Hadi Rəcəbli: “Baş nazirin müavini Əli Əhmədov tibbi sığortanın tətbiqi ilə bağlı ciddi şəkildə məşğul olur”
Parlamentin ötən gün keçirilən iclasında bəzi qanunlarla yanaşı, "Tibbi sığorta haqqında” qanuna da dəyişiklik olunub. Dəyişikliklə bağlı Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdikdən sonra, deputatlar müzakirələrə başlayıblar.
İlk öncə parlament sədrinin müavini Bahar Muradova "Tibbi sığorta haqqında” qanuna toxunaraq deyib ki, icbari tibbi sığorta vətəndaşlara təkcə hüquq vermir. Xanım millət vəkilinin qənaətincə, həm də onlar qarşısında öhdəlik, məsuliyyət müəyyənləşdirir: "Heç kim söyləyə bilməz ki, Azərbaycan vətəndaşlarının tibbi hüquqları pozulur. Vətəndaş müəyyən çətinliklərlə üzləşə bilər, onu narazı salan məqamlar ola bilər, amma bunun korrupsiya kimi terminlərlə adlandırılmasını düzgün saymıram, korrupsiya daha fərqli kateqoriyanı ehtiva edir”.
Deputat Qənirə Paşayeva isə qeyd edib ki, "Tibbi sığorta haqqında” qanunun işləməsinə ehtiyac var: "15 ildir qanun qəbul olunub, amma işləmir. Bu sistemin işləməməsi insanlara ciddi problemlər yaradır. İki gündür rayondan gəlmişəm. Bəlkə də 17-18 nəfərin təcili əməliyyata alınması üçün Səhiyyə Nazirliyi ilə danışıqlar aparırıq. Tibbi sığorta olmadan hər hansı qanunun qəbul edilməsinin nəticəsi olmayacaq. Həm maliyyə, həm də siyasi iradə var. Ona görə də qanunun tətbiqinə nail olmaq lazımdır”.
Millət vəkili Hadi Rəcəbli bu məsələdə ciddi dönüşün yarandığını diqqətə çatdırıb: "Baş nazirin müavini Əli Əhmədov tibbi sığortanın tətbiqi ilə bağlı ciddi şəkildə məşğul olur. Tibbi sığorta ağır sahədir. Bura keçmək çətindir. Problemin həlli, məsələnin həyata keçməsi üçün biz də kömək etməyə hazırıq. Əmin edirəm ki, baş nazirin müavini Ə.Əhmədovun rəhbərliyi ilə tibbi sığorta məsələsi gələn il mütləq həyata vəsiqə alacaq”.
Anar