Son zamanlar ölkəmizdə demək olar ki, hər gün yeni bir dönərxana fəaliyyətə başlayır. Əhaliyə ucuz və keyfiyyətsiz məhsul satan bu dönərxanaların sayı kimi onlar barədə şikayətlər də gündən-günə artır. Dönərin keyfiyyətsiz məhsullardan hazırlanması və dönərxanalarda gigiyenik qaydalara əməl olunmamasına dair narazılıqlar səngimir. Biz də "Sherg.az” olaraq hər zamankı kimi vətəndaşların şikayətlərinə biganə qalmadıq. Paytaxtda yerləşən bir neçə dönərxananın yaxınlığında sakinlər arasında "Dönərlərin keyfiyyəti sizi qane edirmi?" sualı ilə sorğu keçirib,onların narahatlıq və narazılıqlarını dinlədik.
Dönəri xoşlayıram
Suallarımızı ilk olaraq cavablandıran paytaxt sakini Samir Vəliyev dönərlə bağlı heç bir şikayət etmədi:
"Uzun müddətdir ki, dönər yeyirəm, xoşum gəlir. Düzdür, dönərin zərərli olduğunu deyirlər. Amma buna inanmıram. Çünki onun indiyə qədər pis bir təsirini görməmişəm. Dönərin bir çox çeşidlərini dadmışam. Mənə görə, onların içərisində ən yaxşısı basdırmalı toyuq dönəridir. Ucuz və bahalı dönərin fərqinə gəldikdə də təbbi ki, qiyməti baha olan daha kefiyyətli və dadlı olur. O qədər də bahalı dönər yeməmişəm. Yediklərimin içərisində ən bahalısı 5 manatlıq olub”.
Valdeynlərim narazılıq edir
İkinci kurs tələbəsi Nizami Quluzadə valdeynlərinin qadağalarına baxamayaraq dönərdən əl çəkmir:
"Elə gün olur ki, iki və ya üç ədəd dönər yeyirəm. Toyuq ətinin basdırmasından hazırlanan bol mayonezli dönərə heç vaxt yox deyə bilmirəm. Evdəkilər bunu yeməyimə görə narazılıq edirlər. Çox vaxt buna görə, atam və anamla dalaşırıq. Dönər ətinin və digər vasitələrin necə düzəldildiyi naməlum olduğunu bildirib, yeməyi qadağan edirlər. Amma yenə də öz istədiyimi edirəm. Çünki yolda gedərkən dönərin iyi gəlir. O vaxt daha da çox yemək istəyirəm”.
"Ucuz ətin nə şorbası ?!”
Digər paytaxt sakini Nasər Sadıqov dönəri o qədər də xoşlamır:
" Sadəcə, dostlarla birlikdə olduqda yeyirəm. Ümumiyyətlə, şəhərdə olan dönərxanaların əksəriyyəti natəmizdir. Bəzən çox dönər satsınlar deyə onun içərisinə əllərinə keçəni qatırlar. Məncə, bahalı dönər daha kehfiyyətlidir. Düzdür, hər dəfə bahalı dönər yemirəm. Amma ən azından onu yiyəndə bilirsən ki, təmizdir. Ona görə də ,çalışdığım qədər bahalı dönər yeyirəm. Həm də atalar belə bir məsəl deyib "ucuz ətin nə şorbası”.
Məcbur qalıb yeyirəm
Satıcı Tofiq Həsənov dönəri məcbur oluğu üçün yediyini söylədi: "
"Neçə illərdir, telefon mağazasında satıcı işləyirəm. İşlə evimin arası uzaq olduğu üçün günorta yeməyini burada yeyirəm. Burada da kafelərdə qiymətlər bahadır. Adi bir kafeyə gedib, normal yemək yeyəndə gündəlik qazancımın çoxunu hesabı bağlamaq üçün xərcləyirsən. Ona görə də hər gün günortalar bir manat 40 qəpiyə dönər alıb yeyirəm. Mənim üçün bahalı ya ucuz dönərin fərqi yoxdur. Bəlkə də bahalı dönər yemədiyim üçün mənə belə gəlir. Amma hər halda bahalı dönər daha yaxşı olar. Qiyməti baha olan məhsulların kefiyyəti və dadı yaxşı olur”.
Yediyim ən bahalı dönər 12 manatlıq olub
Tələbə Rəna Qiyaslı bahalı dönərin daha gigiyenik olduğunu iddia edir:"Dönəri əsasən universitet vaxtları daha çox yeyirəm. Çünki doyumludur, dərslərdə uzun müddət adamı tox saxlayır. Amma qalan hallarda az-az yeyirəm. Ümumiyyətlə, dönərlə aram pis deyil. İndiyə qədər yediyim ən bahalı dönər "Gənclik Mall"da 12 manatlıq olub. Onun dadı bizim yediyimiz bir-iki manatlıq dönərlərdən çox fərqli olur. Həmçinin içərisinə qatılan ət, tərəvəz və digər qatqılar keyfiyyətli və gigiyenik cəhətdən təmiz olur”.
Daha dönər yemirəm
Sənətkar Namiq Kərimov dönərdən iyrənir:
"31 yaşım var. Və neçə ildir ki, dönəri pisləsələr də yeməyə davam edirəm. Çünki indiki dövrdə sağlam heç nə yoxdur. Bütün yeyib, içdiklərimiz ziyandır. Guya tək dönərin zərərindən özümüzü gözləsək nə olacaq? Dönəri əvvəllər xoşlayırdım. İşdə hər gün dönər yeyirdim. İndi də ara-sıra gəlib alıram. Çünki bir ara çox yediyim üçün dönərdən diksinmişəm. Uşaqlarım dönəri çox sevir. Bəzən işdən evə gedəndə onlar üçün alıb, aparıram. Bahalı və ucuz dönərin fərqinə gələndə, deyim ki, aşağı qiymətə olan dönər yeyirəm. Bahalı dönər deyəndə qiyməti 25-30, 50 manatlıqlar nəzərdə tutulur. Biz fəhlə adamlarıq. Günümüzə 15-20 manat pul qazanırıq. Onunla da bu zaman ev, ailə saxlamaq olmur. Bir də üstəlik üç-dörd günümüzün pulunu dönərə versək, evdə uşaqlar nə yeyəcək? Bu vaxtdan sonra heç bahalı dönər yemək fikrim yoxdu. Ən yaxşısı bir-iki manatlıq dönərdir. Həm az pul verirsən, həm də doyursan”.
Pulum çatmır
Hazırlığa tələsən Məhəmməd Orucovu yolundan saxlayıb, fikirlərini öryəndik.
"Abituriyent olduğum üçün hazırlıqlarda oluram. Evdə yimək yeyib, çıxsaq da, hazırlıqlar arasında acırıq. Üstümüzdə olan pula da yalnız dönər ala bilirik. Əvvəllər evdən dönər yeməyə icazə verməsələr də, sonradan qarışmadılar. Biz də belə hazırlıq arası hər gün dönər alırıq. Bahalı dönərdə yemirəm. Çünki pulum az olur. Həm yol xərcləri, həm də bahalı dönərə pul çatmır”.
Hər müştərinin bir xarakteri olur
Uzun zamandır dönərdən pul çıxaran satıcı Elşən Abbasov işinin çətinliyindən söz açdı:"Səkkiz ildir ki, dönərçi işləyirəm. Çətin peşədir. Amma onu da deyim ki, indiki dövrdə heç nə asan deyil. İşin ən çətin tərəfi də gün boyu fərqli müştərilərlə qabaqlaşmağımdır. Çünki hər kəs də fərqli xüsusiyyət var. Hər gün səhər-səhər gəlib, dönərin ətini, onun icərisinə qoyduqlarım tərəvəzləri hazırlayıram. Demək olar ki, işim yaxşıdır. Hazırladığım toyuq basdırmalı dönəri xoşlayırlar. Çox vaxt dəzgahı tez yığıram. Satdığım dönərin həm dadı yaxşıdır, həm də qiyməti sərfəlidir. Bahalı dönərlər bizimkilərdən elə də fərqlənmir. Sadəcə, onlar böyük, lüks kafelərdə satırlar. Biz də kiçik yerlərdə işimizi davam etdiririk. Ona görə də, bizdə qiymətlər aşağıdır. Həmçinin qiymətin aşağı olması yaxşıdır. Əlimizdə imkan olsa, daha sərfəli qiymətlərlə əhaliyə xidmət göstərərik. Amma biz də ət, çörək, tərəvəz və digər inqrediyentlərə pul veririk. Həm də balaca yeri kirayə götürmüşük. Gərək onun da pulunu çıxaraq, evə də qazanc aparaq. Bütün bunları nəzərə aldıqda bir manat 40 qəpik elə də bahas deyil”.
Hazırladı: Kənan Eynuroğlu
+