Bransonu azad edən Ankara indi ABŞ-dan addımlar gözləyir
Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqala səbəb olan keşiş Endryu Bransonun azadlığa buraxılması və ölkəsinə dönməsi gündəmdən düşmür. Ekspertlər bu qərarla hər iki ölkə arasındakı gərginliyin müsbətə doğru dəyişəcəyini proqnozlaşdırırlar. Keşiş barəsindəki qərardan dərhal sonra ABŞ Prezidenti Donald Tramp öz "Twitter” hesabında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Branson çox çətin təcrübə keçmiş mükəmməl bir xristiandır. Prezident Ərdoğana etdiyi köməyə görə təşəkkür edirəm”. Tramp Bransonla görüşü zamanı da Ərdoğana bir daha təşəkkür etməyi unutmayıb:
"Onunla çox yaxşı əlaqəmiz var. Bu məsələnin daha əvvəl həll olunmamasına çox təəccübləndim. Obama hakimiyyəti bu məsələni həll edə bilmədi. Nələr yaşadığınızı bilirəm, Türkiyə üçün də asan situasiya deyildi. Çox şey yaşandı, Ərdoğana bunu mümkün etdiyi üçün təşəkkür edirəm. Onun üçün də asan deyildi. Bir daha Türkiyəyə gedərsinizmi deyə soruşmaq istəmirəm. Türkiyə ilə problemlər oldu, keçmişə qayıdacağıq”.
Ağ Ev sahibinin bu açıqlamalarına baxmayaraq, Amerikanın dövlət katibi Mayk Pompeonun Bransonun azad edilməsinə sərgilədiyi mövqe kifayət qədər maraqlıdır. O, Türkiyə hökumətindən digər amerikalıların da azadlığa buraxılmasını istəyib: "Bu gün Amerika üçün böyük bir gündür. Digər bir amerikan vətəndaşı da sərbəst buraxıldı. Dünya bilməlidir ki, Amerika yanlışlıqla həbs edilənləri evinə gətirmək üçün çalışmalarına davam edir”. Bu açıqlamaların arxasında üstüörtülü şəkildə təhdidlərin olduğunu sezməmək mümkün deyil. Bütün bunlardan çıxış edərək, bəzi ekspertlər keşişin azad olunmasının Türkiyə-ABŞ arasındakı gərginliyi sadəcə bir az yumşaldacağını qeyd edirlər.
Tərəflər arasındakı münasibətləri "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Türkiyə Bransonu azad etməklə ABŞ-a jest edib:
"İzmir məhkəməsinin amerikalı keşiş Endryu Bransonla bağlı qərarı gözlənilən idi. Hesab etmirdim ki, hakim ona 30 il iş verə bilər. Çünki bu halda iki ölkə arasındakı münasibətlər daha da gərginləşə bilərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun hakimin müstəqil qərarı olduğunu desə də, hiss olunurdu ki, qərarın arxasında siyasi səbəblər dayanır. Əsas səbəb Türkiyə və ABŞ-ın bu məsələni həll etmək istəyi idi. İki ölkə arasında problemlər olduqca çoxdur. Bu addımı atmaqla Türkiyə bir problemdən qurtuldu”.
E.Şahinoğlunun fikrincə, Bransonu azad edən Türkiyənin ABŞ-dan gözləntiləri var:
"Hazırda top ABŞ-ın meydanındadır. Türkiyə jest etdi. Bunun qarşılığını gözləməyə haqqı var. Qarşılığı nələr ola bilər? Suriyada Membiç məsələsi həll olunmamış qalır. ABŞ-dan bir hərəkət gözləyə bilər ki, PKK uzantılarını oradan uzaqlaşdırsın. Çünki şifahi razılaşmaya görə, amerika və türk hərbçiləri bu şəhərə birgə nəzarət etməlidir. Türkiyənin əsas gözləntisi budur. Bundan başqa Branson həbsdə olarkən, ABŞ Türkiyəyə satmağı planlaşdırdığı qırıcılar məsələsini arxa plana atdı. Bu məsələ həllini tapmalıdır. Eyni zamanda müəyyən iqtisadi sanksiyalarla bağlı qərarlarından vaz keçməlidir. Daha qlobal məsələlər – Fətulla Gülənin ekstradisiyası, orada saxlanılan bəzi şəxslərin azad olunması baş verməyəcək. Ümumən Bransonun sərbəst buraxılması münasibətlərdəki gərginliyi bir qədər azaltdı, amma problemlər olduğu kimi qalır”. Politoloq bildirib ki, Bransonun azad olunması Trampın mövqeyini gücləndirib:
"Tramp aralıq seçkilərə gedir. Bransonu həbsdən buraxmaqla Türkiyə Trampın da əlini gücləndirdi. Seçkiqabağı Trampın reytinqi artdı. Buna görə də Tramp Türkiyəyə minnətdar olmalıdır. Branson həbsdən azad olunmasaydı, yevangelistlər və onların təmsilçisi Mayk Pens Türkiyə ilə münasibətləri daha da gərginləşdirə bilərdi. Türkiyə bundan da qurtuldu. Amma problemlərin əksəriyyəti həll olunmamış qalır. Türkiyə ciddi addım atdı. Məhkəmə qərarına istinad edilsə də, bu siyasi qərar idi. Növbəti addımı isə ABŞ atmalıdır. Fakt bundan ibarətdir ki, Türkiyə və ABŞ əvvəlki kimi strateji müttəfiq deyillər. Əksinə, NATO ölkəsi olan Türkiyə Rusiya ilə daha sıx əməkdaşlıq edir. Bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin əvvəlki səviyyəsinə qayıdacağını gözləmirəm. Çünki iki ölkə arasında o qədər fərqli maraqlar yaranıb ki, onları qaydaya salmaq çox çətindir”.
İsmayıl