Türkiyədə savadsızlığa qarşı mübarizə başladı

Mehriban Zeynalova: "Ölkəmizdə vəziyyət Türkiyə ilə müqayisə olunmayacaq qədər qənaətbəxşdir"




"Bizdə bu sahədə SOS təhlükəsi yoxdur. Bizim qanunvericilikdə icbari təhsillə bağlı xüsusi maddə var və uşaqların təhsildən yayındırılmasına görə məsuliyyət var. Xoşbəxtlikdən bizim ailələr "qız uşaqları oxumamalıdır” kimi düşüncələrə sahib deyillər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi oxuma - yazma səfərbərliyinə 100 mindən artıq müraciət edilib. Layihədə 2,5 milyon adama təhsil verilməsi məqsəd kimi qarşıya qoyulub.
Qeyd edək ki, artıq dünəndən etibarən oxuma-yazma kampaniyasında ilk dərs günü olub. Milli Təhsil Nazirliyinin rəhbərliyi ilə keçirilən dərsdə yaşı 14 və daha yuxarı olan, oxumaq, yazmaq bilməyən vətəndaşlar iştirak edib. 

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın himayə və dəstəyi ilə həyata keçiriləcək layihə üçün Milli Təhsil Nazirliyi, icra hakimiyyətləri və bələdiyyələr, oxuma-yazma bilməyən vətəndaşların müəyyən edilərək kursa istiqamətləndirilməsi üçün apardığı iş tamamlanıb. Oxuma-yazma bilməyən böyüklərin sayları və yaşayan bölgələr müəyyən edilərək, böyüklər kurslara dəvət edilib.

Araşdırmalara görə, 14 yaşını keçdiyi halda oxuma-yazma bilməyən 2 milyon 462 min 613 nəfərin olduğu müəyyən edilib. Oxuma-yazma bilməyən vətəndaşların sayı ən çox köç olan 10 rayon İstanbul, Şanlıurfa, Diyarbəkir, Ankara, Adana, Bursa, Van, Qaziantep, Mardin və İzmir olduğundan nazirliyin kurs planlaşdırması da bu istiqamətdə formalaşıb.

Hazırlıq işləri başa çatan kurslara vətəndaşların da marağı yüksək olub. Kampaniya çərçivəsində oxuma-yazma bilməyən 100 mindən artıq vətəndaşdan ibarət olan təhsil proqramı uğurla başa çatdırılıb. Dərslər düzənli təhsil alan tələbələrin dərs saatları başa çatdıqdan sonra məktəblərdə keçiriləcək. Həmçinin Xalq Təhsil Mərkəzlərindən də dərslik kimi istifadə ediləcək.

Qeyd edək ki, Türkiyənin bəzi regionlarında qız uşaqlarının oxuması xoşagəlməz hal hesab edildiyi üçün ailələri tərəfindən məktəbdən çıxarılır. Sözügedən layihənin də məqsədi məhz həmin insanlara oxuma-yazma öyrədilməsidir. Bəs, Azərbaycanda necə, təhsildən yayınan qadınlar var?

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ölkəmizdə vəziyyət Türkiyə ilə müqayisə olunmayacaq qədər qənaətbəxşdir: "Türkiyədə ta əvvəllərdən bu cür tendensiyalar olub. Xüsusən də kəndlərdə qız uşaqlarının kütləvi şəkildə təhsildən yayındırılması onlar üçün yeni deyil. Bizdə isə bu sahədə SOS təhlükəsi yoxdur. 

Bizim qanunvericilikdə icbari təhsillə bağlı xüsusi maddə var və uşaqların təhsildən yayındırılmasına görə məsuliyyət var. Xoşbəxtlikdən bizim ailələr "qız uşaqları oxumamalıdır” kimi düşüncələrə sahib deyillər. Düzdür, qız uşaqlarının oxumasına qarşı çıxan insanlar var. Heç oxumadım deyən belə ibtidai təhsil ala bilir və bəzi ailələr 4-cü sinifdən sonra qız uşaqlarını məktəbdən ayırırlar. Kimisi iqtisadi amili bəhanə gətirir, kimisi də oğlanlarla qızların eyni məktəbdə oxumasına qarşı olduğu üçün bu addımı atır. Bəzi uşaqların da sənədi qaydasında olmadığı üçün məktəbə gedə bilmir”.

Türkiyə ilə müqayisədə bizdə təhsilə meylliliyin güclü olduğunu vurğulayan M.Zeynalovanın sözlərinə görə, bizdə hansısa rayonda, kənddə kütləvi şəkildə uşaqları təhsildən yayındırma kimi xoşagəlməz bir problem yaşanmır. 

Bizim sığınacağa müraciət edən qadınların arasında təhsilsiz olanlar var, ancaq onlar belə ibtidai sinfi bitirənə qədər məktəbə gediblər. 16 ildir ictimai fəaliyyətlə məşğulam və 10-12 nəfərin ümumiyyətlə təhsil almadığına şahid olum.

Şəymən