ÜAK bitdi...

Əhməd Qəşəmoğlu deyib ki, hökmən yeni qurum yaradılmalı və yola davam edilməlidir
“Komanda seçilərkən tərəfbazlıq, tanışbazlıq kimi prosesə ziyan vuran amillər kənara qoyulmalıdır”

Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə etirazlar səngimir. Ölkə ictimaiyyəti Rusiya dövlət orqanlarının bu addımını Azərbaycana qarşı təzyiq, azərbaycanlılara qarşı isə təhqir kimi dəyərləndirirlər.

Xatırladaq ki, son prosesdən sonra ÜAK prezidenti Fazil Qurbanov Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. F.Qurbanov vurğulayıb ki, Ədliyyə Nazirliyinin məqsədi təşkilatın qeydiyyatını ləğv etdirmək olub. O bildirib ki, Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya Prezidenti Vladimir Putinə və baş naziri Dmitri Medvedyevə müraciət edilib. Əslində sonuncu məhkəməyə qədər qərarın müsbət olacağına ümidlər var idi. Lakin gözləntilər özünü doğrultmadı. Bu baxımdan əksəriyyət hesab edir ki, yekun qərar ciddidir və ölkəmizə təzyiq xarakteri daşıyır. Amma təşkilatın qapadılmasını faciəyə çevirməyin lüzumsuz olduğunu, yerinə başqa bir qurumun yaradılmasını düşünənlər də var. 

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu da deyib ki, hökmən yeni qurum yaradılmalı və yola davam edilməlidir. Amma bir şərtlə:

"Yaxşı-yaxşı araşdırmaq lazımdır ki, bu qurum niyə ləğv edildi. Axı təşkilat yaradıldıqda onun bəlli bir təyinatı, missiyası var idi. İlk illər belə təsəvvür yaranırdı ki, qurum uğurla fəaliyyət göstərir. Sonra qurumun idarə heyətində, tərkibində dəyişikliklər baş verdi. 

Sonunda da ləğv edildi. İndi ÜAK-ın qarşısında duran vəzifələri daha uğurla yerinə yetirə bilən komanda seçməklə bu işi davam etdirmək lazımdır. Komanda seçilərkən tərəfbazlıq, tanışbazlıq kimi prosesə ziyan vuran amillər kənara qoyulmalıdır. Oraya ilk növbədə bacarıqlı, Azərbaycan dövlətçiliyinə sədaqətli, Azərbaycan hökuməti ilə dost əlaqədə olan kadrlar seçilməlidir”.

İsmayıl