Türkiyənin sabiqləri təşkilatlanır

Davudoğlunun yaradacağı partiyanın uğur qazanması ehtimalı azdır
Türkiyədə 31 mart bələdiyyə seçkiləri başa çatsa da, seçkinin nəticələri ətrafında gərgin proseslər yaşanmaqdadır. Hazırda seçkinin nəticələri ilə yanaşı, bundan sonra nələrin baş verə biləcəyi də ölkədə geniş təhlil edilir. Əsasən də seçkidə Ankara, İstanbul, İzmir və digər iri şəhərlərdə müxalifət partiyalarının namizədlərinə uduzan hakim partiya AKP ətrafında ciddi çaxnaşmaların baş verə biləcəyi proqnozlaşdırılır. 
Hətta təhlillər göstərir ki, vəziyyət AKP-nin xeyrinə olmayan tərzdə dəyişə bilər. İddialara görə, hakim partiyanın seçkidə arzuladığı nəticəni ala bilməməsi Türkiyənin sabiq baş naziri, xarici siyasətin "hocası” sayılan Əhməd Davudoğlunu hərəkətə keçirib. İndiki məqamda onun aktiv siyasətə qayıdacağı, ətrafına yığdığı narazılarla yeni partiya təsis edəcəyi bildirilir. Yeni qurulacaq partiyada Davudoğlu ilə yanaşı, keçmiş xarici işlər nazirləri Ali Babacan, Bülənt Arınc, eks-prezident Abdulla Gül, Mehmet Şimşək və digər nüfuzlu şəxslərin də yer ala biləcəyi deyilir.
İddia ilə bağlı "Sherg.az"a danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, əslində Türkiyədə AKP-dən narazı kütlənin yeni partiya yaratma ehtimalı yox, yarandığı halda partiyanın özünü nə dərəcədə doğruldacağı müzakirə olunur. 
Ekspertin sözlərinə görə, siyasi tarixdə partiyadan müəyyən qüvvələrin aralanması ənənəsi mövcuddur: "Partiyanın yaranmasından və siyasi hökmranlığından müəyyən zaman keçdikdən sonra ayrılmalar, başqa təşkilatlara transferlər olur. Türkiyənin siyasi tarixində qurumdan ayrılanların yeni partiya qurması və uğur qazanması 1946-cı ildə çoxpartiyalı sistemə keçidlə, yəni Demokrat Partiyasının qurulması ilə mümkün olub. Qalan hallarda partiyadan ayrılıb özünə yeni siyasi təşkilatlar quranlar uğur əldə etməyiblər. Köhnə partiya ümumilikdə ləğv olunursa və yerində bir neçə partiya qurulursa, o zaman yeni qurumların güclənmə ehtimalı var. Məsələn, hakim AKP bu cür meydana gəlib. Əvvəlki partiya mövcud ikən ondan ayrılıb yeni təşkilat formalaşdırmaq tendensiyası böyük effekt yaratmır. Ən ciddi problem Milliyətçi Hərəkat Partiyasında yaşanırdı. Partiya uzun müddət böhran keçirdi və nəticədə partiyanın əhəmiyyətli hissəsi populyar, mediada və cəmiyyətdə tanınan bir şəxsin ətrafına yığıldı. Meral Akşenerin rəhbərliyi ilə İyi Partiya yaradıldı. Ancaq MHP olduğu kimi yerində qaldı. Halbuki MHP-dən ayrılan millətçilər kifayət qədər nüfuzlu şəxslər idi”.
Analitik vurğulayıb ki, AKP uzun müddət hakimiyyətdə olduğu üçün zaman-zaman rəhbərliyə qarşı müəyyən etirazlar formalaşır: 
"MHP başqanı Dövlət Baxçalıya da məhz bu fonda narazılıq meydana çıxmışdı. Belə narazılıqlar uzun müddət davam edir. Problem ondadır ki, AKP-dən küskün düşən siyasilər, məsələn, Əhməd Davudoğlu, Abdullah Gül, Bülənt Arınc və başqaları Ərdoğanla partiya daxilində mübarizə apararkən konkret mövqe ortaya qoymayıblar. Bu, çox vacib məqamdır. Bu şəxslərin heç biri Ərdoğanla kəllə-kəlləyə gəlmək fikrində deyillər. 
Mövqeləri haçalananda partiya rəhbərliyinə qarşı gəlməyiblər. Əksinə, Ərdoğanın qəbul etdiyi bütün qərarları hörmətlə qarşılayıblar, hətta tərifləyiblər. Bu cür şəraitdə ayrıca partiya qurmaq çətin məsələdir. Düzdür, bəhs edilən şəxslər kifayət qədər hörmətli və nüfuzlu adamlardır. Lakin heç vaxt Ərdoğanla rəqabətə girməyiblər. "Vurulduqdan” xeyli müddət keçəndən sonra nəsə etməyə cəhd ediblər, vəssalam. Yeni partiyanın yaranması bir halda mümkündür ki, təşkilat çox ciddi böhran keçirsin, parçalansın. Yəqin ki, narazılar da belə bir fürsət gözləyirlər. Fürsət yetişəndə artıq cəmiyyət özü tələb edəcək ki, Türkiyəyə siz lazımsız”.
İsmayıl