Tofiq Hacıyev düz deyir

Nizami Cəfərov da orfoqrafiya lüğətində qüsurların çox olduğunu təsdiqlədi
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyevin Azərbaycan dilinin orfoqrafiya lüğətinin çox qüsurlu olması ilə bağlı fikirləri ilə razıdır. Onun fikrincə, T.Hacıyevin bildirdiyi iradlar tam yerində deyilmiş fikirlərdir:
"Çünki Tofiq müəllim həm dilimizin tarixini, həm də müasir dil proseslərini yaxşı bilir. Ona görə də o, orfoqrafiya ilə bağlı nə deyirsə, hamısı doğrudur. Həqiqətən də orfoqrafiya lüğətimizdə müəyyən səhvlər var. Qaydaların pozulması ciddi nöqsandır. Bu qüsurların aradan qaldırılması da yalnız Dilçilik İnstitutunun deyil, bütün cəmiyyətimizin və ziyalıların işidir”.
Deputat təklif edir ki, hər şeydən öncə dilimizin orfoqrafiya qaydaları nəzərdən keçirilərək təkmilləşdirilməlidir: "Bundan sonra orfoqrafiya lüğəti düzgün prinsiplər əsasında tərtib oluna bilər. Ona görə də bu sahədə Dilçilik İnstitutunun çalışması ilə bərabər müzakirələr aparılaraq mübahisəli məsələlər həll edilməlidir. Belə məsələlərin həll edilməsi üçün bizim orfoqrafiya sahəsində kifayət qədər təcrübəmiz var. Orfoepiya lüğətinin yaradılmasında təcrübəmiz az olsa da, mübahisə doğuran məqamlar çox olsa da, orfoqrafiya sahəsində təcrübəmiz az deyil”.
Vüqar