Türkiyədə hakimiyyət dəyişməlidir

Ərəstun Oruclu: “Türkiyəni idarəedilən bir dövlətə çevirmək istəyirlər”
Altay Göyüşov: “Görünən odur ki, AKP hökuməti artıq Türkiyəni idarə etmək gücündə deyil”


İstanbulda törədilən dəhşətli terrorla əlaqəsi olan 11 nəfər əcnəbi vətəndaş həbs olunub. Onların İŞİD-lə bağlılığı olduğu müəyyən edilib. Ümumiyyətlə, terrordan sonra Türkiyədə genişmiqyaslı əməliyyatlara da start verilib.

Terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlarda İstanbul polisi silah alverində şübhəli bilinən 87 nəfəri saxlayıb. Əməliyyat zamanı mindən çox odlu silah aşkar edilərək müsadirə edilib. Saxlanılanlar arasında əcnəbilər də var. Lakin onların adı açıqlanmır. Terrorla Mübarizə İdarəsinin əməkdaşları Başakşehirdə də əməliyyatlar keçiriblər. Nəticədə İŞİD-in Başakşehirdəki özəyi aşkar edilib.

3 terrorçunun kimliyi məlum oldu

"Atatürk” Hava Limanındakı dəhşətli terror aktını törədənlərin kimliyi məlum olub. Onlardan biri Rakib Bulgarov adlı Rusiya vətəndaşıdır. Bundan öncəki terrorçu Vadim Osmanov da çeçen əsilli rus vətəndaşı idi. Terrorçulardan digəri isə "təkqol” ləqəbli çeçen Əhməd Çatayevdir. O, İŞİD terror təşkilatının İstanbul qolunun başçısıdır. Hava limanında törədilən terror aktını onun planlaşdırdığı iddia edilir. Vurğulanır ki, Çatayev həm də Sultanəhməd və Taksimdəki terror aktlarının təşkilatçısı kimi axtarışdadır. İstanbulun Anadolu və Avropa hissələrində 16 ünvanda keçirilən əməliyyatlarda 13 nəfər şübhəli şəxs saxlanılsa da, Çatayevi ələ keçirmək mümkün olmayıb. Çeçenistan əsilli Çatayev "Qafqaz Əmirliyi” qruplaşmasında fəaliyyət göstərib, daha sonra İŞİD-ə qoşulub. 2000-ci illərdə Rusiyada həbsxanada olarkən bir qolu amputasiya edilən Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.

Rusiya terrorçunun çeçen olduğunu təkzib etdi

Rusiya tərəfi "Atatürk” Hava Limanını partladan terrorçulardan birinin Rusiya vətəndaşı, çeçen olması barədə yayılan xəbərləri təkzib edib. Rusiya hüquq-mühafizə orqanlarının verdiyi açıqlamaya görə, Çeçenistanda Osman Vadinov adlı şəxs heç vaxt qeydiyyatda olmayıb. Hətta soyad da çeçen soyadı deyil. İkinci şübhəli Əhməd Çatayev isə Rusiya tərəfindən də axtarışda olub”.

"Məqsəd Türkiyəni idarəedilən dövlətə çevirməkdir”

Ekspertlər Türkiyədə baş verən terrorun səbəb və nəticələrini müxtəlif aspektlərdən şərh edirlər. Siyasi şərhçi Ərəstun Oruclunun sözlərinə görə, Türkiyədə baş verənlər bu ölkəni sarsıtmağa və gücdən salmağa yönəlmiş addımlardır: "Terror Türkiyəni daxildən sarsıtmağa, ölkəni iqtisadi cəhətdən çökdürməyə, nəqliyyat və turizm sektorunu etibarsız göstərməyə yönəldilib. Bu istiqamətdə kifayət qədər çoxplanlı və ardıcıl səylər həyata keçirilir. Son nəticədə Türkiyəni idarəedilən bir dövlətə çevirmək istəyirlər. Türkiyəni terrora məruz qoyanların başlıca hədəfi budur”.

"Türkiyədə hakimiyyət dəyişikliyi labüddür”

Tarixçi-alim Altay Göyüşov isə deyib ki, Türkiyə hökuməti terror hadisələrinin qarşısında aciz durumda qaldığından hakimiyyət dəyişikliyinə getməlidir: "Ötən ilin oktyabr ayından etibarən demək olar ki, az qala hər ay terror hadisələri baş verir. Artıq qurbanların sayı Əfqanıstandakı terror hadisələrində ölənlərin sayından çoxdur. Başa düşülür ki, Türkiyə bir tərəfdən İŞİD, o biri tərəfdən PKK ilə üz-üzə qalıb. Amma məsələ burasındadır ki, hökumətin də boynuna məsuliyyət düşür. Hökumət bu məsələ ətrafında mobilizasiya olunmalıdır. Terrorun qarşısını almağı bacarmalıdır. Ancaq hökumət faktiki olaraq terror aktları qarşısında acizdir. Buna görə də hakimiyyət dəyişikliyi baş verməlidir. Başqa çıxış yolu yoxdur. Görünən odur ki, AKP hökuməti artıq Türkiyəni idarə etmək gücündə deyil. Türkiyədə hakimiyyət dəyişikliyi labüddür”.

İsmayıl