Tökülən qanlar bizim müstəqilliyimizə təhdiddir

Cəmiyyət Azərbaycanda din pərdəsi altında ictimai-siyasi atmosferi gərginləşdirmək istəyənlərə birmənalı kəskin reaksiyasını ortaya qoydu
“Məkrli şəkildə evlərimizə girib aranı qarışdırmağa çalışırlar”


Gəncədə baş vermiş sui-qəsd və dəhşətli cinayət hadisəsi ölkə ictimaiyyəti tərəfindən birmənalı olaraq pislənildi. Çünki planlı şəkildə iğtişaş yaradaraq, iki polis əməkdaşının şəhid edilməsi bütövlükdə dövlətçiliyimizə və siyasi-ictimai sabitliyimizə vurulmuş zərbə idi. Bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də ziddir. Qətiyyən şübhə yoxdur ki, bu cür olayların, qanunazidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır.

Əsas niyyət uzun illərdir qorunub saxlanmış sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Son vaxtlar dövlət başçısı İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən ünsürlər fəallaşıb. Onlar sistemli şəkildə ideoloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə oturub saytlar, sosial şəbəkələr, dini və etnik cərəyanlar vasitəsilə, "YouTube” kanalı ilə xalqımız arasında təfriqə yaratmağa, uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar edirlər. Bu hadisələr bəzi daxili və xarici qüvvələr tərəfindən sabitliyi, ictimai asayişi pozmağa, xaos yaratmağa yönələn təxribat, ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları terror idi. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil. Amma təəssüf ki, sapı özümüzdən olan baltalar, daxilimizdəki xainlər də onlara dəstək verirlər. İctimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidirlər. Hamımız dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətçiliyimizin mənafeyi naminə çalışmalıyıq. Tam əminliklə demək olar ki, Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz. Çünki dövlətimizin arxasında müdrik xalqı ilə güclü liderinin sarsılmaz birliyi dayanıb. Çox təəssüf ki, bu hadisələrin din pərdəsi altında həyata keçirilməsinə cəhdlər edildi. Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə müşahidə edilib. Bu isə xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu göstərir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə dinlərarası münasibətlər yeni müstəviyə yüksəlib.

Gəncə hadisələri zamanı polisi öldürən qatil Rəşad Böyükkişiyev məhv edilib. İstintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxarıb. Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev isə iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Gəncədə baş verən hadisələrin sifarişçilərini və onun icraçılarını şiddətlə lənətləyib. Onun sözlərinə görə, çəkilən tətik, tökülən qanlar bizim suverenliyimizə, müstəqilliyimizə təhdiddir: "Məkrli şəkildə evlərimizə girib aranı qarışdırmağa çalışırlar. Gəncə bizim ən böyük evlərimizdən biridir. Ölkəmizin qədim tarixi-mədəni mərkəzlərindən birində son günlər baş verənlər bir vətəndaş olaraq, bir azərbaycanlı olaraq məni son dərəcə narahat edir. Bütün bunlar əslində Cocuq Mərcanlıda səslənən sülh çağırışlarından, torpaqların azad olunması ilə bağlı bəyanatlardan sonra baş verdi. Azərbaycan ordusunun Günnüt istiqamətində uğurlu əməliyyatı, bütün cəbhə boyu genişmiqyaslı hərbi təlimlər, düşmənlərimiz üçün bir mesaj idi. Digər tərəfdən Ermənistanda baş verən son olaylar, militarist qüvvələrin iç üzünün açılması, cinayətkarların həbs edilməsi, bununla da danışıqların normal aparılması üçün imkanların yarandığı zamanda Gəncədə iğtişaş törədildi. Əminliklə deyirəm ki, bu hadisələr ölkəmizin suveren və müstəqil siyasətinə qarşı yönəldilmiş qəsddir. Əlbəttə, dövlətimiz güclüdür, ölkə başçısının güclü iradəsi mövcuddur. İnanıram ki, bu imtahandan da üzüağ çıxacağıq. Sonda bir daha gənclərimizə, aydınlarımıza səslənir, xalqımızı bir olmağa, həmrəy olmağa, kənar qüvvələrin, dağıdıcı ünsürlərin çağırışlarına uymamağa səsləyirəm”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Azərbaycan xalqı siyasi sayıqlığı dəqiq qiymətləndirməyi bacaran bir xalqdır. Baş redaktorun sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd aktından sonra bu hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimalı daha çox idi. Ancaq hadisələrin sonrakı inkişafı göstərdi ki, bunlar zəncirvari, bir-biri ilə bağlı məsələlərdir: "Gəncədə radikal dini qrupun keçirmək istədiyi və qanla nəticələnən aksiyasına Azərbaycan xalqının birmənalı münasibəti gerçəyi ortaya qoydu. Azərbaycan xalqı siyasi sayıqlığı, səbatı, hadisələri dəqiq qiymətləndirməyi bacaran bir xalqdır. Ona görə də mən diqqət etdim, ictimai statusundan, siyasi mənsubiyyətindən və s. asılı olmayaraq hamı baş verən qanlı olayı pislədi, Azərbaycanda din pərdəsi altında ictimai-siyasi atmosferi gərginləşdirmək istəyənlərə birmənalı kəskin reaksiyasını ortaya qoydu”.

Aqil Camal son olaraq vurğulayıb ki, həmin qrupun arxasındakı qüvvələr Azərbaycan xalqının bu mesajını almalıdırlar.

İsmayıl