"Tramp Suriyada yeni hakimiyyətin formalaşmasına çalışır”





"Qərb hər hansı münaqişə ocağında hərbi baza yaratdıqdan sonra oradan çətin çıxır”.

Bunu "Sherg.az”a Suriyadakı mövcud vəziyyəti şərh edərkən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib. 

O diqqətə çatdırıb ki, ABŞ dünyanın bir çox bölgələrində hərbi baza yaradıb və oradan çıxmayıb:

"Bir istisna hal 1979-ci il Fevral inqilabından sonra İranda oldu, ABŞ hərbi bazalarını çıxartdı. Suriya və İraqda da Qərbin hərbi bazaları var və yaxın zamanda Amerika bu ərazilərdən çıxmayacaq.

Donald Tramp Amerika bazalarının çıxarılması haqqında mesaj ünvanlasa da, yenidən Suriya ərazisinin bombalanması rəsmi Vaşinqtonun mövqeyini göz önünə sərdi. ABŞ-ın Suriyadan çıxmaq fikri yoxdur. Tramp hökuməti qeyd edir ki, Suriyada İŞİD-ə qarşı mübarizə başa çatmayıb və Suriyada yeni hakimiyyətin formalaşmasına çalışır”.

Qeyd edək ki, aprelin 14-ü gecə saatlarında Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın əmrindən sonra Suriyaya ilk raket zərbələrini endiriblər. Bombardmana Fransa və İngiltərə də qoşulub. Hücuma səbəb isə bir neçə gün öncə Duma şəhərində baş verdiyi iddia edilən kimyəvi silahdan istifadə barədə iddialar olub.

Aysel Aslan