“Amma reallıq ondan ibarətdir ki, münaqişəni aparıcı dövlətlər nəzarətə götürüblər”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin qondarma erməni soyqırımına dair qəbul etdiyi sənədin müddəaları fonunda Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Dövlət başçısı qeyd edib ki, rəsmi Ankara Ermənistanla sərhədlərini yalnız Qarabağ problemi öz həllini tapdıqdan sonra açacaq:
"Ermənistanla görüşməyə hazırıq. Hələ də Ermənistanın üzünə qapılarımız açıqdır. Ermənistan saxta erməni soyqırımı iddialarından əl çəksə və Qarabağın işğaldan azad olunması məsələsində müsbət addımlar atsa, onlarla hər cür əməkdaşlığa hazırıq”. Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi missiyasını üzərinə götürən Minsk Qrupunun həmsədr ölkələrini tənqid edən prezidentin sözlərinə görə, ABŞ, Rusiya və Fransa öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Beynəlxalq aləmdə Azərbaycanın haqq mövqeyi dəstəklənmir.
Məlumat üçün bildirək ki, bir müddət öncə Avropa Parlamentinin saxta erməni qətliamı barədə qəbul etdiyi qətnamədə 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə "erməni soyqırımı” günü kimi qeyd olunması öz əksini tapıb. Qətnamənin 4-cü bəndində bildirilib ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır.
Ərdoğanın Qarabağ çağırışını şərh edən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri "Şərq”ə deyib ki, bu, Ermənistan və onların havadarı olan ölkələrə önəmli cavabdır: "Azərbaycan və Türkiyə bütün xarici düşmənlərə qarşı birlikdədir. Eyni zamanda, digər türkdilli ölkələr də bundan nəticə çıxarmalıdır. Yəni Türkiyə regionda əsas güc olaraq Azərbaycanın yanındadır. Bu dəstək digər türkdilli ölkələrə də verilə bilər”.
Ekspertin fikrincə, hazırda yeni dünya nizamı qurulur: "Yaxın Şərqdə savaş gedir, İŞİD-ə qarşı mübarizə aparılır və Ukrayna böhranı səngimək bilmir. Bunun fonunda müstəqil hərəkət etmək istəyən Türkiyəni təkləmək istəyirlər. Xüsusilə, Ankaranın Qərb müttəfiqləri təzyiqlər edir. Belə bir vaxtda iki qardaş ölkənin şahinlərinin səmaya birgə qalxması həm də dünya güclərinə mesaj ola bilər. Hansı ki, Azərbaycan regionda öz önəmini getdikcə artırır və Qərb üçün daha əhəmiyyətli gücə çevrilir. Belə bir gücün Türkiyənin yanında olması təbii ki, Ankara üçün müsbətdir. Həmçinin, Bakı da Ankara ilə birgə olduğunu, xarici təzyiqlərə qarşı güclü müttəfiqə sahib olduğunu göstərir”.
Politoloq Fikrət Sadıqov isə söyləyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin rolu böyükdü. Ekspertin qənaətincə, Türkiyə hər zaman Azərbaycanın yanındadır: "Buna görə də Ermənistanla bütün diplomatik əlaqələri kəsib, sərhədləri bağlayıb. Bütün beynəlxalq tirbunalardan Azərbaycanın xeyrinə çıxışlar edilir. Rəsmi Ankara hər zaman Azərbaycanı dəstəkləyir və bu kursdan dönməyəcək. Amma reallıq ondan ibarətdir ki, münaqişəni aparıcı dövlətlər nəzarətə götürüblər. Bir sıra məsələlərin həlli də bu dövlətlərin siyasətindən asılı olacaq. Bu, heç də o demək deyil ki, Türkiyə geri çəkiləcək, biganəlik göstərəcək. Düşünürəm ki, Ərdoğan aktiv dövlət başçısı olaraq məsələnin həllində fəal iştirak edəcək. Məsələ hər zaman Azərbaycanın xeyrinə gündəmdə qalacaq”.
Ayyət Əhməd