
Türkiyənin kəşfiyyat xidməti çöküb
Terroru törədənlərin şəxsiyyəti müəyyən olunubSülhəddin Əkbər: “Öncədən kəşfiyyat xidməti olmayıb, olubsa da ümumi məlumat olub, dəqiq hədəf göstərilməyib”

İlqar Vəlizadə: "Türkiyədə Suriya və İraqda olduğu kimi açıq müharibə olmasa da, döyüşlər gizli cəbhələrdə gedir”
Elman Nəsirli: "Türkiyənin beynəlxalq terrorçu qruplaşmaların hədəfinə çevrilməsi bu ölkənin fəal xarici siyasət kursu həyata keçirməsi ilə bağlıdır”
"Terrorçular aeroportun təhlükəsizlik sistemindən keçə bilməyiblər”. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ötən gün "Atatürk” Hava Limanında törədilən terror aktından danışarkən deyib. Baş nazir istintaqın çox həssaslıqla davam etdiyini söyləyib: "Hücumu törədənin İŞİD olduğuna dair fikrimiz üstünlük qazanır. İctimaiyyətin bilməsində fayda görürəm ki, terrorçular normal təhlükəsizlik sistemindən keçə bilməyib, geri qayıdaraq çamadanda olan uzun lüləli silahlarla atəş açıblar”. B.Yıldırımın sözlərinə görə, hava limanında fiziki nəzarət kifayət etmir: "Kənardan silahla ediləcək hücuma qarşı tədbir almaq lazımdır. Bu məqsədlə təhlükəsizlik qüvvələrinin sayını artıracağıq”.
Terroru törədən kamikadzelərdən biri Rusiya vətəndaşı, çeçen Osman Vadinovdur. Onun İŞİD üzvü olduğu bildirilir. Digər iki terrorçunun isə Qırğız və Özbəkistan vətəndaşı olduğu deyilir. Yayılan digər məlumata görə, terror aktını Tacikistan əsilli terrorçular törədib. Hətta onların fotoları mediada yayılıb. İlkin araşdırmalardan aydın olub ki, hadisəni 3 terrorçu törədib. Onlar iyunun 28-i axşam saat 9 radələrində İstanbulun Fateh Vətən küçəsində Mahmud Bağışa məxsus taksiyə miniblər. İstanbul polisi həmin vaxt küçədəki təhlükəsizlik kamerasının terrorçuları qeydə aldığını üzə çıxarıb. Terrorçuların üç bel çantası və bir çamadanı olub. Onlar hava limanında xaricdən təyyarə reysləri ilə gələn şəxslərin çıxışı üçün nəzərdə tutulmuş terminalda taksidən düşüblər. Çamadandakı partlayıcıları əyinlərinə keçirib, silahlarını gizlədərək dağılışıblar. Bundan sonra xaricə gedən və xaricdən gələn sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxışda və avtomobil parkında gülləbaran və partlayışlar törədiblər. Taksi sürücüsü bildirib ki, terrorçunun isti havada gödəkçə geyinməsindən şübhələnib və buna görə onu təqib edib.
Terrora görə 13 nəfər tutuldu
Hüquq-mühafizə orqanlarının əməliyyatları nəticəsində terror aktının törədilməsində şübhəli bilinən şəxslər həbs olunub. 16 müxtəlif ünvanda keçirilən əməliyyat zamanı 3-ü xarici vətəndaş olmaqla 13 nəfər saxlanılıb. Axtarış tədbirləri zamanı bir neçə ünvandan odlu silah, elektron informasiya daşıyıcısı aşkarlanaraq götürülüb. Hazırda əməliyyat davam edir.
Terrorda yaralanan 41 nəfərin vəziyyəti ağırdır
Hadisədə yaralanan 128 nəfər hazırda xəstəxanalarda müalicə olunur. Onlardan 41-nin vəziyyəti ağırdır. Bu barədə Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə məlumat verib. Xatırladaq ki, terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir.
İki "canlı bomba” zərərsizləşdirildi
Suriya ilə Türkiyə sərhədində "canlı bomba” olduqları təsbit edilən iki terrorçu saxlanılıb. İŞİD üzvü olan terrorçular sərhədi qanunsuz keçməyə təşəbbüs göstəriblər. Onlar bir neçə dəfə xəbərdar edilsələr də, qaçmağa başlayıblar.
Sonrakı araşdırmalar zamanı məlum olub ki, onlardan biri Ankara və Adanada "canlı bomba” aksiyası hazırlayırmış. Zərərsizləşdirilən terrorçuların suriyalı olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdikləri də müəyyənləşdirilib. Onların İŞİD-in əsas adamlarından hesab edilən "Ebu Ali” kod adlı Mustafa Dəmir ilə əlaqədə olduqları anlaşılıb. Saxlanılanlardan birinin adı Muhammad Arabdır. Ankara və Adanada "canlı bomba” aksiyalarını məhz o planlayırmış. Digərinin adı isə Muhanad Xaladdır.
"Kəşfiyyat xidmətinin işi lazımi səviyyədə olmayıb”
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər hadisədə təhlükəsizlik qüvvələrinin yox, kəşfiyyat xidmətinin işinin lazımi səviyyədə olmadığını deyib: "Terrorizmlə mübarizədə ən önəmli məsələ kəşfiyyatdır. Yəni terror hadisəsinin törədiləcəyi barədə vaxtında dəqiq kəşfiyyat məlumatının əldə edilməsidir. İkincisi, bu kəşfiyyat məlumatının çox sürətli bir şəkildə müvafiq orqanlara çatdırılmasıdır. Üçüncüsü də, təhlükəsizlik qüvvələrinin qabaqlayıcı tədbirlər görməsidir. Konkret hadisəyə gəlincə, həmin 3 nəfər silahlı şəxs təhlükəsizlik qüvvələri ilə atışıb. Yəni onlara qarşılıq verilib, hətta onlardan biri vurulduqdan sonra yaralı vəziyyətdə üstündəki partlayıcı qurğunu partladıb. Fikrimcə, təhlükəsizlik qüvvələri burada vaxtında reaksiya veriblər. Sadəcə olaraq görünür, öncədən kəşfiyyat xidməti olmayıb, olubsa da ümumi məlumat olub, dəqiq hədəf göstərilməyib. Əks halda tədbir görülərdi”. S.Əkbər vurğulayıb ki, terrorla effektiv mübarizə aparmaq üçün kəşfiyyat xidmətləri arasında beynəlxalq əməkdaşlıq olmalıdır.
İstanbul terroru öncədən hazırlanıb
Politoloq İlqar Vəlizadə deyib ki, 2015-ci ildən bu yana Türkiyədə baş verən terror hadisələrində çox acınacaqlı bir dinamika müşahidə olunur: "İl ərzində sayca 4-cü olan bu terror aktı bir daha sübut etdi ki, Türkiyədə təhlükəsizlik sistemi ilə əlaqədar böyük qüsurlar var. Hesab edirəm ki, bu olaydan sonra Türkiyə çox ciddi tədbirlər görəcək. 2016-cı ilin birinci yarısında artıq dörd terror aktı baş verib. Bu, o deməkdir ki, Türkiyə terror müharibəsinin qurbanıdır. Türkiyədə Suriya və İraqda olduğu kimi açıq müharibə olmasa da, döyüşlər gizli cəbhələrdə gedir. Son terrorda kölgədə qalan oyunçuların maraqlı tərəflər kimi çıxış etmələri istisna deyil. Xüsusilə də İsrail-Türkiyə, Rusiya-Türkiyə münasibətlərinin tənzimlənməsini istəməyən qüvvələr hazırda Türkiyədə daxili siyasi vəziyyəti pozmaq, ölkəni xof içərisində saxlamaq istəyirlər. İstanbulun seçilməsində əsas hədəf məhz Türkiyəyə turist axınının qarşısını almaq, ölkənin əsas təməllərindən birinə zərbə vurmaqdır. Hesab edirəm ki, İstanbul terrorunun planı öncədən hazırlanıb. Çünki təhlükəsizlik sisteminin bu qədər tez bir zamanda yarılması mümkün deyil. Bu işin arxasında çox ciddi, hazırlıqlı, strukturlaşmış qurumlar dayanır. Hadisəni törədənlər isə xüsusi təlim keçmiş terrorçulardır”.
"Terrorun səbəbi Türkiyənin xarici siyasətidir”
Millət vəkili, professor Elman Nəsirli bildirib ki, Türkiyənin beynəlxalq terrorçu qruplaşmaların hədəfinə çevrilməsi bu ölkənin fəal xarici siyasət kursu həyata keçirməsi ilə bağlıdır: "Əgər Türkiyə 20 il əvvəl Yaxın və Orta Şərq regionunda baş verən proseslərə "bu bizim işimiz deyil” deyə münasibət bildirirdisə, indi konkret hədəfləri var. Türkiyə cümhuriyyətin 100 illiyinin qeyd olunacağı 2023-cü ilə çox böyük nailiyyətlərə imza atmaqla getmək istəyir. Son günlər Rusiya və İsraillə münasibətləri bərpa etmək siyasəti göstərir ki, Türkiyənin xarici siyasət kursu daha da intensivləşib. Eyni zamanda Rusiya və İsraillə münasibətlərin bərpası nəticə etibarilə Türkiyəyə yay mövsümündə yenidən çox böyük turist axınının gəlməsi və büdcəyə milyardlarla əlavə valyutanın daxil olması deməkdir. Belə olan vəziyyətdə Türkiyəni sevməyən, müstəqil xarici siyasi kursunu qəbul etməyən qüvvələr fəallaşıblar və onların da ənənəvi silahı terrordur. Turistlərin yenidən Türkiyəyə axın etməyə başladığı bir məqamda onu təhlükəli ölkə kimi təqdim etmək istəyirlər. Ona görə də belə bir qanlı hadisəni törədiblər”.
İsmayıl