Tibbi nəşrlər və saytlar çoxdur

Amma onların əksəriyyətində qeyri-peşəkarlar çalışır
"Sosial şəbəkələr, xəbər saytları, «ailə» adı altında açılan veb.səhifələrdə kim nə gəldi yazır, məsləhət verir"


Azərbaycanda 184 adda elmi nəşr fəaliyyət göstərir. Demək olar, elm və təhsilə aid elə bir sahə yoxdur ki, adına bir jurnal və ya qəzet nəşr edilməsin. Elmi institutlar, ali məktəblərin hamısının elmi nəşrləri var. Tibb jurnalları da yetərincə çoxdur. «Azərbaycan tibb jurnalı», «Bio-təbabət», «Təbib», «Azərbaycan təbabəti», «Sağlamlıq», «Səhhət». «Azərbaycan metabolizm jurnalı» və sair, o qədər çoxdur ki, bir yazıya sığışdırmaq qeyri-mümkündür. Deyəsən, hazırda əksəriyyəti sağlamlıq və xəstəliklər düşündürür, ona görə, əlinə qələm alan tibb sahəsində jurnal nəşr etməyə başlayır. İnsanlar üçün sağlamlıq həssas məsələdir. Hansı qəzet və ya jurnalı əllərinə almasalar da, sağlamlıqla bağlı bir dərgi görən kimi əllər ona tərəf uzanır. Bu fikirlə ki, «bəlkə özümə aid orada nəsə tapdım»… Amma təəssüf ki, bəzən məhz bu tip jurnallar insanlara kömək etmək əvəzinə, ziyan verir. Səbəb, qeyri-peşəkarların elmi jurnallar nəşr etməsidir. Tibb xüsusi və ən vacib elm sahələrindən biridir. Bu sahə ilə bağlı nəşr olunan hər hansı elmi qəzet və ya jurnal mütləq peşəkar əlindən çıxmalı, bu sahənin mütəxəssislərinin rəyi və göstərişi ilə nəşr edilməlidir. Əks halda, elmi nəşrlər, tibb jurnalları insanlara xeyir gətirmək əvəzinə, ziyana salar.

Tibb jurnalları çoxdur

Tibb jurnallarını araşdırarkən qarşımıza «Tibb və elm» adlı jurnal çıxdı. Məlum oldu ki, jurnal Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəşridir. Akademik Əziz Əliyev adına elmi-praktik "Tibb və elm” jurnalı geniş həkim auditoriyası və fundamental tibbi-bioloji ixtisas mütəxəssisləri üçün nəzərdə tutulub.

İnstitutun məlumatında qeyd edilir ki, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin təsdiq etdiyi "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib.
Elmi-praktik jurnalda təqdim olunan rubrikalar, dərc olunan məqalə və şərhlər, mühazirələr və tarixi xronikalar ünvanlandığı auditoriyada böyük maraq doğurur. Jurnal kliniki və fundamental sahələrlə yanaşı, həmçinin tibb qanunvericiliyi və səhiyyə maariflənməsi məsələlərini də işıqlandırır.
«Azərbaycan tibb jurnalı» da elmi nəşrlər sırasında sözünü deyən jurnallardandı. Jurnalın görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 85 illiyi ilə bağlı xüsusi buraxılışı var.

Nəşr səhiyyə naziri Oqtay Şirəliyevin "Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafında akademik Zərifə Əliyevanın rolu” məqaləsi ilə açılır. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, akademik Mirməmməd Cavadzadə, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Qasımov öz məqalələrində görmə orqanlarının peşə patologiyası problemlərinin araşdırılmasında, oftalmologiyanın yeni istiqamətlərinin tədqiqində Zərifə xanımın xidmətlərini qeyd etmişlər.
Xüsusi buraxılışda təbabətin aktual problemlərinə həsr edilmiş məqalələr dərc edilib.
Belə nəşrlərin siyahısını genişləndirmək olar. Amma mövzu elmin müxtəlif sahələrinin işıqlandırıldığı bəzi qeyri-peşəkar elmi nəşrlərdən gedir. O nəşrlər ki, orada mütəxəssislər deyil, diletantlar çalışır.
Bəs elmi nəşrlər necə hazırlanmalıdır ki, faydası da artıq olsun?

Tibb işçilərinə jurnalistika kursu keçilsin

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bu fikirdədir ki, elmi nəşrlərin ictimaiyyətə faydalı olmasını istəyiriksə, bu nəşrləri hazırlayanlara jurnalistika kursunun keçilməsi daha məqsədəuyğundur:

- Bir halda ki, ölkədə 184 adda elmi nəşr mövcuddur, bu, elə də kiçik rəqəm deyil. Onların arasında yəqin ki, sırf tibb sahəsinə aid jurnallar da var. Tibb spesifik bir sahədir və müvafiq təhsili olmayan birisi bu nəşrlə məşğul olursa, təhlükə reallaşır. Hazırda sağlamlıqla bağlı nəşrlərin sayı olduqca çoxdur. İnternet resurslar da işini görür. Xəstələnən adamlar həkimə müraciət etməkdənsə, internetə daxil olub, dərman preparatları «axtarırlar». Şəxsən mən ixtisaslaşmış həkimin tövsiyəsi, məsləhəti olmadan heç bir addım atmıram. Hətta adi soyuqdəymə zamanı da. Doğrudur, tibbi yeniliklərlə maraqlanıram, qarşıma çıxan yeni informasiyaları oxuyuram, ancaq heç vaxt internet vasitəsilə özümü müalicə etməmişəm, etmərəm də. Biz bilmirik axı o tövsiyələri, məsləhətləri yazanlar kimlərdir? Həkimdilərmi, tibbin hansısa sahəsinin mütəxəssisidirlərmi? Sosial şəbəkələr, xəbər saytları, «ailə» adı altında açılan veb.səhifələrdə kim nə gəldi yazır, məsləhət verir. Amma bir həkimə bunlar barədə sual edəndə, soruşur ki, bunu harda oxumusunuz, kim yazıb?! Elmi nəşrlərdə mütləq uyğun sahənin insanları çalışmalıdır. İstər tibb sahəsi olsun, istər fizika, geologiya, fərq etməz, həyatın hər bir sahəsinin öz mütəxəssisi var. Elmi nəşrlərdə də belə insanlar çalışmalıdır ki, vətəndaşlara doğru-düzgün informasiya, məsləhət verə bilsinlər.

Bəs tibbi təhsili olmayan jurnalist tibb jurnalında çalışa bilərmi?

A.Həsrət bu fikirdədir ki, jurnalistləri tibbin minimumları ilə tanış etmək daha çətindir, nəinki ali təhsilli, savadlı tibb işçilərinə jurnalistikanın minimumlarına öyrətmək:

- Sizə deyim ki, mənə «Təcili Yardım» adlı ABŞ serialının tərcüməsi təklif edilmişdi. Düzdür, ingilis dilini bilirəm. Amma mən o serialı tərcümə edərkən çox çətinliklərlə qarşılaşdım. Çətinliyim tibbi terminlərlə bağlı olurdu. Zəng edirdim, yaxın dostum olan həkimlərdən məsləhət alırdım, tibbi terminologiyanı öyrənirdim. Əziyyətli bir iş idi. Amma dostlarımın sayəsində öhdəsindən gəldim. Bu, bir tərcümə idi və bitdi. İndi təsəvvür edək ki, tibb elmi ilə bağlı sıfır biliyi olan bir jurnalist gedib tibbi nəşrdə çalışır. Bunu necə təsəvvür edirsiniz? Ancaq tibbi savad almış ixtisaslı kadr elmi nəşrdə çalışa bilər, sadəcə ona jurnalistika ilə bağlı minimumları öyrətmək, müəyyən müddətə kurs keçmək yetərli olacaq. Həm də elmi nəşrlər gündəlik media, xəbər saytı deyil ki, tibb mütəxəssisindən yüksək peşəkarlıq tələb olunsun. Elmi məqalənin öz dili, geniş auditoriya üçün nəzərdə tutulan məqalələrin öz dili, təqdimat üsulu var. Məqaləni yazanın sadəcə, auditoriyanın anlaya biləcəyi dildə yazması kifayət edir. Biz jurnalistlərin tibbi bilikləri sıfır dərəcəsindədir. Jurnalistləri tibbi biliklərə iyələndirməkdənsə, həkimlərə, tibb mütəxəssislərinə jurnalistikanın minimumlarını, adi bir məqalə necə yazılmalıdır, onun qaydasını öyrətmək daha asan və tez həll olunan işdir. 

Ümumiyyətlə, bizim jurnalistlər məqalə hazırlayanda, peşəkarlıq tələblərini yaddan çıxarmamalıdırlar. İndi elə bir zamandır ki, hamı hər sahədən yazır. Halbuki, jurnalistikanın özündə də ixtisaslaşma vacibdir. Jurnalist bütün sahələri bilə bilməz. İqtisadiyyat xüsusi bir sahədir, siyasət, mədəniyyət, sosiologiya… hamısı ayrı-ayrı, özünün spesifik xüsusiyyətləri olan sahələrdir. Gərək media mənsubları hansısa sahədən yazanda, o sahəyə az-çox bələd olsun ki, hazırladığı məqalə və ya məlumat savadsızcasına yazılmış görünməsin. Bir müddət media təmsilçilərinə xüsusi kurslar keçilməyə başlanmışdı. Məsələn, dini sahədə yazanlar üçün seminar-treninqlər keçilirdi. Bu, daimi fəaliyyət tələb edən işdir. Bir dəfə, iki dəfə seminar, kurs keçməklə, bitməməlidir. Nəzərə almalıyıq ki, informasiya almamağın, informasiyasız həyatın qeyri-mümkün olduğu bir zamanda yaşayırıq. Biz çalışmalıyıq ki, informasiya ötürməkdə çoxlarını qabaqlayaq. Bunun üçün də media nümayəndələrindən xüsusi peşəkarlıq, əzm tələb olunur.

Sensasiya xətrinə tibbi məlumatlar yaymaq düzgün deyil

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov bu fikirdədir ki, bəzən sensasiya xətrinə yazılmış hansısa xəbər insanların sağlamlığını təhlükə altında qoyur:

- Bəzən görürük ki, qəzetlərdə, jurnallarda tiblə bağlı hansısa cəlbedici məlumatlar dərc edilir. Mən bunları daha çox sensasiya xarakterli hesab edirəm. Tibb başqadır. Tibdə elmi əsaslar olmalıdır. Hər bir araşdırma da elmi əsaslara söykənməlidir. Amma çox zaman əksini görürük. Hardansa alınmış məlumatlar mütləq həqiqət kimi təqdim olunur. Elmi əsaslara söykənməyən məlumatlar dərc edilir. Bununla da insanlar çaşqınlığa düşür. İnsanın sağlamlığından, həyatından dəyərli heç nə yoxdur. Nə yazıq ki, bəzən insanlarımız informasiyaları həkimlərlə dəqiqləşdirmədən, həkimdən məsləhət almadan özbaşına hərəkət edir, hansısa müalicə üsullarını öz üzərlərində təcrübədən keçirirlər. Nəticələrsə, bəzən faciəli olur, insanların həyatlarına bais olur. Biz həkimlər hər zaman vətəndaşlara məsləhət görürük ki, özbaşına, hardansa əldə etdikləri tibbi məlumatlara söykənib, sağlamlıqlarını təhlükə altına atmasınlar. Vətəndaşların səhv müalicə metodları ilə üzləşməsinin bir səbəbi də çoxsaylı tibb jurnallarının nəşridir. Üzqabığı çox cəlbedici olur. Bu nəşrlərdə hazırda insanları ən çox narahat edən, insanlarımızın ən çox rastlaşdığı ağır xəstəliklərlə bağlı elə anonslar verilir ki, istər-istəməz onu alıb oxumaq istəyirsən. 

Amma dərindən baxanda məlum olur ki, burada yazılanlar nəinki tibbi əsaslara söykənmir, hətta tətbiqi insan sağlamlığı üçün hədsiz ziyanlıdır. O cümlədən televiziyalarda da «həkim məsləhətləri» bitib-tükənmir. Bunlar kimdir, haranın həkimidir, məsləhətləri nəyə əsaslanır, bilmirsən. Vətəndaşlar gərək ayıq olsun, savadsızcasına hər deyilənə inanmasınlar. Bəli, rəsmi şəkildə təsdiqlənmiş, məqalə müəlliflərinin kimliyi dəqiq bilinən tibb jurnalları, elmi nəşrlər var, orada yazılanlar elmi təsdiqini tapmış məsələlərdir. Vətəndaşlarımız gərək belə nəşrlərlə dilitant nəşrləri biri-birindən ayırd etsin. Ən əsası da həkimlərlə, tibb mütəxəssisləri ilə məsləhətləşmədən müalicə almasınlar.

Məlahət Rzayeva