“Türkiyəni çox ağır təlatümlər gözləyir”

Azər Rəşidoğlu: “Əgər qətlin arxasında ABŞ dayanırsa, bunun davamı olacaq”
“Vaşinqtonun Ərdoğansız Türkiyə modelinə üstünlük verməsi mümkündür”


"Məsələn, Türkiyə siyasi elitasında tanınan bir  siyasətçiyə sui-qəsd edilə bilər. Ərdoğana müxalif olan hansısa tanınmış siyasətçi öldürülə bilər”

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankaranın mərkəzində güllələnərək qətlə yetirilməsi dünya gündəmində şok effekti yaratdı. Qatilin sabiq polis məmuru olması, hadisəni törətdikdən sonra "Hələb üçün bunu etdim” deyərək təkbir gətirməsi, Rusiyanın olaya soyuqqanlı münasibəti, Türkiyə və Rusiya rəsmilərinin ilkin açıqlamaları ortaya bir çox suallar və versiyalar qoymuş oldu.

Analitiklərin bəziləri bu hadisənin okeanın o tayından, ABŞ tərəfindən planlaşdırıldığını bildirsə də, əksəriyyət İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini iddia edirlər. Versiyalardan biri də bundan ibarətdir ki, səfirin ölümündə Rusiya əlinin olması da mümkündür. Belə ki, "Rusiya bir səfirini qurban verməklə, Türkiyəni özünə tərəf daha çox çəkmiş oldu” - fikrini paylaşanlar da var...

"Şərq”in "Gündəm saatı”na danışan siyasi şərhçi Azər Rəşidoğlu səfirin qətlinin Türkiyə üçün xoşagəlməz hal olduğunu söyləyib...

- Türkiyənin hazırda beynəlxalq güclərin ssenarisini dəyişəcək qüdrəti və imkanı yoxdu. Rusiya səfirinin qətlinin Hələb məsələsi ilə və yaxud da islamçı qruplaşmanın adı ilə bağlanmasının tərəfdarı deyiləm. Düzdü, qatil təkbir gətirir, Hələblə bağlı şüarlar səsləndirir. Amma bu versiya o qədər də ciddi deyil. Karlovun qətli xırda bir məsələ deyil ki, hansısa terrorçu qrupun nümayəndəsi sırf dini baxışına görə bunu həyata keçirsin. Zənnimcə, bu hadisə ABŞ və ya elə Rusiyanın özünün

kəşfiyyatının əməli ola bilər. Baxmaq lazımdır ki, olaydan karlı çıxan hansı qüvvədir. Əgər qətlin arxasında ABŞ dayanırsa, bunun davamı olacaq. Təbii ki, ABŞ əməli törədibsə, bu, Ərdoğanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq, Türkiyə və Rusiya münasibətlərinin tamamilə pozulması üçün atılan addımdır. Növbəti addımlar gələ və Türkiyədə ciddi böhran yarada bilər. Amma o da istisna deyil ki, məsələdə Rusiyanın öz əli var. Versiya olaraq, bu da mümkündür. Əgər bu terror Rusiya kəşfiyyatının işidirsə, bu, Ərdoğan hakimiyyətini Suriya məsələsində Rusiya yönümlü siyasət yeritməyə vadar edəcək. Proseslər onu deməyə əsas verir ki, Ərdoğan yaxın gələcəkdə Rusiya ilə daha da yaxınlıq xəttini seçəcək və anti-Qərb ritorikasını gücləndirəcək. Bu hadisədə Fətullah Gülən şəbəkəsinin adının hallandırılması Türkiyə hökumətinin Rusiya xəttini seçəcəyini proqnozlaşdırmağa imkan verir. Ümumiyyətlə, Karlovun Ankaranın göbəyində qətlə yetirilməsi, bölgədə proseslərə öz təsirini göstərəcək. Zənnimcə, bundan sonra ABŞ-la Rusiya biri-birinə qarşı cavab addımları atacaqlar. Deməyim odur ki, regionda proseslər çox ciddi şəkildə davam edəcək. Bölgədə yeni situasiya yarandığını söyləmək mümkündür.

- Bildirdiz ki, əgər bu, ABŞ-dan gələn ssenaridirsə, proses davam edəcək. Davam hansı formada təzahür edə bilər?

- Güman ki, Vaşinqton prosesi başladıbsa, bundan sonra da Türkiyədə qanlı qətllər baş verəcək. Məsələn, Türkiyə siyasi elitasında tanınan bir siyasətçiyə sui-qəsd edilə bilər. Ərdoğana müxalif olan hansısa tanınmış siyasətçi öldürülə bilər ki, bunun mümkünlüyünü Karlovun qətli ilə gördük. Həmçinin İranın və yaxud da, ABŞ-ın özünün səfirinə qarşı sui-qəsd edilə bilər. Elə hadisədən sonra ABŞ-ın Türkiyədəki səfirliyinə də hücum edildiyi informasiyaları var. Yəni prosesin davamı qərarı varsa, bölgənin tanınmış diplomatlarına qarşı terror həyata keçirilməsi mümkündür. Və yaxud da Türkiyədə sözü keçən, nüfuzu olan ziyalılarından kimisə öldürə bilərlər. Yəni ki, idarə olunan xaosun idarəolunmaz nöqtəyə gətirilməsi ssenariyə daxil ola bilər.

- Karlovun qətlinə Rusiyanın sərt reaksiya verəcəyi, Türkiyəni ittiham edəcəyi gözlənilsə də, əksi baş verdi. Kremldən gələn bəyanatlar kifayət qədər soyuqqanlı oldu. Səbrli açıqlamalarla yanaşı, hadisənin Rusiya-Türkiyə münasibətlərinə problem yaratmayacağı söylənildi. Rəsmi Moskvanın bu cür davranışı bir çox suallar ortaya qoyub. Bundan sonra iki ölkənin münasibətləri müsbətə doğru daha da dərinləşəcək, yoxsa, Türkiyə geri çəkilərək, Qərbə üz tutacaq?

- Hər halda Rusiyanın görünən istəyi odur ki, diplomatın qətlindən öz maraqlarına uyğun istifadə etsin. Kreml rəsmilərin dili ilə Türkiyəni öz təsir dairəsinə almaq niyyətini ortaya qoyur. Hesab edirəm ki, Türkiyənin siyasi elitası da buna gedir. Verilən açıqlamalar, bəyanatlar göstərir ki, Kremlin arzusunu Ankara onların "gözündə qoymayacaq”. Amma yenə də deyirəm ki, bu, ABŞ-ın ssenarisidirsə, o zaman idarəolunmaz xaos yaranacaq ki, bu halda da Ərdoğanın geri çəkilməkdən başqa yolu qalmayacaq. İstənilən halda çox ağır və Türkiyə üçün təhlükəli planlar işə düşüb. Yaxın aylarda Türkiyəni çox ağır təlatümlər gözləyir.

- Ard-arda baş verən terror hadisələri və sonucda Rusiya səfirinin öldürülməsi, Ərdoğanın hakimiyyətdən getməsi ilə nəticələnə bilərmi?

- Güman etmirəm ki, bu proses hakimiyyətdən yan keçəcək. Xaos dalğası Ərdoğanı və onun yaxın ətrafını silkələyəcək. Hətta Türkiyə Prezidentinə və siyasi elitaya qarşı da sui-qəsdlərin planlaşdırılması istisna deyil. Vaşinqtonun Ərdoğansız Türkiyə modelinə üstünlük verməsi mümkündür. Yəni ki, komanda qalır, müəyyən korrektələr edilməklə, AKP siyasi kursu davam edir. Sadəcə Ərdoğan hakimiyyətdən gedir. Bu variant mümkündür. Amma proseslərdən Türkiyə Prezidentinin necə çıxacağı sualı var. Buna isə ehtimal vermək, proqnozlaşdırmaq çox çətindir. Bütün hallarda Ərdoğanın xeyli zəifləyəcəyi proqnozunu vermək olar.

- Amma görünən odur ki, Ərdoğan sonuna kimi getmək niyyətindədir. Türkiyə Prezidenti açıqlamasında bildirdi ki, ssenari quran güclər məqsədlərinə nail ola bilməyəcəklər...

- Bu bir qədər sui-qəsddən doğan, aqoniya ilə verilən açıqlama idi. Əgər yaranan xaos daha da dərinləşərsə, proseslər sürətlə inkişaf edərsə, o zaman Ərdoğan ritorikasını dəyişəcək, sərt yanaşma

yumşalacaq. Yox, əksinə loru dillə desək, tam "taran”a gedəcəksə, bu, Ərdoğan hakimiyyəti üçün müsbət heç nə vəd etmir.

- İctimaiyyət nümayəndələri Karlovun qətlini Ferdinandın qətli ilə müqayisə edirlər. Belə fikirlər səsləndirilir ki, Birinci Dünya Müharibəsi Ferdinandın qətliamı ilə başladı, Karlovun qətli Üçüncü Dünya Müharibəsinin başlamasına rəvac verə bilər. Bu müqayisə nə dərəcədə uğurludur?

- Bilirsiz, 21-ci əsrdə bu cür müqayisələr bir az qüsurlu görünür. Üçüncü Dünya Müharibəsi, tarixdən oxuduğumuz müharibə kimi ola bilməz. Hazırda dünya müharibəsinin üçüncüsü baş verməkdədir. Yaxın Şərq faktiki olaraq, qan içində boğulur. Qərb ölkələrində, Avropanın mərkəzi şəhərlərində terror aktları baş verir. Türkiyə bölgənin güc sahibi olaraq ağır fəsadlar içərisindədir. MDB məkanında, Orta Asiya ölkələrində təlatümlər var. Bütün bu proseslər dünya müharibəsi deyilmi? Müharibənin qaşı-gözü olmur ki?! Məncə, əslində cahan müharibəsinin üçüncü mərhələsi ermənilərin Qarabağdakı separatçılığı, Azərbaycan ərazilərini işğal etməsi və Kremlin erməniləri müdafiə etməsindən sonra başladı.

- Qərb ölkələrindəki terraktlar demişkən, Ankarada səfirin qətlindən bir neçə saat sonra Almaniya və Belçikada da şübhəli hadisələr baş verdi. Belə ki, Berlinin mərkəzində "TIR” bayram yarmarkasına girib, 10-dan çox insanın ölümünə, 40-dan çox insanın yaralanmasına səbəb oldu. Alman polisi hadisənin terror olub-olmadığını açıqlamadı, amma İŞİD terrorçularının əməli olduğu haqqında informasiyalar var. Eyni zamanda Belçikada məscidə hücum edildi. Bir gündə üç hadisənin baş verməsi ortaya "əcaba, bu olaylar arasında bir bağlılıq varmı” - sualını çıxarır...

- Avropada Rusiya kəşfiyyatı çox güclü işləyir. Əgər Karlovun qətli Amerikanın "işi” idisə, o zaman Berlindəki hadisəni Rusiya kəşfiyyatının adı ilə bağlamaq olar. Yəni ki, Moskva bununla Qərbə cavab atəşi açmış oldu. Amma mənim qənaətimcə, görünən odur ki, yaxın vaxtlarda Avropadan Yaxın Şərq miqrantlarının geri qaytarılması ritorikası mövcuddur. Bir qədər obrazlı desək, yeni bir "11 sentyabr” olayına bənzər olay olmalıdır ki, xristian-müsəlman qarşıdurması yaransın. Bununla da Avropa müsəlmanların deportasiya edilməsinə başlayacaq. Yaxın gələcəyin proqnozları bunu göstərir ki, Avropa ölkələri Yaxın Şərq insanlarını, müsəlmanları ölkələrindən çıxarmaqda israrlıdırlar.

Anar Bayramoğlu