Türkiyədə ermənilər parlamentə ayaq açır

“Onlar yaşadıqları ölkənin dili ilə deyil, Ermənistanın dili ilə danışacaqlar”



Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) iyunun 7-nə təyin olunan parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısı açıqlanıb. Məlumata görə, İstanbuldakı 2-ci seçki dairəsində CHP-nin lideri Kamal Kılıçdaroğlu deputatlığa namizədlər siyahısında birinci yerdə milliyyətcə erməni olan Selina Özuzün Doğanı yazıb.

Qeyd edək ki, erməni qadın 1977-ci ildə İstanbulda anadan olub, evlidir, 2 uşağı var. Vəkillik ofisində çalışır. Erməni və türk dillərindən başqa, ingilis və fransız dillərini də bilir. Məlumat üçün bildirək ki, bu ölkənin baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin edib. Şübhəsiz ki, bu hal qardaş ölkə ictimaiyyəti ilə yanaşı, Azərbaycan cəmiyyətində də etirazla qarşılanıb. Ekspertlər isə Türkiyə siyasi təşkilatlarının "erməni sevdasını” müxtəlif səbəblərlə izah edirlər. Bəziləri bunu dünyanın gözünə kül üfürmək, bəziləri isə özünü Qərbə yaxşı göstərmək kimi yozur.
"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə "Şərq”ə açıqlamasında qeyd edib ki, CHP Atatarükün partiyası olmaqdan çoxdan çıxıb: "Bu günlərdə Ermənistan qondarma soyqırımını qeyd edəcək. Türkiyəni də bu saxta qırğını tanımağa sürükləmək istəyirlər. Türkiyə könül alır. Guya ki, ermənilər də Türkiyənin vətəndaşıdır. Onlar ermənilərə konstruktiv yanaşırlar. Baxın, bizdə də yəhudi əsilli millət vəkili var. Yəhudilərin bizə hər hansı iddiası yoxdur. Bizimlə savaş içərisində deyillər. Lakin ermənilərin qardaş ölkəyə ərazi və soyqırım iddiası mövcuddur. Belə olan halda erməni əsilli birinin parlamentə gətirilməsi kökündən yanlışdır”.
Təşkilat sədrinin sözlərinə görə, Osmanlı dönəmində də erməni əsillilər vəzifələrə gətirilib. Buna rəğmən sonradan osmanlılara ən ağır xəyanətləri onlar edib: "Andranik paşa olub. Onlar müəyyən qətliamlar törədiblər. Osmanlılar savaşa girəndə həmin ermənilər xəyanət ediblər. Hazırda qardaş ölkə Osmanlının son dönəmlərini yaşayır. Fikir verin, Türkiyənin idarəçiliyində çalışanların çoxu etniklərdir. Yuxarı instansiyalarda təmsil olunan türklərin sayı çox azdır. Tarix təkrar olunur. Türkiyə ermənilərə göstərdiyi etimadın nəticələrini görüb. Onlar Türkiyə vətəndaşları ola bilərlər. Amma bilmək lazımdır ki, həmin ermənilər tarixən türklərə çox acı və amansız hallar yaşadıblar. Osmanlılar ermənilərə ən sadiq millət adı versə də, sonda türklərə ən dəhşətli xəyanəti ermənilər ediblər. Türkiyəni soyqırımda təqsirləndirən bir millətin təmsilçisini parlament kürsüsünə gətirmək yaxşı hal deyil. Onlar parlamentə ayaq açsalar, Türkiyənin deyil, Ermənistanın dili ilə danışacaqlar. Türkiyədə neçə milyon Azərbaycan türkü yaşayır və təəssüf ki, onlardan yüksək vəzifədə olanları yoxdur”.

Ayyət Əhməd