"Trampın siyasəti neftin bahalaşmasına zəmin yaratmır"- Ekspert rəyi



"Trampın iqtisadi siyasəti necə olur olsun, dolların məzənnəsi kəskin dəyişməyəcək”.

Bunu Sherg.az-a Donald Trampın prezidentlik səlahiyyətlərinə başlamasından sonra dünya iqtisadi-siyasətində baş verəcək dəyişikliklərdən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, bundan sonra Amerika siyasətində psixoloji effekt yaratmaq üçün müəyyən dəyişikliklər ola bilər, lakin kəskin nəticə gözlənilmir:

"Donald Trampın prezident seçilməsi Amerika üçün yeni dövrün başlanması kimi xarakterizə edilir. Onun prezidentlik fəaliyyətinə başlamasından sonra ABŞ-ın xarici və daxili iqtisadi siyasətində kəskin dəyişikliklər olacağı gözlənilmir. Amma yeni prezident Çin, Meksika və Latın Amerikası ölkələrinə qarşı fərqli siyasət həyata keçirməyə çalışır. Həmin ölkələrə qarşı siyasətində daha sərt addımlar atacağı proqnozlaşdırılır. Digər ölkələrə qarşı siyasətində isə kəskin dəyişikliklər olacağı isə gözlənilmir”.

Dünyanın maraqla gözlədiyi neftin bazar qiymətlərinin və dolların məzənnəsinin necə olacağına aydınlıq gətirən V. Bayramov söyləyib ki, yeni prezident seçki kompaniyasında elan etdiyi idxalın məhdudlaşdırılması barədə siyasətini həyata keçirməsə, neftin qiyməti dünya bazarlarında hazırkı səviyyədə saxlanılacaq:

"Əks siyasəti həyata keçirsə, yəni Səudiyyə Ərəbistanından neft idxalını dayandırarsa, neftin qiyməti aşağı düşəcək. D. Trampın hazırkı siyasəti neftin dünya bazarındakı qiymətinin artmasına zəmin yaratmır. Neft idxalı ilə bağlı ciddi dəyişiklik edilməsə, mövcud qiymət qorunub saxlanacaq. İdxalın məhdudlaşdırılması, ABŞ anbarlarında olan neftdən istifadə olunması neft ölkələri üçün çətinlikləri bir qədər artıracaq. Belə hesab olunur ki, D. Tramp dolların digər valyutalara nisbətdə məzənnəsini yüksəltməklə Amerikanın ixrac potensialını artırmağa çalışır. ABŞ dolların qiymətinin kəskin ucuzlaşması mümkün deyil. Amerika prezidentinin iqtisadi siyasətinin necə olmasından asılı olmayaraq, dolların məzənnəsi hazırkı şəkildə saxlanılacaq”.

Qeyd edək ki, yanvarın 20-də Amerikanın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimi baş tutub və yeni prezident artıq səlahiyyətlərinin icrasına başlayıb.

Aysel Aslan