şimal axını-2” layihəsindən kənarda qaldığını təəssüf hissi ilə bildirib: "Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə qaz və ya neft ötürülsün”.
Siyasi ekspertlər Paşinyanın açıqlamasını Ermənistanın məruz qaldığı təcrid siyasətinin yaratdığı çıxılmaz vəziyyətin etirafı adlandırıblar. Onların fikrincə, baş nazir ölkəsinin beynəlxalq layihələrdə iştirakını istəyirsə, bunun çıxış yolu sadədir. Regionda həyata keçirilən beynəlxalq layihələrin əsas təşəbbüskarı və icraçısı Azərbaycan olduğundan Paşinyan hökumətinin qarşısında iki yol var. İşğala son qoyub təcriddən qurtularaq iqtisadi inkişaf yolunu açmalıdır, ya da sələflərinin səhvini təkrarlayaraq ölkəsinin iflasını seyr etməlidir. Artıq ermənilər özləri də Ermənistanda siyasi və iqtisadi vəziyyətin gərgin olduğunu etiraf edərək Paşinyanı sərt tənqid edirlər. Ötən ilin əvvəlinə kimi iqtidarda olan Respublikaçılar və Daşnaksütyun partiyalarının nümayəndələri yeni hökumət əleyhinə mətbuat konfransları keçiriblər. Parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov da Paşinyanın xarici və daxili siyasətini tənqid edib. O bildirib ki, Paşinyan Azərbaycanın dövlət başçısının siyasəti qarşısında aciz qalıb. Şarmazanov "Nubaraşen” həbsxanasındakı ölümə görə yeni hökuməti günahlandırıb. Vurğulanıb ki, hökumət keçmişdə hakimiyyətdə olan şəxsləri təqib etməkdən əl çəkməlidir.
Politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında bildirib ki, erməni mətbuatı vəziyyəti ağırlaşan Paşinyanın Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olduğunu iddia edir. Paşinyanın ABŞ diplomatı Boltonla telefon danışığı zamanı Qarabağ problemini müzakirə etməməsi erməni mətbuatında da şübhə altına alınıb:
"Ermənistan mətbuatının yazdığına görə, Paşinyan həqiqəti demir. Ən azı ona görə ki, münaqişə Ermənistan və Azərbaycan arasındadır. Əgər bu haqda danışıqlar aparılırsa, bu, hər iki tərəflə getməlidir. Ola bilsin ki, Paşinyan Boltondan Qarabağ problemi ilə bağlı danışıqların gizli qalmasını xahiş edib. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Moskvada Qarabağla bağlı çox ciddi planlar işlənməkdədir. Uzun illərdir Qarabağ məsələsində beynəlxalq hüquq normaları, haqq-ədalət prinsipi Azərbaycanın tərəfində olsa da, Azərbaycanın işinə mane olan amil geopolitik maraqlar idi. Rusiya birmənalı hesab edirdi ki, onun Cənubi Qafqazda ən yaxın müttəfiqi Ermənistandır, Azərbaycan isə Qərblə əməkdaşlıq edir, neft müqavilələri imzalayır. Buna görə də beynəlxalq hüquq normaları kənarda qalırdı və Rusiya öz milli maraqlarını əsas götürərək, Ermənistana həm iqtisadi, həm siyasi, o cümlədən Qarabağ məsələsində dəstək verirdi. İndi Rusiyanın bölgədə milli maraqları baxımından çox ciddi dəyişikliklər baş verib.
Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşmağa və strateji əməkdaşlıq etməyə başlayıb. Eyni zamanda Rusiyanın Ermənistanla münasibətlərində çox ciddi problemlər müşahidə edilir. Ermənistanda hakimiyyət dəyişikliyindən sonra qərbpərəst siyasətçilər, Rusiya əleyhinə illər boyu mitinqlər keçirən, bəyanatlar verən insanlar əsas dövlət vəzifələrinə təyin olunub. Ona görə də təkcə beynəlxalq hüquq normaları deyil, artıq Rusiyanın milli maraqları da Qarabağ məsələsində mövcud durumu dəyişməyi diktə edir. Bu dəyişiklik də erməniləri narahat edir. Dəyişiklik nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin ya hamısı, ya da böyük bir hissəsinin Azərbaycana qaytarılacağı şansı yaranır”.
Analitik bildirib ki, Paşinyan "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün Qarabağ danışıqları barədə açıqlama vermir:
"Dünya gücləri Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Ermənistanın işğalçı siyasətinə son qoymağı ehtiva edir. Buna rəğmən, münaqişənin həlli ilə bağlı bəlli prinsiplər və çərçivələr var. Amma indi hansı məsələdə irəliləyiş var, hansı tərəf hansı güzəştə getməyə razılıq verib, bəlli deyil.
Azərbaycanın əsas tələbi münaqişənin mərhələli həll planı üzrə nizamlanması ilə bağlıdır və ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar geri qaytarılmalıdır. Belə bir addım atmaq yenicə hakimiyyətə gələn Paşinyan üçün mümkünsüz görünür. Həmin rayonların qaytarılması məsələsini Ermənistanda xəyanət kimi dəyərləndirənlər var. Bəzi araşdırmaçılar belə düşünür ki, indiki məqamda münaqişənin həlli istiqamətində qəti addım atılması hər iki tərəfin maraqlarına ziddir, çünki bu halda tərəflərdən biri xarici qüvvələrdən biri tərəfdən cəzalandırıla və sülhə məcbur edilə bilər.
Həm Moskvada, həm Vaşinqtonda təxminən belə fikirlər söylənilir, "biz ancaq vasitəçiyik, əsas məsuliyyət münaqişə tərəflərinin üzərinə düşür və onlar razılaşmalıdır". Problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur. Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik törədir”.
İsmayıl