Türkiyə XİN: Yunanıstan törətdiyi vəhşilikləri ört-basdır etməyə çalışır

Yunanıstan Türkiyəyə qarşı əsassız iddialar irəli sürməklə məğlubiyyətini və törətdiyi ağır vəhşilikləri ört-basdır etməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Türkiyə Respublikasının qurucusu, Ulu Öndər Mustafa Kamal Atatürkün Samsuna gələrək Yunanıstan da daxil olmaqla işğalçı qüvvələrə qarşı milli mübarizəyə başladığı 19 may 1919-cu il türk xalqı tərəfindən "Atatürkü Anma, Gənclik və İdman Günü" kimi coşğu ilə qeyd olunub. Yunanıstan 1994-cü ildə milli səviyyədə qəbul etdiyi "Pontus" iddiası ilə bağlı qanunvericiliklə ölkəmizə qarşı hüquqi cəhətdən əsassız iddialar irəli sürür və heç bir tərəddüd etmədən bu əsassız iddiaları daim genişləndirir.Təhsil Nazirliyi tərəfindən verilən bir sərəncama əsasən, bu, ölkə daxilində ibtidai və orta məktəblərdə uşaqlara bir fənn kimi tədris olunur. "Meqali ideyası"nı gerçəkləşdirməyə yönəlmiş işğal cəhdində uğursuzluğa düçar olan Yunanıstan ölkəmizə qarşı əsassız "Pont" iddiasını irəli sürməklə məğlubiyyətini və törətdiyi ağır vəhşilikləri ört-basdır etməyə çalışır. Yunan ordusunun törətdiyi vəhşiliklər Müttəfiq Təhqiqat Komissiyasının hesabatlarında və Lozanna Müqaviləsinin 59-cu maddəsində qeydə alınıb" - deyə məlumatda qeyd olunur.

XİN bəyan edib ki, Yunanıstan hakimiyyəti tarixi siyasi mənfəət üçün istismar siyasətini dayandırmalı və 1821-ci ildə Tripoli qırğınından başlayaraq türklərə və digər etnik qruplara qarşı törədilən vəhşilikləri, eləcə də 15 may 1919-cu ildə İzmirin işğalı cəhdi ilə başlayan və Qərbi Anadoludakı türklərə və digər etnik qruplara qarşı davam edən qırğınları xatırlamalıdır.

"Faktları təhrif etmək və tarixdən düşmənçilik çıxarmaq əvəzinə, Yunanıstanı ikitərəfli münasibətlərimizi sülh və əməkdaşlıq şəraitində inkişaf etdirəcək bir yanaşma qəbul etməyə dəvət edirik" - deyə XİN bəyan edib.