"Türkiyə kəşfiyyatının buna dair ciddi informasiya bazası var" - Keçmiş MTN zabiti

Sülhəddin Əkbər: "Türkiyədə böyük terror dalğasının olacağını düşünmürəm. Belə risklər olarsa, Türkiyə təhlükəsizlik orqanları bunun qarşısını məharətlə alacaqdır”



"Türkiyə kəşfiyyat və təhlükəsizlik xidmətləri terrorçularla bağlı məsələləri ciddi nəzarətdə saxlayırlar”.

Bunu "Sherg.az”a Suriya və İraq ərazilərinin İŞİD terror təşkilatından azad olunmasından sonra təşkilatın xarici döyüşçülərinin Türkiyə və digər ölkələrin ərazilərinə yayılmasının təhlükəsindən danışarkən keçmiş MTN zabiti Sülhəddin Əkbər deyib. 

O bildirib ki, artıq Türkiyə ərazisində bu işlər aparılır, İŞİD-çi terrorçular zərərsizləşdirilir:

"Həmin terrorçuların əksəriyyəti terror hazırlığında olarkən aşkarlanır. Türkiyə kəşfiyyatının bununla bağlı ciddi informasiya bazası var. Düşünürəm ki, Türkiyə effektli mübarizə apara biləcək. İstənilən halda terror elə asimmetrik hadisədir ki, heç kim ondan sığortalanmayıb. Ona görə, təhlükə təbii olaraq, qalmaqdadır. Lakin böyük bir terror dalğasının olacağını düşünmürəm. Belə risklər olarsa, Türkiyə təhlükəsizlik orqanları bunun qarşısını məharətlə alacaqdır”.

Xarici terrorçuların qonşu dövlətlərə yayılmasının Azərbaycana təsirlərinə toxunan S.Əkbər bu ehtimalın olduğunu istisna etməyib:

"Həmin terror təşkilatlarının tərkibində təəssüf ki, azərbaycanlılar da var. Onlar isə təşkilatların dağılmasından sonra qonşu ölkələrə, o cümlədən Azərbaycana hərəkət edə bilərlər. Ona görə, həmin şəxslərin Azərbaycana dönəcəyi gözləniləndir. Ölkə kəşfiyyatı və təhlükəsizlik xidməti də bununla bağlı işlər görür. Amma bunu təkcə kəşfiyyat və təhlükəsizlik xidmətinin üzərinə yıxmaq da düzgün deyil. Azərbaycan respublikasının terrorizmlə mübarizə istiqamətində dövlət proqramı olmalıdır”.

Qeyd edək ki, ABŞ-da yerləşən Soufan Mərkəzinin dərc etdiyi hesabata görə, terrorçular Avropa başda olmaqla, dünyanın 146 ölkəsinə dönməyə başlayıb.

Suriya və İraqa ən çox xarici döyüşçü göndərən ölkələrin siyahısına 3 min 417 nəfərlə Rusiya başçılıq edir. Rusiyanı Səudiyyə Ərəbistanı (3244), İordaniya (3000), Tunis (2926) və Fransa (1910) izləyir. İŞİD-ə xarici döyüşçü göndərən ölkələrin siyahısında ilk beşlikdə yer almamasına baxmayaraq, Türkiyə Suriya və İraqı tərk edən İŞİD döyüşçülərinin ən çox üz tutduğu ölkədir. Ümumilikdə, İŞİD-in 900 xarici döyüşçüsü Türkiyəyə daxil olub və terrorçuların əsas hədəflərindən biridir.

Aysel Aslan