"ÜAK-ın ləğvi Rusiya ilə münasibətlərimizdə soyuqluq yaratsa..." - Deputat




"ÜAK-ın ləğvi ilə Rusiya ictimai-siyasi həyatında heç bir dəyişiklik baş verməyəcək”.

Bunu "Sherg.az”a Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvindən sonrakı vəziyyəti şərh edərkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, konqresdən başqa Rusiyanın ən böyük şəhərlərində azərbaycanlıların təşkilatları, diasporaları fəaliyyət göstərir:

"Bu qurumlar yüksək səviyyədə çalışır. Müvafiq bölgələrdə fəaliyyəti hiss olunan səviyyədə onlar mövcuddurlar. Rusiyaya elə təşkilat lazımdır ki, Kremldən idarə olunsun. Kremlin tapşırıqlarını yerinə yetirən, yeri gələndə öz ölkəsinə - Azərbaycana qarşı çıxışlar edə bilən təşkilat istəyirdilər. ÜAK isə elə quruldu ki, Rusiyanın təsir dairəsindən çıxdı.

Azərbaycan dövlətinin, xalqın maraqları öz əksini tapmağa başladı. Bu isə təbii ki, Kremlə sərf etmədiyindən, o öz bildiyini etdi. Ancaq əsas məsələ odur ki, azərbaycanlıların Rusiyada güclü mövqeyi, təsirləri var. Fəaliyyət dairəmiz bütün sahələrdə genişlənir.

ÜAK-ın ləğvi Rusiya ilə münasibətlərimizdə soyuqluq yaratsa da, bundan məyus olmamalıyıq. İşimizi yenidən elə istiqamətdə qurmalıyıq ki, konqresin bərpasına da nail olaq, qonşu ölkə ilə münasibətlərimizi də gündən-günə inkişaf etdirək. Dostluq şəraitində yaşamalıyıq, çünki qonşuyuq, insanlarımız orada yaşayır. Onların yaşayışına da xələl gətirə biləcək addım atmamalıyıq”.

Qeyd edək ki, Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apellyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Aysel Aslan