Turistlərin sayı çoxalır, kirayə evlərin də qiyməti bahalaşır

Ekspert qeyd edib ki, tələbə əsasən hazırda ən bahalı evlər 1-2 otaqlı evlər sayılır


Bakıda kirayə mənzillər son bir ayda kəskin bahalaşıb. Bu artımın xüsusən də şəhərin mərkəzi hissələrində yerləşən 1 və 2 otaqlı yeni mənzillərdə özünü daha çox büruzə verdiyi qeyd olunur.

"MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov isə "Şərq”ə açıqlamasında bu bahalaşmanın ölkəyə gələn turistlərin sayındakı artımla bağlı olduğunu deyib: "İslam Oyunlarının keçirilməsi Bakıda günlük kirayə mənzillərə tələbi artırıb. Xüsusən də şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində kirayə qiymətlərində xeyli artım müşahidə edilir”.

Turistlərin adətən orta qiymətli kirayə evlərə və yaxud hotellərə üstünlük verdiyini qeyd edən ekspertin sözlərinə görə, şəhərin mərkəzi hissəsindəki otellərin qiymətləri həddindən artıq baha olduğundan turistlər kirayə mənzillərdə qalmağa üstünlük verirlər. Bu həm qiymət baxımından sərfəli olur, həm də nəqliyyat yolu sərf edir. İstədikləri yeri ayaqla gəzib qayıdırlar.

N.İbrahimovun sözlərinə görə, əvvəllər günlük 20-30 manata kirayə verilən evlərin qiyməti turist axınına görə 40-50 manata qədər artırılıb.

Bahalaşma tendensiyanın müddəti ilə bağlı konkret bir fikir bildirməyən ekspert turist axınının mövsümi xarakter daşıdığını deyib. O bildirib ki, kirayə evlərin qiyməti stabil olmur, turistlərin sayında artım olanda kirayə mənzillərin qiyməti də paralel olaraq bahalaşır. Azərbaycanda turizm sahəsi tam şəkildə formalaşana qədər qiymətlərin bahalaşıb-ucuzlaşması mövsümə uyğun olacaq.
Ekspert onu da qeyd edib ki, tələbə əsasən hazırda ən bahalı evlər 1-2 otaqlı evlər sayılır. Evin otaqları artdıqca, yaxud da sahəsi genişləndikcə qiyməti aşağı düşür.

Şəymən