İdman yazarları mərc oyunları ilə bağlı fərqli fikirdədirlər
Azərbaycanda mərc oyunları qara bazarın qarşısını almaq üçün leqallaşdırılandan sonra yaradılan "Topaz” ciddi müzakirələrə səbəb oldu. Cəmiyyətin bir qrup ziyalıları bunun insanların sosial rifahına və həyat tərzinə mənfi təsir etdiyini bildirirlər. Digər bir qisim isə belə bir mərc oynanılma mərkəzlərinin qanuna uyğun olaraq dövlətə vergi ödədiyini nəticədə büdcəyə əlavə vəsaitin gəlməsi cəhətdən əhəmiyyətli hesab edirlər. Bütün bunlara baxmayaraq bu məsələ hətta bir neçə dəfə Milli Məclisdə müzakirə olunub.
Millət vəkilləri mərc oyunlarının insanların maddi rifahının pisləşməsinə, neçə-neçə ailələrin dağılmasına səbəb olduğunu əsas gətirirlər. Belə fikirlərin müəyyən əsasları da var. Çünki bir qisim insanlar çalışmadan yüksək məbləğ əldə etmək ümidi ilə bəzi hallarda ailələrinin "boğazlarından” kəsərək pullarını belə mərc oyunlarına yatırırlar. Nəticədə necə deyərlər, "bəxti gətirməyən” hətta yüksək məbləğ itirən insanlar intihar edirlər və yaxud cinayət törədirlər, ailələr dağılır. Bütün bunların qarşısını almaq məqsədilə bu yaxınlarda MM-in İqtisadi-siyasət komitəsində aparılan müzakirələr zamanı deputatlar belə mərc oyunlarının reklamlarının axşam saat 23:00-dan sonra yayımlanmasını təklif ediblər. Təklif isə "Reklam haqqında” yeni qanun layihəsinə daxil edilib.
İdman saytlarının redaktorları isə "Topaz”ın bağlanmasının mərc oyunlarının qarşısının alınmasına təsir etməyəcini düşünürlər. Onların fikrincə, bu, qara bazarın fəaliyyətini daha da gücləndirəcək. Lakin idman jurnalistləri mərc xarakterli oyunlarının reklamlarının efirə axşam saat 11-dən sonra verilməsini müsbət qiymətləndirirlər.
"Het-trik news” qəzetinin baş redaktoru İlqar Tağıyev müəyyən qrup məhsulların və oyunların reklamlarının axşam təyin olunmuş saatdan sonra getməsi ilə bağlı təklifi alqışlayır və təqdirəlayiq hal hesab edir: "Çünki yetkin yaşına çatmayan uşaqlar həmin vaxta qədər oyaq olurlar, yatmırlar. Uşaqlara həmin reklamlar psixoloji təsir edir. Məsələn, uşaq və ya yeniyetmə görür ki, heç bir əziyyət çəkmədən minimum 1 manat verib, proqnoz yazılır, əvəzində çox pul qazanılır. Düzdür, "Topaz” oyunlarının prinsiplərinə görə, 18 yaşdan aşağı insanlar pul qoya bilməzlər. Lakin biz 3-4 belə məntəqələrə nəzər salsaq nəinki, yeniyetmələrin pul qoyduğunu görərik, hətta yetkinlik yaşını keçmiş ailə başçılarını, ağsaqalları buralarda görə bilərik. Sonradan da uşaqlar müxtəlif adlar altında valideynlərindən pul alaraq aparıb belə mərc oyunları mərkəzlərinə pul qoyurlar. Ona görə də uşaq və yeniyetmələrin günorta saatlarında həmin oyunları təbliğ edən reklamları izləyə bilməməsi çox yaxşı haldır”.
İ.Tağıyev "Topaz” mərc oyunları məntəqələrinin bağlanmasına qarşıdır: "Mərc oyunları hələ SSRİ dövründən oynanılır. Sadəcə, o dövrdə ictimai qınaq və qanunsuz olduğundan belə mərclər gizli edilirdi. Müstəqillik qazanıldıqdan sonra "Topaz” yarandı. "Topaz”ın yaranması ilə müəyyən qədər də olsa qara bazar fəaliyyəti zəiflədi, həm də mərc oyunlarına dövlətin zəmanəti verildi. Əvvəllər qara bazarda kimsə 1 milyon udan zaman gedib o məbləği almağa çətinlik çəkirdi. İndi isə udduğun müəyyən məbləği dövlət zəmanəti ilə ala bilirsən. Bundan əlavə, sözügedən mərc oyunları şirkəti bir çox layihələrə sponsorluq edir. Ləğv edilsə belə, gizli də olsa oynanılacaq. "Topaz” fəaliyyətində dəyişiklik edərək mərc oyunlarına qoyulan ortalama oyun hesablarının qiymətlərini - "kafsent”ləri artırsa və mərc etmə şərtlərini yumşaltsa, daha yaxşı olar”.
"Qol.az” idman saytının baş redaktoru Aydın Bağırov "Topaz”ın bağlanmasının tərəfdarı deyil: "Çünki "Topaz” yaradılana qədər də belə mərc oyunları məntəqələri qeyri-qanuni və gizli də olsa var idi, indi də mövcuddur. Bu baxımdan "Topaz”ın ləğv edilib-edilməməsinin elə bir əhəmiyyəti yoxdur. Ancaq digər tərəfdən "Topaz” leqallaşdırılıb və dövlətə vergi ödəyir. Ümumiyyətlə isə insanların qumarın bir forması olan mərc oyunlarına aludə olmasını istəməzdim. Özünü asan "Topaz”da olmasa belə, qara bazarda asacaq. Lakin bu cür oyunlar tək Azərbaycanda deyil, dünyanın digər ölkələrində də oynanılır”.
Baş redaktor mərc oyunlarının reklamının axşam bəlli bir vaxtdan sonra efirə verilməsinin heç bir mahiyyət dəyişdirməyəcəyi qənaətindədir: "Onsuz da futbol oyunlarının əksəriyyəti axşam saat 11-dən başlayır. Bu bir xəstəlikdir. Reklam təbliğatın bir növüdür, müəyyən vaxt çərçivəsində də verilməsinin heç bir faydası olmayacaq. Bəlkə nisbətən mərcə pul qoyanların sayını azalda bilər. Ancaq mərc oyunlarının qarşısını tam almaq qeyri-mümkündür”.
Vüqar Şahinoğlu