Elşən Manafov: “Qərb dövlətləri Türkiyə ilə terror “dilində” danışaraq, qardaş ölkəni siyasi mövqeyindən vaz keçirməyə çalışırlar”
Qabil Hüseynli: “Türkmənistan böyük türk ailəsinə inteqrasiya edəcək”
Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Qafqazda yaradılmış üçlü mexanizmlərin uğurlu şəkildə davam etdirildiyini diqqətə çatdıran nazir əlavə edib ki, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür.
Xatırladaq ki, türkiyəli nazir tərəfindən anonsu verilən üçlü mexanizmlərdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran formatları yaradılıb, prezidentlər səviyyəsində görüşlər keçirilib. Bu hadisələrdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasını da təklif edib. Ekspertlərə görə, bu cür formatlar region dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir.
Politoloq Elşən Manafov da düşünür ki, üçlü formatların yaradılması milli təhlükəsizlik baxımından faydalıdır:
"Təhlükəsizlik məsələsi bütün dövlətlər üçün bir nömrəli problem olaraq qalmaqdadır. Hazırda regionda baş verən hadisələr, xüsusən Suriya probleminin həlli istiqamətində Türkiyə və Rusiyanın atdığı addımlar, İranın proseslərə müdaxilə etməsi, ABŞ-ın yeni prezidentinin planları adı çəkilən dövlətlərin ortaq mövqedən çıxış etməsini şərtləndirir. Artıq bu cür formatlar zəruri hala gəlir. Keçən ilin avqustunda Bakıda Azərbaycan İran və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən sammitdə bu istiqamətdə ilk addımlar atıldı. Bir müddət sonra Ərdoğanın Rusiyaya səfəri zamanı Türkiyənin də üçlü formatlarda yer almaq istədiyini bəyan etməsi tərəflərin bu işdə maraqlı olduğunu göstərdi. Amma Qərbin belə təşəbbüslərdən narahat olduğu dərhal özünü büruzə verdi. Türkiyənin NATO üzvü olduğunu bəhanə edən bəzi dairələr Ankaranın digər ittifaqlarda təmsil olunmasına qısqanclıqla yanaşdılar. Ona görə də Qərb dövlətləri Türkiyə ilə terror "dilində” danışaraq, qardaş ölkəni siyasi mövqeyindən vaz keçirməyə çalışırlar”.
Ekspert bildirib ki, Orta Asiyanın önəmli ölkəsi olan Qazaxıstan bölgənin digər dövlətləri ilə regional və subregional təşkilatlarda əməkdaşlıq edir, milli təhlükəsizlik proqramlarında yer alır:
"Qazaxıstanın Rusiya ilə Avrasiya İttifaqı çərçivəsində, Azərbaycan və Türkiyə ilə isə TÜRKSOY çərçivəsində sıx əlaqələri var. Türkmənistan və Gürcüstan da format yaratmaq baxımdan mühüm dövlətlərdir. Azərbaycan isə hər baxımdan bölgənin digər ölkələrindən fərqlənir. Ölkəmiz Şərqlə Qərbi birləşdirən tranzit yolların üzərində yerləşir. Bu baxımdan Azərbaycana maraq böyükdür”.
Politoloq Qabil Hüseynli də hesab edir ki, Türkiyə və Azərbaycanın format yaratmaq təşəbbüsləri təqdirəlayiqdir:
"Gürcüstanla belə bir format var, indi Türkmənistanla yaradılması planlaşdırılır. Çünki Azərbaycan-Türkmənistan münasibətlərində müəyyən qədər soyuqluq hiss edilir. Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələdə ciddi fikir ayrılığı qalmaqdadır. Xüsusilə, Türkmənistan Xəzərdəki "Günəşli” yatağına iddia edir və onu "Sərdar” yatağı adlandırır. Azərbaycan yatağın birgə işlənməsinə dair təklif irəli sürüb. Qarşı tərəf isə hələki buna cavab vermir. Amma güman edirəm ki, Türkiyənin səyləri ilə baş tutacaq üçtərəfli görüşdə bu məsələləri nizama salmaq mümkün olacaq. Türkmənistan da böyük türk ailəsinə inteqrasiya edəcək”.
Türkmənistanın İrana təbii qaz ixracını dayandırmasına da toxunan politoloq bunu həm iqtisadi, həm də siyasi səbəblərlə əlaqələndirib:
"Türkmənistan yeni tariflər tətbiq edilməsini istəyir, İran isə buna razı olmur. Bu mənada qazın verilməsi dayanıb. İki ölkənin münasibətlərində müəyyən qədər soyuqluq var. Eyni zamanda bu yaxınlarda Prezident Həsən Ruhaninin İrəvana rəsmi səfəri zamanı enerji sahəsində bir sıra sənədlər imzalandı. İran Türkmənistan qazını Ermənistana çıxarmaq istəyir. Qaz ixracının dayandırılmasında bunun da təsiri ola bilər. Ona görə də üçlü formatı tezləşdirmək lazımdır ki, Ruhanilər, müxtəlif fars şovinistləri türk dövlətlərinin qazından öz siyasi məqsədləri üçün istifadə etməsinlər”.
İsmayıl